X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Sual-cavab

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ölkəmizin ərazisində vətəndaşların şəxsiyyətini təsdiq edən sənəd şəxsiyyət vəsiqəsidir.

Qanunun 4-cü və 7-ci maddələrinin tələbinə uyğun olaraq vətəndaş 25, 35, 50 yaşına çatdıqda və ya soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə və ya şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə bir ay ərzində şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

Göstərilən hallarda və müddətdə şəxsiyyət vəsiqəsi dəyişdirilmədikdə həmin sənəd qüvvədən düşmüş hesab edilir və onun əsasında hər hansı əməliyyat aparıla bilməz.

Müqavilə tərəflər arasında yaranacaq hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.

Müqavilə tərəflərdən birinin təklifinin digər tərəfin qəbul etiyi anda bağlanmış sayılır.

Müqavilə tərəflər arasında həmin müqavilənin ləğv edilməsi haqqında saziş bağlamaq yolu ilə ləğv edilir. Tərəflər arasında mübahisə olduğu hallarda isə müqavilənin ləğvi məhkəmə qaydasında reallaşır.

Ümumi ipoteka elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır. Borc verənin verdiyi borcun ödənilməsinin təminatı üçün borclunun girov qoyduğu əşyaların hər birindən istifadə edilir və öhdəlik borc verənin arzusu ilə istənilən əşya hesabına ödənillir.

Bu halda ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və məbləğləri göstərilməlidir. Bunun üçün tərəflərinin hüquq və vəzifələrin dəqiq tənzimləyən müqavilənin tərtib edilməsi üçün notariusa müraciət edilməsi məqsədəmüvafiq olardı.

Bir neçə ipoteka saxlayan (verilmiş borcun təminatı kimi xeyrinə əmlak girov qoyulmuş şəxs) vardırsa, bu şəxslərin tələbləri girov qoyulmuş əmlakın satışından əldə edilmiş gəlir hesabına onların bu əmlaka hüquqlarının qeydiyyat növbəliliyinə uyğun olaraq ödənilir.

Vərəsəlik dedikdə ölmüş şəxsin əmlakının başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə keçməsi başa düşülür.

Məcburi pay vəsiyyət üzrə vərəsəlik aparılarkən meydana çıxır. Vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının(ərinin) mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir.

Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə miras əmlakın qiymətli hissəsinin olduğu yer mirasın açıldığı yer sayılır.

Əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququn yarandığı gündən on il, müqavilə tələbləri üzrə münasibətlərdə isə üç ildən çox müddət keçməmişdirsə icra qeydləri aparılır.

Tərəflər arasında öhdəliyin yəni hər-hansı hüquq və vəzifələrin əmələ gəlməsi üçün onlar arasında bu vəzifələri yaradacaq müqavilə olmalıdır. Müqavilədə tərəflərin hüquq və vəzifələri dəqiq tənzimlənməlidir ki, sonradan yarana biləcək mübahisələrin qarşısı alınsın.

Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər:
əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə;
notariat orqanına ərizə verməklə;
Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.

Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

Etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o təsdiq edildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Təsdiq edildiyi tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.

Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiq edilməlidir. Hüquqi şəxsin verdiyi etibarnamə notariat qaydasında təsdiq edilmiş etibarnamə hesab edilmədiyindən, notariat qaydasında təsdiq edilməli ipoteka müqaviləsinin rəsmiləşdirilməsi üçün qəbul edilə bilməz.

Aidiyyəti orqanlardan əlavə məlumat və ya sənəd tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək üçün notariat hərəkətinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.

Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.

Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir.

Notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.

Vəsiyyətnamə - fiziki şəxsin ölməsi halı üçün özünə məxsus olan əmlak barəsində qanunla müəyyən olunmuş yazılı formada tərtib etdiyi xüsusi sərəncamdır. Vəsiyyətnamə bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu bir tərəfli əqd olduğundan, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs özünə məxsus olan əmlakın hamısını və ya onun bir hissəsini həm qanun üzrə vərəsələr sırasından, həm də kənar adamlar dairəsindən istənilən şəxsə, o cümlədən dövlət və bələdiyyə orqanlarına, hüquqi şəxslərə vəsiyyət edə, vərəsələrin miras paylarını müəyyənləşdirə, miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər.

Notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.

Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur Nikah müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Notariat qaydasında təsdiq olunmuş razılıq olmadıqda, bu əqd qanunvericiliklə müəyyən edilmiş müddətdə mübahisələndirilə bilər.

