X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Ölüm cəzasının ləğvinə dair 6 saylı Protokolu

Strasburq, 28.IV.1983

4 noyabr 1950-ci ildə Romada imzalanmış İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (sonradan «Konvensiya» adlanacaq) bu Protokolunu imzalayan Avropa Şurasının üzv dövlətləri, Avropa Şurasının ayrı-ayrı üzv dövlətlərində baş vermiş təkamülün, ölüm cəzasının ləğv olunması xeyrinə ümumi tendensiyanı ifadə etdiyini nəzərə alaraq; aşağıdakılar barədə razılığa gəldilər.

Maddə 1. Ölüm cəzasının ləğvi

Ölüm hökmü ləğv olunur. Heç kəs belə cəzaya məhkum edilə və ya belə cəzalandırıla bilməz.

Maddə 2. Müharibə zamanı ölüm cəzası

Dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər; bu cür cəza yalnız qanunla müəyyən olunmuş tələblərlə və onun müddəalarına müvafiq olaraq tətbiq edilə bilər. Dövlət həmin qanunun müvafiq müddəaları haqqında Avropa Şurasının Baş Katibinə məlumat verir.

Maddə 3. Geri çəkilmənin qadağan olunması

Konvensiyanın 15-ci maddəsinə əsasən, bu Protokolun müddəalarından geri çəkilmək olmaz.

Maddə 4. Qeyd-şərtlərin qadağan olunması

Konvensiyanın 57-ci maddəsinə əsasən, bu Protokolun müddəaları ilə bağlı qeyd-şərt edilə bilməz.

Maddə 5. Ərazi tətbiqi

1. Hər bir dövlət imzalanma zamanı və ya özünün ratifikasiya, qəbul və təsdiq etmə sənədini saxlanmaya verərkən bu Protokolun tətbiq ediləcəyi ərazini və yaxud əraziləri göstərə bilər.

2. Hər bir dövlət sonradan istənilən vaxt Avropa Şurası Baş Katibinin adına ünvanlaşmış bəyanatla, bu Protokolun bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. Bu əraziyə münasibətdə Protokol Baş Katibin belə bəyanatı aldığı tarixdən sonrakı ayın birinci günündən etibarən qüvvəyə minir.

3. Əvvəlki iki bənd əsasında verilmiş istənilən bəyanat, belə bəyanatda göstərilmiş hər hansı əraziyə münasibətdə Baş Katibə ünvanlanmış bildiriş vasitəsilə geri götürülə bilər. Geri götürülmə Baş Katib tərəfindən belə bildirişin alındığı tarixdən sonrakı ayın birinci günündən etibarən qüvvəyə minir.

Maddə 6. Konvensiya ilə müqayisə

İştirakçı Dövlətlər bu Protokolun 1-5-ci maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri kimi nəzərdən keçirirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.

Maddə 7. İmzalama və ratifikasiya

Bu Protokol Konvensiyanı imzalamış Avropa Şurasının üzv dövlətlərinin imzalaması üçün açıqdır. O, ratifikasiya, qəbul və təsdiq edilməlidir. Avropa Şurasının üzv dövlətləri Konvensiyanı eyni zamanda və ya əvvəlcədən ratifikasiya etmədən bu Protokolu ratifikasiya, qəbul və ya təsdiq edə bilməz. Ratifikasiya, qəbul və ya təsdiq etmə sənədləri Avropa Şurasının Baş Katibinə saxlanmaya verilir.

Maddə 8. Qüvvəyə minmə

1. Bu Protokol Avropa Şurasının beş üzv dövləti 7-ci maddənin müddəalarına müvafiq olaraq, Protokolun onlar üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.

2. Protokolun, onun üçün məcburiliyinə sonradan öz razılığını bildirmiş hər hansı üzv dövlət üçün o, ratifikasiya, qəbul və ya təsdiq etmə sənədlərini saxlanmaya verildiyi tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.

Maddə 9. Depozitari funksiyası

Avropa Şurası Baş Katibi Şuranın üzv dövlətlərini aşağıdakılar barədə xəbərdar edir:

a) hər hansı imzalama;

b) ratifikasiya, qəbul və ya təsdiq etmə sənədini saxlanmaya verməsi;

c) 5-ci və 8-ci maddələrə müvafiq olaraq, bu Protokolun hər hansı qüvvəyə minməsinin tarixi;

d) bu Protokola dair digər akt, bildiriş və ya xəbərdarlıq.

Buna şahidlik edərək, lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

28 aprel 1983-cü ildə Strasburq şəhərində, hər iki mətni bərabər autentik olmaqla, ingilis və fransız dillərində, Avropa Şurasının arxivində saxlanacaq bir nüsxədə icra olunmuşdur. Avropa Şurasının Baş Katibi təsdiq olunmuş nüsxələri Avropa Şurasının hər bir üzv dövlətinə göndərəcəkdir.

25 dekabr 2001-ci il tarixli 236-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir

Keçidlər