X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev
Bölmələr

Ədliyyə orqanları ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesinə önəmli töhfələr verir


Ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinin bərpa etmiş Azərbaycan Respublikası könüllü olaraq hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçmiş, yeni dövrün tələblərindən irəli gələrək zəruri qanunverici və institusional tədbirlər həyata keçirmiş, dövlətin hüquq sisteminin təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. İnsan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı baxımından ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi də zəruri sayılmış, Ədliyyə Nazirliyinin səlahiyyətlərinə və funksiyalarına yenidən baxılmışdır.

Azərbaycanda digər həyati əhəmiyyətli sahələrdə olduğu kimi, ədliyyə sahəsində də ardıcıl və sistemli islahatların aparılması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra tarixi ənənənələri bərpa edərək ədliyyə orqanlarına yüksək diqqət və qayğı ilə yanaşmış, bu sahədə yeni dövrün tələblərindən irəli gələn islahatların aparılmasını təmin etmişdir. Ümummilli liderin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilərək Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi tarix - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü elan olunmuşdur. Bu günlərdə yaranmasının 100-cü ildönümü qeyd edən Azərbaycan ədliyyəsinin çoxsaylı kollektivi ulu öndərin bu tarixi sərəncamını daim böyük minnətdarlıq duyğuları ilə xatırlayırlar.

Tarixi faktlara əsasən Azərbaycan Xalq Cümhuriyyətinin kifayət qədər mürəkkəb mərhələdə də demokratik ideallardan geri çəkilmədiyini, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atdığını, ədalətə və qanunçuluğa tapındığını, vətəndaş cəmiyyəti təsisatlarını əzmlə inkişaf etdirdiyini əminliklə demək olar. 100 illik inkişaf yolu keçmiş Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-dən - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir.

Ədliyyə Nazirliyi o dövrdə şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı istiqamətind xeyli iş görmüş, eyni zamanda, əhalinin hüquqi maarifləndirilməsi, mətbuatın və vətəndaş cəmiyyətinin digər mühüm atributlarının inkişafı istiqamətində mühüm addımlar atılmışdır.

Xatırlatmaq lazımdır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı Bakıda neft sənayesinin inkişafı və orta burjuaziyanın formalaşması ilə əlaqədar XIX əsrin ikinci yarısından başlamış, XX əsrin əvvəlindən bu proses daha geniş vüsət almışdır. Hələ 1872-ci ildə görkəmli ədib və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycanda ilk xeyriyyə təşkilatı yaradılmış, sonrakı mərhələdə böyük mütəfəkkirin xeyriyyəçilik ənənəsini Azərbaycanın milli ruhlu milyonçuları - H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Muxtarov, M.Nağıyev, İ.Aşurbəyli və başlaqaları davam etdirmişlər. Məhz onların ciddi dəstəyi ilə “Körpələr evi cəmiyyəti” (1899), “Hidayət” (1904), “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” (1905-ci il), “Nəşri-Maarif” (1906), “Nicat” (1906), “Səadət” (1907), “Səfa mədəni-maarif cəmiyyəti” (1910), “Qadın dərnəyi təşkilatı” (1915) kimi cəmiyyətlər yaradılmış və millətin imkansız övladlarının maariflənməsində əhəmiyyətli rol oynamışlar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə sosialyönümlü 56 cəmiyyət fəaliyyət göstərirdi. 1919-cu il 30 oktyabr tarixində Cümhuriyyət parlamenti "Mətbuat haqqında Nizamnamə"ni qəbul etməklə Azərbaycan mətbuatının hüquqi bazasının əsasını qoymuşdur. İlk milli mətbuat orqanı olan "Əkinçi" qəzetinin nəşrindən 28 may 1918-ci ilə qədər cəmi 40 adda qəzet nəşr olunurdusa, Azərbaycan Xalq Cümhuriyyəti dövründə onların sayı 200-ə çatmış, habelə rəsmi dövlət orqanı - "Azərbaycan" qəzetinin əsası qoyulmuşdu.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu istiqamətdə real addımlar atılmış, ədliyyə orqanlarında aparılan sistemli islahatlar bu orqanın cəmiyyətdəki layiqli yerini təmin etmişdir. Ulu öndərin təşəbbüsü ilə 1995-ci ilin noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların birləşmək, o cümlədən siyasi partiya, qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqı və digər birliklər yaratmaq və ya mövcud birliyə daxil olmaq hüquqları da təsbit edilmiş, həmin birliklərin sərbəst fəaliyyətinə təminat yaradılmışdır.

Müstəqil Azərbaycanda ictimai həyatın demokratikləşdirilməsinin və hüquqi-siyasi islahatların dərinləşdirilməsinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin ötən 20 ildə sürətli iqtisadi və siyasi inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və inkişaf etdirmək sahəsində dövlətin imkanlarını genişləndirmişdir.

QHT sektorunun inkişafında 1998-ci il tarixli "Qrant haqqında" və 2000-ci il tarixli "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunların qəbulu mühüm rol oynamışdır. Vətəndaş cəmiyyətinin inkişafı məqsədilə 1999-cu il iyun ayının 11-də 95 QHT tərəfindən Azərbaycan Milli QHT Forumu (MQF) təsis edilmişdir. Hazırda bu ictimai koalisiya 675 təşkilatı özündə birləşdirir.