Bütün fiziki şəxslər miras qoyan ola bildiyi halda, dövlət və bələdiyyə orqanları miras qoyan ola bilməzlər. Yalnız hüquqi şəxsin fiziki şəxs olan təsisçisi öldükdə, ümumi mülkiyyətdən ona çatası pay vərəsəlik yolu ilə onun vərəsələrinə verilə bilər.

Qanun üzrə vərəsəlikdə fəaliyyət qabiliyyətindən asılı olmayaraq, istənilən fiziki şəxs miras qoyan ola bilər. Bununla yanaşı vəsiyyət üzrə vərəsəlikdə yalnız vəsiyyətnamə tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs miras qoyan ola bilər.

Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, miras qoyanın ölümündən sonra sağ doğulmuş uşaqları, habelə dövlət və bələdiyyə ola bilər.

Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, dövlət və bələdiyyə, habelə hüquqi şəxslər ola bilərlər.

Atalıq qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmədikdə nikahdankənar uşaqlar, nikahı ləğv edilmiş ər-arvad, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər, habelə məhkəmə tərəfindən ləyaqətsiz vərəsə hesab olunmuş, nikah münasibətlərinin faktiki xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmiş və miras qoyanın saxlanılması üzrə öhdələrinə qoyulmuş vəzifədən boyun qaçıran şəxslər vərəsə ola bilməzlər.

Miras qoyanın vərəsəlik üzrə keçən əmlak hüquq və vəzifələrinin toplusu, o cümlədən bəzi qeyri-əmlak hüquqları miras adlanır. Miras vərəsəlik hüququnun əsasını təşkil etdiyindən, vərəsəlik hüququ məhz miras olduqda yaranır. Deməli, miras yoxdursa, vərəsəlik hüququ da mövcud ola bilməz. Mirasın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu, ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər.

Miras qoyanın nəvə və nəticələri öz valideynlərinin sağlığında vərəsə olmurlar. Ölənin nəvə-nəticələri o halda qanun üzrə vərəsə sayılırlar ki. Mirasın açıldığı vaxt miras qoyanın vərəsə olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

Vərəsəlik hüququnun bu qaydada ötürülməsi təmsilçilik hüququ üzrə vərəsəlik adlanır. Bu ancaq miras qoyanın nəvə-nəticələrinin vərəsə olacaq valideynlərinin miras açılanadək ölməsi faktı ilə yaranan hüquqdur.

Əqdin şərhindən ibarət olan sənədlərdə imzanın həqiqiliyi təsdiq edilə bilməz.


Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunmuşdur.

Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.

Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.

Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.

Uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.

Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
alimenti qəsdən ödəmədikdə;
heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
valideynlik hüquqlarından sui-istifadə etdikdə;
uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda;
xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır.

Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, nikahın bağlanmasına mane olan hallar olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşağın mənafeyini nəzərə alaraq valideynlərin birgə xahişinə əsasən 18 yaşına çatana qədər uşağın adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verə bilər.

Doğumun qeydə alınması üçün uşaqların doğulduğu və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə uşağın doğulduğu gündən ən geci 1 ay ərzində müraciət edilməlidir.

Üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə valideynlərə xəbərdarlıq edilir və ya onlar 10 manat məbləğində cərimə olunurlar.

valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
valideynlərin nikah haqqında şəhadətnaməsi;
valideynlərin doğum haqqında şəhadətnamələri;
doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd.

Doğumun dövlət qeydiyyatı üçün uşağın doğulduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra müraciət edildikdə əlavə olaraq uşağın qeydiyyatda olduğu tibb müəssisəsindən arayış da təqdim edilməlidir.

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir. Həmin Qanunun 7-ci maddəsinə görə göstərilən hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə verilir.

Ərizə;
Təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi (2 nüsxə);
Təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar;
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
Fondlarda nizamnamə kapitalının on min manatdan az olmayan məbləğdə ödənilməsini təsdiq edən sənəd Təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
Təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
Təsisçi xarici hüquqi şəxs olduqda onun qeydiyyatını təsdiq edən sənədlər (reyestrdən çıxarış və ya qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və s.)
Hüquqi ünvanını təsdiq edən sənəd;
Qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
Siyasi partiyanın dövlət qeydiyyatı zamanı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq partiya üzvlərinin sayını təsdiqləyən sənəd;
Təsisçi (təsisçilər) Azərbaycan Respublikasında daimi yaşamaq hüquq olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduqda - onların Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə vəsiqəsinin surəti;
Özəl və bələdiyyə təhsil müəssisəsinin nizamnaməsinə dair “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi;
Kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsinin nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən);
Məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş təhsil müəssisələrinin nizamnaməsində kapitalının 3 aydan çox olmayan müddətdə ödənilməsi nəzərdə tutulmadığı halda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən);
Siyasi partiyanın təsis qurultayının keçiriləcəyi yer və tarix barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat;
Siyasi partiyanın proqramı.

