X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

 

Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi

Qaydaları

Ümumi müddəalar

1.1 Bu Qaydalar Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq, Avropa Penitensiar Qaydalarını, bu sahədə digər beynəlxalq sənədlər nəzərə alınmaqla hazırlanmış və məhkumların islah olunmasında ictimaiyyətin (qeyri-hökumət təşkilatları, dini qurumlar, hüquq müdafiəçiləri, ictimai xadimlər) iştirakı, cəzaçəkmə müəssisələrində (bundan sonra — penitensiar müəssisələrdə) məhkumların qanunvericilikdə nəzərdə tutulmuş hüquq və azadlıqlarının təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.

Məhkumların islah edilməsində ictimaiyyətin iştirakının və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin məqsəd və prinsipləri

2.1. Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarət təyin olunmuş cəzanın məqsədlərinə nail olunması və bu müəssisələrin fəaliyyətinə kömək göstərilməsi məqsədi daşıyır.

2.2. Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakı qanunçuluq, obyektivlik, şəffaflıq, qərəzsizlik, məhkumlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin gücləndirilməsi prinsiplərinə əsaslanır.

2.3. Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi zamanı penitensiar müəssisələrin fəaliyyətinə müdaxilə etməyə, penitensiar müəssisələrin şəxsi heyətinin və məhkumların hüquqlarının pozulmasına yol verilmir.

2.4. Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakı bu Qaydaların 3-cü hissəsinə uyğun yaradılan ictimai Komitə vasitəsi ilə təmin edilir.

2.5. Penitensiar müəssisələrdə xüsusi saxlanma şəraitinin tətbiq olunması müddətində, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 77.1-ci maddəsində göstərilən hallar aradan qaldırılanadək İctimai Komitənin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır və ya dayandırılır.

İctimai Komitənin təşkili və üzvlərinə dair tələblər

3.1. İctimai Komitə məhkumların islah edilməsində və penitensiar müəssisələrin işinə ictimai nəzarətin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin geniş dairəsinin iştirakını təmin etmək məqsədilə əsasən hüquq müdafiə, hüquq maarifçiliyi, təhsil, səhiyyə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların birliklərinin, dini qurumlar və onların birliklərinin nümayəndələrindən, habelə görkəmli alimlərdən, mədəniyyət və digər ictimai xadimlərdən ibarət tərkibdə təşkil olunur.

3.2. İctimai Komitə, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən ibarət olan və üzvləri Ədliyyə Nazirliyi kollegiyasının qərarı ilə təsdiq edilmiş Seçki Komissiyası tərəfindən seçilir.

3.3. Seçki Komissiyasına ədliyyə naziri tərəfindən təyin edilən ədliyyə işçisi rəhbərlik edir.

3.4. Seçki Komissiyası öz iclaslarında təşkilatların təqdim etdikləri sənədləri öyrənir və namizədlər arasından İctimai Komitəyə iki il müddətində fəaliyyət göstərəcək üzvləri seçir. İctimai Komitəyə üzv seçilmiş şəxslərin siyahısı təsdiq edilmək üçün ədliyyə nazirinə təqdim edilir.

3.5. İctimai Komitə on bir nəfərə qədər üzvdən ibarət tərkibdə yaradılır.

3.6. Yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və ya biliyə malik, heç bir siyasi partiyanın üzvü olmayan, tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı İctimai Komitənin üzvü ola bilər.

3.7. Həqiqi hərbi xidmətdə olan, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya məhkumluğu ödənilmiş, lakin əvvəllər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər İctimai Komitənin üzvü ola bilməzlər.

3.8. Seçki Komissiyası İctimai Komitənin üzvlərinin səlahiyyət müddəti başa çatdıqdan sonra hər bir üzvün fəaliyyəti barədə yekun hesabatla tanış olur və fəaliyyətini qiymətləndirir. Fəaliyyəti zamanı bu Qaydalarda müəyyən edilmiş prinsipləri pozan, öz vəzifəsini layiqincə yerinə yetirməyən şəxslərin yenidən seçilməsinə yol verilmir.

3.9. İctimai Komitənin üzvlüyünə namizəd irəli sürmüş təşkilat məhkumların islah edilməsinə xidmət edən və həyata keçirilməsini vacib hesab etdiyi tədbirlər barədə müraciətini (proqram, layihə və s.) Seçki komissiyasına təqdim edir. Müraciətə namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilir. İctimai xadimlər öz təşəbbüsləri ilə, yaxud Seçki komissiyasının təşəbbüsü ilə İctimai Komitəyə üzv olmaq üçün müraciət edə bilərlər.

3.10. İctimai Komitənin tərkibi təsdiq edildikdən sonra onun ilk iclasında səsvermə yolu ilə Komitənin koordinatoru seçilir və ədliyyə naziri tərəfindən təsdiq olunur. Bundan sonra İctimai Komitə rəsmi fəaliyyətə başlamış hesab olunur.

