X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bələdiyyə qulluğuna qəbulda şəffaflıq (metodiki vəsait)



Azərbaycan Respublikasında açıq hökumətin təşviqi dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu siyasət bələdiyyələrlə münasibətdə də tətbiq edilir, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması, insanların məmnunluğuna nail olunması məqsədi ilə tədbirlərin görülməsi  davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulurdu.

Bununla əlaqədar Azərbaycan Respublikasının 2014-cü il 13 fevral tarixli Qanunu ilə "Bələdiyyə qulluğu haqqında" Qanuna bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi barədə yeni maddələr əlavə edilmişdir.

Ədliyyə Nazirliyinin 2017-ci ilin birinci yarımilinə dair iş planında bələdiyyə qulluğuna qəbul prosesinin şəffaflığının təmin edilməsində bələdiyyələrə metodik yardımın gücləndirilməsi tapşırığı müəyyən edilmişdir. Bələdiyyə qulluğuna qəbulun şəffaf keçirilməsi bələdiyyələrdə kadr potensialının gücləndirilməsi, yerli özünüidarə işində qanunçuluğun təminatı baxımından çox önəmlidir. Müsabiqələrin düzgün, qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilməsi bu sahədə qanunvericiliyin öyrənilməsini zəruri edir. Hazırkı vəsait də bu məqsədlə hazırlanmışdır.


"Bələdiyyə qulluğu haqqında" Qanunun 5-1-ci maddəsinə əsasən bələdiyyə qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir. Müsabiqə komissiyası öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir və iclas komissiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

Müsabiqə komissiyasının üzvləri müsabiqə zamanı namizədin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmalı, namizədə müvafiq vəzifəyə yararlı olub-olmaması barədə fikir bildirməməli, müsabiqənin keçirildiyi otağı tərk etməməli, rabitə vasitələrindən istifadə etməməlidirlər.

Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər. Əsaslandırılmış etiraz verildikdə, barəsində etiraz verilmiş müsabiqə komissiyasının üzvü həmin etirazın verilməsinə səbəb olmuş namizədə münasibətdə müsabiqə komissiyasının qiymətləndirməsində iştirak edə bilməz. Əgər etiraz nəticəsində müsabiqə komissiyasının fəaliyyətinin həyata keçirilməsi mümkün olmazsa, həmin namizədə münasibətdə müsabiqə komissiyası yenidən təşkil olunur. Müsabiqə komissiyasının iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrlik edənin səsi həlledicidir. Müsabiqə komissiyasının iclası protokollaşdırılır, protokol iclasda iştirak edən bütün müsabiqə komissiyası üzvləri tərəfindən imzalanır. Müsabiqə komissiyası üzvünün xüsusi rəyi olduqda, protokolda bununla bağlı qeyd aparılır və xüsusi rəy protokola əlavə olunur.

Müsabiqə zamanı namizədin arzusu ilə videoçəkilişdən istifadə edilə bilər. Bu halda videoçəkiliş müsabiqə komissiyasının normal fəaliyyətinə maneçilik törətməməlidir.

Qanunun 5-3-cü maddəsi ilə bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlər müəyyən edilmişdir. Belə ki, namizəd fəaliyyət qabiliyyətinə malik deyilsə və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə, məhkumluğu ödənilməmiş və ya götürülməmişsə, bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa, bu hallarda bələdiyyə qulluğuna qəbul edilə bilməz.

Müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli, 324 nömrəli qərarı ilə təsdiq edilmiş "Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydaları" (bundan sonra Qaydalar) əsasında tənzimlənir.

Qaydalara əsasən müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.

On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

Bələdiyyə orqanlarında vakant vəzifələr üzrə bələdiyyə qulluğuna qəbul üçün bələdiyyənin müsabiqə komissiyası (bundan sonra - müsabiqə komissiyası) müsabiqə elan edir. Elan bələdiyyənin rəsmi internet saytında (olduğu halda) və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Elanda sənədlərin qəbul edildiyi yer, sənədləri qəbul edən şəxsin soyadı, adı, atasının adı və əlaqə telefonları, vakant vəzifələrin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən bələdiyyə qulluğunda işləmək üçün lazım olan şərtlər göstərilir.

Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq  üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən başlayaraq 30 (otuz) gün müddətində bələdiyyənin icra aparatına Qaydaların 3-cü maddəsində göstərilən aşağıdakı sənədləri təqdim etməlidir:

vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

kadrlar uçotunun şəxsi vərəqəsi;

tərcümeyi-hal;

təhsil haqqında sənədin surəti;

şəxsiyyət vəsiqəsinin surəti;

əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

sağlamlıq barədə arayış;

hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;

3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

 Sənədlərin qəbulu başa çatdıqdan sonra 30 (otuz) gün müddətində  müsabiqə komissiyası tərəfindən müsabiqə keçirilir.

Müsabiqəyə buraxılan namizədlərin siyahısı və şəxsi işləri müsabiqə komissiyasına müsabiqə keçirilən gün müsabiqə başlamazdan əvvəl təqdim edilir. Müsabiqə komissiyasının sədri siyahıda göstərilmiş namizədləri elan edir.

Müsabiqə müsabiqə komissiyası tərəfindən namizədlərə sualların, tapşırıqların verilməsi və namizədlərin həmin sualları cavablandırması, tapşırıqları həll etməsi və müsahibənin keçirilməsi yolu ilə həyata keçirilir. Suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, tapşırıqlar isə onların həlli üçün qısa zaman tələb olunmaqla praktik vərdişlərinin, bacarığının müəyyən edilməsi üçün verilir. 5 sual və tapşırıq müsabiqə komissiyası tərəfindən əvvəlcədən müəyyən edilir və müsabiqə günü namizədlər tərəfindən yazılı formada cavablandırılaraq müsabiqə komissiyasına təqdim edilir. Eyni vəzifəyə müraciət edən namizədlərə eyni sual və tapşırıqlar verilir.

Müsahibə hər bir namizədlə fərdi qaydada həyata keçirilir və ən azı 15 dəqiqə aparılır. Müsahibə zamanı hər namizədin iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu, bilik səviyyəsini və ümumi dünyagörüşünü müəyyən etmək üçün suallar verilir.

Müsabiqə zamanı namizədin sual və tapşırıqları yerinə yetirməsi və müsahibə zamanı suallara verdiyi cavablar müsabiqə komissiyasının üzvləri tərəfindən ballarla qiymətləndirilir və "Namizədin müsabiqədə qiymətləndirilməsinə dair bal cədvəli" ilə (2 №-li əlavə) rəsmiləşdirilərək müsabiqə komissiyasının sədrinə təqdim edilir. Namizədin sual və tapşırıqlara verdiyi yazılı cavabların hər biri və müsahibə zamanı suallara verdiyi cavablar 5 ballıq sistem üzrə qiymətləndirilir. Müsabiqə komissiyasının üzvləri arasında namizədin cavabları ilə bağlı fikir mübadiləsi keçirilə bilər. Müsabiqə komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanılmaqla, müsabiqənin yekun nəticələri "Namizədin müsabiqədə qiymətləndirilməsinin yekun protokolu" ilə rəsmiləşdirilir.

Namizədlərin balları eyni olduqda, müvafiq ixtisas üzrə əmək stajı daha çox olan şəxslərə, şəhid ailələrinə, əlillərə, öhdəsində 16 yaşadək iki və daha çox uşağı olanlara və vakant vəzifənin tələblərinə uyğun elmi dərəcəsi və ya elmi adı  olanlara üstünlük verilir. Müsabiqənin nəticəsi üzrə qərar həmin iş günü müddətində elan olunur, bələdiyyənin rəsmi internet saytında (olduğu halda) və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Müsabiqənin nəticəsinə uyğun olaraq, ən yüksək bal toplamış namizəd 10 (on) iş günü müddətində vakant iş yerinə təyin edilir.

Yekun protokol (3 №-li əlavə) 2 (iki) il müddətində müsabiqə komissiyasında saxlanılır. Namizədin tələbi əsasında ona 3 (üç) gün müddətində müsabiqənin nəticəsi üzrə topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir. Müsabiqənin nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu tarixdən 30 (otuz) gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.

Keçidlər