Bakı şəhəri üzrə təsis edilən məktəbəqədər təhsil müəssisələri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, digərləri isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən dövlət qeydiyyatına alınır.

Qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir.

- təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin təsdiq olunması barədə qərar;

- təsis sənədlərində edilmiş dəyişiklikləri və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyini təsdiq edən sənədlər. Dəyişiklikdən asılı olaraq aşağıdakı sənədlər təqdim olunur:
hüquqi ünvan dəyişdirildiyi halda yeni ünvana dair sənəd;
qanuni təmsilçi dəyişildiyi halda yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədinin surəti;
təsisçilər dəyişildiyi halda - təsisçilikdən çıxan və ya təsisçiliyə daxil olan şəxslərin ərizələri;
fondda və kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsində nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının miqdarı dəyişdirildikdə - müvafiq auditor rəyi və ya bank qəbzi, yaxud arayış, əmlak payının alqı-satqısı barədə və s. müqavilələr);

- nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd (2 nüsxədə) və digərləri.

Dövlət rüsumu milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.

Mətbu nəşrin uçota alınması zamanı dövlət rüsumunun ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Azərbaycan Respublikası ədliyyə nazirinin "27" iyul 2007-ci il tarixli 32-T nömrəli əmri ilə təsdiq edilmiş “Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılmasına dair Qaydalar”a əsasən mətbu nəşrin təsisçisi fiziki şəxs olduqda, onun müraciətdəki imzası notariat qaydasında təsdiq edilir, hüquqi şəxs olduqda müraciət hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Müraciətə aşağıdakı sənədlər əlavə olunur:
təsisçi fiziki şəxs olduqda: fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
təsisçi hüquqi şəxs olduqda: hüquqi şəxsin notariat qaydasında təsdiq olunmuş nizamnaməsinin surəti;
mətbu nəşrin redaktorunun (baş redaktorunun) şəxsiyyətini təsdiq edən sənədin surəti;
mətbu nəşrin redaktorunun (baş redaktorunun) ali təhsilini təsdiq edən sənədinin notariat qaydada təsdiq olunmuş surəti.

Mətbu nəşrlərin reyestrə daxil edilməsini təsdiq edən müraciət itirildikdə və ya yararsız hala düşdükdə onun dublikatını almaq üçün həmin mətbu nəşrin təsisçisi fiziki şəxs olduqda notariat qaydasında təsdiq olunmuş yeni müraciət, hüquqi şəxs olduqda isə qurumun öz möhürü ilə təsdiq edilmiş müraciət tərtib edilərək Ədliyyə Nazirliyinə təqdim olunmalıdır. Həmin müraciətə təsisçinin ərizəsi, sənədin itirilməsi barədə dərc edilmiş elan, sənədin tapılmadığı barədə Polis İdarəsindən arayış əlavə olunur.

Reyestrə daxil edilmiş mətbu nəşrlərin təsisçilərinin tərkibi dəyişildikdə həmin faktın reyestrə daxil edilməsi məqsədilə Ədliyyə Nazirliyinə müraciət edilməlidir. Müraciətdə mətbu nəşrin adı, qeydiyyat tarixi və nömrəsi, təsisçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının ad və yeni təsisçi və ya təsisçilər fiziki şəxs olduqda onun və ya onların soyadı, adı, atasının adı, hüquqi şəxs və ya şəxslər olduqda isə onun və ya onların firma adı, qeydiyyat tarixi və nömrəsi göstərilməlidir. Müraciət təsisçilər və ya səlahiyyətli şəxslər tərəfindən imzalanmalı və notariat qaydasında təsdiq edilməlidir. Müraciət formasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi saytından əldə edə bilərsiniz.

"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən mətbu nəşr təsis etmək istəyən hüquqi və ya fiziki şəxs nəşrin çapından 7 gün əvvəl Ədliyyə Nazirliyinə rəsmi müraciət etməyə borcludur.

Keçidlər