3.11. Ədliyyə naziri İctimai Komitənin üzvlərini penitensiar müəssisələrə baş çəkmək səlahiyyəti verən sənədlə təmin edir, onun fəaliyyətinin koordinasiyası və işinin normal təşkilinə yardım məqsədilə tədbirlər görür.

Məhkumların islah edilməsində iştirakın formaları

4.1. Məhkumların islah edilməsində iştirakın əsas formaları aşağıdakılardır.

4.1.1. məhkumların ümumi təhsil almalarına, peşə hazırlığına kömək göstərilməsi;

4.1.2. məhkumların asudə vaxtının səmərəli təşkilinə, onların ictimai faydalı əməyə cəlb olunmasına kömək göstərilməsi;

4.1.3. penitensiar müəssisələrdə əxlaqi, hüquqi, əmək, fiziki və başqa tərbiyə tədbirlərinin həyata keçirilməsi;

4.1.4. məhkumların vicdan və dini etiqad azadlığının təmin olunmasına yardım göstərilməsi;

4.1.5. məhkumlara hüquqi yardım göstərilməsi;

4.1.6. məhkumlarla hüquqi maarifləndirmə işinin aparılması;

4.1.7. məhkumların ailə üzvləri, yaxın qohumları ilə görüşlərin keçirilməsi;

4.1.8. məhkumların görkəmli dövlət, elm, mədəniyyət, incəsənət xadimləri və idmançılarla görüşlərinin keçirilməsi;

4.1.9. məhkumların bədii özfəaliyyətlə məşğul olmasına kömək göstərilməsi;

4.1.10. məhkumlar üçün konsertlərin və digər mədəni tədbirlərin təşkil edilməsi;

4.1.11. cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlarla fərdi tərbiyə işinin aparılması;

4.1.12. əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumlara mənsub olduqları dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəlikləri və ya bu şəxslərə himayədarlığı üzərinə götürülmüş milli, yaxud beynəlxalq təşkilatlara müraciət etmək üçün kömək göstərilməsi;

4.1.13. qanunla qadağan olunmamış mənbələrdən maliyyələşdirilən, penitensiar müəssisələrin fəaliyyətinə uyğun olan və məhkumların islahına xidmət edən digər layihələrin həyata keçirilməsi;

4.1.14. məhkumların maddi-məişət və tibbi-sanitariya təminatının yaxşılaşdırılmasına kömək göstərilməsi;

4.1.15. məhkumlara və ya onların yaxın qohumlarına mənəvi, maddi və s. kömək göstərilməsi;

4.1.16. məhkumların azadlığa hazırlanması, onların cəza çəkməkdən azad edildikdən sonra yaşayış yeri, işlə təmin olunma, tibbi və sosial təminat, sosial-psixoloji reabilitasiya üzrə məsələlərin həllinə kömək göstərilməsi;

4.1.17. penitensiar müəssisələrin maddi-texniki bazasının gücləndirilməsinə kömək göstərilməsi.

İctimai nəzarətin formaları

5.1. İctimai nəzarətin həyata keçirilməsinin əsas formaları aşağıdakılardır:

5.1.1. penitensiar müəssisələrdə saxlanma şəraiti, maddi-məişət, tibbi-sanitariya təminatı, məhkumların əməyə cəlb olunması, onlarla həyata keçirilən tərbiyə işi, ümumi təhsil, peşə təhsili və peşə hazırlığı işinin təşkili ilə tanış olmaq;

5.1.2. penitensiar müəssisələrdə keçirilən kütləvi tədbirlərdə iştirak etmək, işçi heyəti və məhkumlarla görüşlər keçirmək;

5.1.3. penitensiar müəssisələrdə məhkumların qəbulunu keçirmək, onların hüquq və azadlıqlarının pozulmasına dair müraciətlərini qəbul etmək, onları müdiriyyət vasitəsi ilə aidiyyəti üzrə göndərmək;

5.1.4. penitensiar müəssisələrin nümayəndəsinə görmək imkanı verən, lakin eşitməyi istisna edən şəraitdə məhkumlarla təklikdə söhbət etmək;

5.1.5. aidiyyəti normativ-hüquqi aktlarla, habelə məhkumlar barəsində məhkəmə qərarları ilə tanış olmaq;

5.1.6. penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar müdiriyyətə müraciət etmək;

5.1.7. penitensiar müəssisələrin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar, habelə müəyyən olunmuş pozuntu və nöqsanların aradan qaldırılması üçün Ədliyyə Nazirliyinə tövsiyə xarakterli təkliflər vermək.

