X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bələdiyyə qulluğuna qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər üçün Bələdçi Qaydalar



Bu qaydalar "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın ədliyyə orqanlarında icrası üzrə İş Planının 24-cü bəndinin icrası ilə bağlı hazırlanmış və bələdiyyə qulluğuna qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər üçün nəzərdə tutulur.

Bələdiyyə orqanlarında vakant vəzifələr üzrə bələdiyyə qulluğuna qəbul üçün müsabiqədə iştirak edən namizədlər aşağıdakı normativ hüquqi aktları öyrənməlidirlər:

- Azərbaycan Respublikasının Konstitusiyası, "Bələdiyyələrin statusu haqqında" Qanun, "Bələdiyyə üzvlərinin statusu haqqında" Qanun,  "Bələdiyyə qulluğu haqqında" Qanun, "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanun, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanun,"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanun, "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" Qanun, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanun, "Bələdiyyələrin su təsərrüfatı haqqında" Qanun, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Qanun.

Göstərilənlərlə yanaşı, aşağıda sadalanan normativ hüquqi aktlar üzrə qeyd olunan məsələlərin öyrənilməsi də önəmlidir:

- "Büdcə sistemi haqqında" Qanunda yerli büdcənin tərtibi, təsdiqi və icrası, "Mühasibat uçotu haqqında" Qanunda mühasibat uçotu standartları, maliyyə hesabatlarının tərtibi, təqdimi və dərc edilməsi qaydası (mühasib vəzifəsinə namizədlər üçün);

- Vergi Məcəlləsində yerli vergilərin hesablanması, vergi güzəştlərinin tətbiqi (vergi xidməti üzrə bələdiyyə qulluğuna namizədlər üçün);

- Torpaq Məcəlləsində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarına xitam verilməsinin əsasları (bələdiyyə torpaqlarının idarəçiliyi sahəsi üzrə bələdiyyə qulluğuna namizədlər üçün);

- Şəhərsalma və Tikinti Məcəlləsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində bələdiyyələrin səlahiyyətləri (tikinti üzrə bələdiyyə qulluğuna namizədlər üçün);

- Əmək Məcəlləsində əmək müqaviləsinin bağlanması və müqaviləyə xitam verilməsinin əsasları və qaydaları (kadrlar üzrə bələdiyyə qulluğuna namizədlər üçün).

Bələdiyyə qulluğuna namizədlər çalışacaqları sahəyə uyğun kompüter proqramlarından istifadə etmək bacarıqlarına malik olmalıdırlar.

Bələdiyyə qulluğunda çalışmaq arzusunda olan şəxslər müsabiqədə iştirak edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli, 324 nömrəli qərarı ilə təsdiq edilmiş "Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi" Qaydasında nəzərdə tutulan tələblərə əməl etməlidirlər.

Müsabiqə zamanı namizədlərin bilik və bacarıqları ilə yanaşı, ümumi dünyagörüşü, təhlil etmə bacarığı və psixoloji durumu, xarakterik keyfiyyətləri də nəzərə alınır. Qeyd edilən subyektiv meyarların qiymətləndirilməsi zamanı obyektiv qiymətləndirmə metodlarından, şəffaf üsullardan istifadə edilməlidir.

Bələdiyyələrlə iş mərkəzi

Keçidlər