X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev
Bölmələr

Yerli büdcənin tərtibi



Azərbaycan Respublikasında büdcə sisteminin təşkili, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsasları “Büdcə sistemi haqqında” Qanunla müəyyən edilir

Büdcə - Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitlərinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. 

          Hazırda ölkəmizdə dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, yerli büdcə (bələdiyyə büdcəsi) və büdcədənkənar dövlət fondlarının büdcələri tərtib olunur. Tərtib olunan həmin büdcələrin gəlir və xərcləri təsnifat üzrə qruplaşdırılır.

“Büdcə sistemi haqqında” Qanunun 1.1.2-ci maddəsinə əsasən büdcə təsnifatı dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcənin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasını nəzərdə tutur.

          Dövlət büdcəsindən fərqli olaraq yerli büdcə bələdiyyənin statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir.

“Büdcə sistemi haqqında” Qanunun 35.3-cü maddəsinə əsasən yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssislərini cəlb edə bilər.

Buna aydınlıq gətirilməsi məqsədi ilə büdcənin tərtib edilməsi ilə bağlı görüləcək işlərin təqvimi nümunə üçün təqdim olunur: 

 

Müddət

Fəaliyyət

Fevral, 2019

Struktur qurumların növbəti il üçün cari xərclərinin hesablanması

Fevral-mart, 2019

Büdcə prioritetlərinin hazırlanması üçün əhali qrupları, QHT-lər, İctimai birliklər və s. vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərin, müzakirələrin və sorğuların başlanması və aparılması

Aprel, 2019

Bələdiyyə üzrə ümumi cari xərclərin müəyyənləşdirilməsi və büdcə komissiyasına təqdim olunması

May-iyun, 2019

Bütün mənbələr üzrə ( vergi və ödənişlər, əmlak və torpaq satışı, icarəsi, dotasiya, subvensiya və s. ) ehtimal olunan gəlirlərin hesablanması

İyul, 2019

İnvestisiya xərclərinin müəyyən olunması

Avqust, 2019

Büdcə layihəsinin komissiyada ilkin müzakirəsi və zəruri

dəyişikliklərin edilməsi

Sentyabr-oktyabr, 2019

Büdcə layihəsinin ictimaiyyətə elan edilməsi və ictimai dinləmələrin keçirilməsi

Noyabr, 2019

Büdcə layihəsinin ictimai dinləmələr əsasında büdcə komissiyasında sonuncu müzakirəsi və zəruri dəyişikliklər edilməklə bələdiyyə

sədrinə təqdim edilməsi

Dekabr, 2019

Büdcənin bələdiyyə sədri tərəfindən bələdiyyə iclasına təqdim edilməsi, müzakirəsi və təsdiqi

Yanvar-2020

Büdcənin icrasına başlanılması

         

Bələdiyyə büdcəsi layihəsi hazırlanarkən əsas məqsəd yerli büdcənin bələdiyyə ərazisində yaşayanların həyat səviyyəsinin yüksəldilməsinə fəal təsirini təmin etmək, bələdiyyələrin sosial-iqtisadi inkişaf proqramları ilə maliyyə və digər resursların əlaqələndirilməsi, büdcənin gəlir potensialından maksimum istifadə, vergi və ödənişlər üzrə gəlirləri maksimum dərəcədə cəlb etmək və büdcə vəsaitinin səmərəli istifadəsini təmin etməkdir.

Yerli büdcənin gəlirləri “Büdcə sistemi haqqında” Qanunun 33-cü, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 7-ci, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 8-ci və 9-cu maddələrinə uyğun olaraq formalaşır.

Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir:

- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;

- fiziki şəxslərdən əmlak vergisi;

- yerli əhəmiyyətli tikinti materiallar üzrə mədən vergisi;

- bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi;

- bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;

- bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;

- bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;

- bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş;

- bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş;

- Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar;

- fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;

- dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti;

- yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunla müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar;

- lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər.

Dövlət büdcəsindən dotasiya almaq nəzərdə tutulduqda, yerli büdcənin layihəsi “Büdcə sistemi haqqında” Qanunun 11.14-cü maddəsi ilə müəyyən edilən aşağıda qeyd olunan sənədlər və məlumatlar may ayının 1-dək Maliyyə Nazirliyinə təqdim olunur:

- cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;

- növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması;

- ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi;

- müvafiq icra hakimiyyəti orqanının sorğusuna görə digər materiallar.

Həmin Qanunun 1.1.14-cü maddəsində göstərilmişdir ki, dotasiya - dövlət büdcəsindən yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir. Xərclərin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsinin 2-ci hissəsinin ikinci bəndinə əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan  Respublikası  Qanununun 8-ci maddəsinə görə yerli büdcənin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır.

Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əmək haqqına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayırır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.

Yerli büdcənin icrası “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Qanunun 11-13-cü və digər maddələrinə uyğun həyata keçirilir. Belə ki, dövlət büdcəsindən alınmış məqsədli vəsaitlər istisna olmaqla, yerli büdcənin icrası prosesində bələdiyyə tərəfindən mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təsisat həddində dəyişiklik aparıla bilər.

Büdcənin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqda başa çatır və istifadə olunmayan vəsait bələdiyyənin sərəncamında qalır. Büdcənin icrası prosesində mədaxil mənbələr üzrə daxil olan vəsait azalarsa və bu, büdcə kəsrinin  son həddi aşmasına səbəb olarsa, “Büdcə sistemi haqqında” Qanunun 7-ci maddəsində göstərilən müdafiə olunan xərc maddələri (əmək haqqı və s.) istisna olmaqla, digər xərclərə məxaricin ixtisarı mexanizmi tətbiq edilə bilər. Məxaricin ixtisarı mexanizmi müdafiə olunmuş maddələr istisna olmaqla, büdcənin bütün maddələr üzrə məxaricin mütənasib sürətdə azaldılmasından ibarətdir.            

Bələdiyyə büdcəsinin şəffaflığının təmini əsas amillərdən biridir. Yerli büdcənin şəffaflığı aşağıdakı məqsədlərə çatmağı nəzərdə tutur:

  • vətəndaş ödədiyi vergilərin hara xərcləndiyini görür;
  • büdcənin ictimai müzakirəsinə imkanlar yaranır;
  • büdcəni tərtib edən və icra edən məmurların məsuliyyəti artır;
  • xərcləri ictimai nəzarətdə saxlamaq imkanları yaranır;
  • vətəndaşların bələdiyyəyə inamı və etibarı artır;
  • ictimai birliklərin və vətəndaş cəmiyyətinin nəzarət imkanları yaranır;
  • müstəqil ekspertlər büdcə prosesinə cəlb edilir;
  • vətəndaşları razı salan büdcə vergilərin vaxtında ödənilməsini stimullaşdırır;
  • vətəndaş yaşadığı ərazidə baş verən sosial-iqtisadi hadisələrə qayğı ilə yanaşır;
  • əhalinin şəxsi ianələri əsasında konkret layihələrin  icrasına yol açılır;
  • investorların marağı və inamı artır;
  • korrupsiya imkanları azalır.

 

“Büdcə sistemi haqqında” Qanunun 37.7-ci maddəsində göstərilmişdir ki, bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları isə növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) iş günü müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, rəsmi internet saytı və s. vasitələrlə çatdırırlar.

Həmin Qanunun 30.2-ci maddəsinə əsasən yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri əsasında və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati vahid büdcə təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 Yerli büdcə gəlirləri və xərclərinin təsnifat cədvəllərinin nümunəsi əlavə olunur.

Keçidlər