İctimai Komitənin işinin təşkili

6.1. İctimai Komitə öz işini təşkil etmək məqsədilə:

6.1.1. Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla öz iş qaydasını müəyyən edir;

6.1.2. yazılı müraciəti əsasında məhkumların islah edilməsində və ictimai nəzarətin həyata keçirilməsində iştirak edir (müraciətdə iştirakın müddəti, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və iştirak edən şəxslərin siyahısı göstərilir);

6.1.3. məhkumların islah olunmasında və ictimai nəzarətin həyata keçirilməsində iştirakla bağlı penitensiar müəssisənin müdiriyyəti ilə əlaqəli fəaliyyət göstərir;

6.1.4. Daxili İntizam Qaydalarına əməl etmək şərti ilə penitensiar müəssisələrə baş çəkmələr həyata keçirir (iki və yaxud daha artıq üzvdən ibarət tərkibdə);

6.1.5. penitensiar müəssisələrə başçəkmələr əsasında məhkumların hüquq və azadlıqlarının təmin olunması barədə hesabat hazırlayır və İctimai Komitənin müzakirəsinə təqdim edir;

6.1.6. İctimai Komitənin iclaslarına Ədliyyə Nazirliyinin, aidiyyəti penitensiar müəssisənin və kütləvi informasiya vasitələrinin nümayəndələrini dəvət edir;

6.1.7. penitensiar müəssisələrə başçəkmələrin və monitorinqlərin yekunları ilə əlaqədar müdiriyyətə məlumat və Ədliyyə Nazirliyinə yazılı hesabat təqdim edir;

6.1.8. Komitə üzvünün fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması, yaxud fəaliyyətinə xitam verilməsi üzrə qərarlar qəbul edir;

6.1.9. məhkumların islah olunması barədə hər hansı qeyri-hökumət təşkilatından daxil olmuş təkliflərə, layihələrə baxır, onların həyata keçirilməsini zəruri hesab etdiyi halda həmin təşkilatı islah işinə cəlb edir.

6.1.10. Vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün Komitə üzvləri ədliyyə fəaliyyətinin digər sahələri üzrə keçirilən tədbirlərə cəlb oluna bilərlər.

6.2. İctimai Komitə penitensiar müəssisələrə başçəkmə zamanı məhkumların hüquq və azadlıqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirir:

6.2.1. hərəkəti (hərəkətsizliyi) ilə məhkumların hüquq və azadlıqlarını pozmuş penitensiar müəssisələrində bu hüquq və azadlıqların təmin olunması ilə əlaqədar müdiriyyət qarşısında məsələ qaldırır, müraciətinə baxılmadığı, yaxud görülmüş tədbirlər onu qane etmədiyi təqdirdə, ədliyyə nazirinə müraciət edir;

6.2.2. hərəkəti (hərəkətsizliyi) ilə məhkumların hüquq və azadlıqlarını pozmuş penitensiar müəssisə əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə ədliyyə nazirinə tövsiyə xarakterli təklif verir;

6.2.3. penitensiar müəssisələrdə müsbət iş təcrübəsini yayır.

6.3. İctimai Komitə üzvlərinin aşağıdakı vəzifələri vardır:

6.3.1. öz hüquqlarını həyata keçirərkən bu Qaydalara və penitensiar müəssisələrin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlara, təhlükəsizlik qaydalarına riayət etmək, bu müəssisələrin müdiriyyətinin qanuni tələblərini yerinə yetirmək;

6.3.2. görülmüş işlər barədə kütləvi informasiya vasitələrinə obyektiv məlumat vermək;

6.3.3. məhkumlara qarşı münasibətdə nəzakətli olmaq.

6.4. İctimai Komitə üzvü onun yaxın qohumu penitensiar müəssisələrdə saxlanılarsa, habelə onun özü istintaqı aparılan cinayət işində təqsirləndirilən şəxs, zərərçəkən şəxs, şahid qismində iştirak etdikdə, İctimai Komitənin işində fəaliyyəti həmin andan müvəqqəti dayandırılır. İctimai Komitənin üzvü bu bənddə göstərilənlər barəsində Seçki Komissiyasına məlumat verməyə borcludur.

6.5. Ədliyyə Nazirliyi İctimai Komitənin yekun hesabatında göstərilmiş məsələlərlə bağlı tədbirlər görür və bu barədə bir aydan çox olmayan müddətdə İctimai Komitəyə məlumat verir.

İctimai Komitənin fəaliyyətinin təminatı

7.1. İctimai Komitə Azərbaycan Respublikası ədliyyə nazirinin yanında fəaliyyət göstərir.

7.2. İctimai Komitənin fəaliyyətinin maliyyə təminatı komitə üzvlərinin namizədliyini irəli sürmüş təşkilatlar tərəfindən həyata keçirilir.

7.3. Ədliyyə Nazirliyi İctimai Komitənin işinin nəzərdə tutulmuş qaydada yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirir.

Keçidlər