Son 15 ildə cəmiyyət həyatının ən müxtəlif sahələrində islahatları yüksək dinamizmlə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyev ədliyyə sisteminin müasirləşdirilməsi və bu orqanın cəmiyyətin hüquq sistemindəki layiqli yerinin möhkəmləndirilməsi məqsədilə bir sıra mühüm fərman və sərəncamlar imzalamışdır. 2003-cü ildə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında" Qanunun qəbul edilməsi hüquqi şəxslərin, o cümlədən QHT-lərin qeydiyyatını asanlaşdırmış, vətəndaş quruculuğu prosesinə yeni təkan vermişdir.

Bundan əlavə, 2006-cı il 18 aprel tarixli «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə», 17 avqust 2006-cı il tarixli «Ədliyyə orqanlarının inkişafı haqqında» Fərman və digər mühüm sənədlərin qəbulu ədliyyə orqanlarının inkişafı baxımından əhəmiyyətli olmuşdur.

17 avqust 2006-cı il tarixli fərmana əsasən dövlət qeydiyyatı işinin sadələşdirilməsi, fiziki və hüquqi şəxslərə göstərilən notariat xidmətinin səmərəliliyinin artırılması məqsədilə Hüquqi şəxslərin dövlət qeydiyyatı və Notariat və vətəndaşlıq vəziyyəti aktları idarələrinin əsasında Qeydiyyat və Notariat Baş İdarəsi yaradılmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixdə imzaladığı «Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında» sərəncam dövlətlə qeyri-hökumət sektoru arasındakı əməkdaşlığın inkişafı, vətəndaş cəmiyyəti quruculuğu prosesinin daha da sürətləndirilməsi, bu sektorun fəaliyyətini dəstəkləmək sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi baxımından mühüm addım olmuşdur. Konsepsiya ilə Azərbaycan Respublikasında qeyri-hökumət sektorunun vəziyyətinin təhlili, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet sahələri, təmin olunmasının əsas vasitələri müəyyən edilmişdir.

Konsepsiya əsasında, həmçinin, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması ilə respublikada qeyri-hökumət təşkitlatlarına dövlət dəstəyi ardıcıl və sistemli xarakter almış, vətəndaş cəmiyyətinin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Hazırda QHT-lərə Dövlət Dəstəyi Şurası ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu vətəndaş cəmiyyətləri institutlarına maliyyə dəstəyi göstərir.

Azərbaycan Respublikası Prezidentinin "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 noyabr 2013-cü il tarixli fərmanına uyğun olaraq nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış təşkilatlar üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılmış və bu sistemə 14 dövlət qurumu və bütün qeyri-kommersiya qurumları daxildir.

2016-cı ildə dövlət orqanları və QHT-lərin iştirakı ilə Açıq Hökumətin yaranmasına dəstək verən, dövlət orqanları və qeyri-hökumət təşkilatlarının təmsil olunduğu (10 dövlət qurumu, 31 qeyri-hökumət təşkilatı) "Açıq hökumət-vətəndaş cəmiyyəti dialoqu platforması"nı yaradılması bu istiqamətdə mühüm addımlardan olmuşdur. Eyni zamanda, Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə və qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində səmərəli iş aparılmış, nazirlikdə nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İctimai Komitə yaradılmışdır. QHT-lər qanunvericilik aktlarının layihələrinin müzakirəsinə, kollegiya iclaslarına dəvət edilir, müxtəlif məsələlər üzrə fikirlərini səsləndirir, təkliflər verir, nümayəndələri penitensiar müəssisələrdə monitorinqin keçirilməsində, amnistiya aktının icrasında, həmçinin Ədliyyə orqanlarına qulluğa qəbul prosesində, hakimlərin və notariusların imtahanlarında müşahidəçi qismində iştirak edirlər.

Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları ilə yanaşı, siyasi partiya və kütləvi informasiya vasitələrinin də qeydiyyatı prosesi həyata keçirilir. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 55 siyasi partiya mövcuddur. Eyni zamanda, Ədliyyə Nazirliyində ümumilikdə 5000-dən çox mətbu nəşrin uçota alınması da vətəndaş cəmiyyəti quruculuğuna sanballı töhfədir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda tarixən ənənələri olan xeyriyyəçilik missiyasının dirçəldilməsi və yaşadılması ictimai statusda fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Fond fəaliyyət göstərdiyi ötən 14 il müddətində təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini vermişdir. Qarşıya qoyulan bütün ləyihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevə insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanmışdır. Fond ölkəmizin dünyada təbliği və milli-mənəvi dəyərlərimizin tanıdılması istiqamətində müasir Azərbaycanın tarixinə yeni şərəfli səhifələr yazmışdır.

Ədliyyə orqanlarının 100 illik yubileyi təkcə bu orqanın deyil, ölkənin demokratikləşməsi, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaş cəmiyyəti təsistalarının inkişafı kursunun bütün tərəfdarlarının, sivil cəmiyyətə qovuşmaq əzmini nümayiş etdirən Azərbaycan xalqının bayramıdır.

 

 

Aytən Abbasova,

Ədliyyə Nazirliyinin

Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti

idarəsinin aparıcı məsləhətçisi,

2-ci dərəcəli ədliyyə qulluqçusu

Keçidlər