X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

Qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir.

Fiziki şəxsin hüquqi statusu və onun qeydiyyatı mülki hüquqi münasibətlərin yaranmasının əsasıdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial-müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial prosesslərdə vacib rol oynayır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının ərazisində hal hazırda 86 rayon (şəhər) qeydiyyat şöbələri fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli Fərmanına əsasən rayon mərkəzindən kənarda yerləşən qəsəbə və kənd sakinləri üçün daha münasib şəraitin yaradılması məqsədilə nikahın, doğumun və ölümün dövlət qeydiyyatını rayon (şəhər) qeydiyyat şöbələri ilə yanaşı, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri aparırlar.

Ən çox müraciətlərə səbəb olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün tələb edilən sənədlər aşağıdakılardır:

  • Nikahın qeydə alınması üçün -nikaha daxil olmaq barədə ərizə, nikaha daxil olanların şəxsiyyətini müəyyən edən sənədlər, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər;
  • Əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında sənəd; Nikaha daxil olmaq arzusunda olan əcnəbilər göstərilənlərdən əlavə vətəndaşı olduqları ölkənin səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış təqdim etməlidirlər;
  • Doğumun qeydə alınması üçün - doğum faktını və vaxtını təsdiq edən tibb müəssisəsindən arayış, uşaq evdə doğulduqda doğuma kömək göstərmiş həkimin arayışı, valideynlərin şəxsiyyətini müəyyən edən sənədlər və onların arasında nikahın bağlanması haqqında şəhadətnamə;
  • Övladlığa götürmənin qeydə alınması üçün - ərizə, övladlığa götürmə haqqında məhkəmənin qərarı, övladlığa götürənlərin şəxsiyyətini müəyyən edən sənədlər;
  • Ölümün qeydə alınması üçün - ölüm faktını faktını və vaxtını təsdiq edən tibb müəssisəsindən arayış və ya ölüm faktının müəyyən edilməsi və yaxud şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı, ölənin şəxsiyyətini müəyyən edən sənəd, həmçinin onun hərbi bileti.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının elm və texnikanın nailiyyətlərindən istifadə etməklə aparılması və keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılması ilə əlaqədar akt qeydlərinin hazırda işlənilən nümunələrinin əvəzinə onların optik oxunmasına və məlumatların elektron şəbəkə vasitəsilə ötürülməsinə imkan verən yeni formaları və müvafiq proqram təminatı tərtib olunmuşdur.

Müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin mürəkkəbliyi nəzərə alınaraq qeyd olunan akt qeydləri nümunələrinin tətbiqi ilə bağlı 1500-ə yaxın icra hakimiyyəti nümayəndəliklərinin aidiyyəti əməkdaşları üçün təlimlər keçirilmişdir.

Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydə alınması 1 iyun 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənir.

Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Azərbaycan Respublikası qanunvericiliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən düzgün və mütəşəkkil tətbiqi işini təşkil edir, bu orqanların fəaliyyətinə təşkilati rəhbərliyi həyata keçirir, rayon (şəhər) qeydiyyat şöbələrinə, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan digər orqanlara metodiki və əməli köməkliyin göstərilməsini və səlahiyyətləri çərçivəsində fəaliyyətlərini yoxlanılmasını təmin edir.

 

Doğumun qeydə alınması

Son illər ölkədə baş vermiş mütərəqqi sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafa ciddi təsir göstərmişdir.

Demoqrafiya siyasəti nəsillərin normal təkrar istehsalının ardıcıl surətdə həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş iqtisadi, sosial və hüquq tədbirlər sistemindən ibarət olmaqla, əhalinin bütün sosial-demoqrafik təbəqələrinin köklü mənafelərinə toxunur.

Bu baxımdan doğumun qeydə alınması demoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm yer tutur.

Hər bir uşağın doğumunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınması və vətəndaşlıq əldə etməsi demoqrafiya sahəsində həyata keçirilən siyasətin əsas vəzifələrindən biridir.

Uşağın doğumunun qeydə alınması zərurəti Uşaq hüquqları haqqında Konvensiyada və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulmuşdur.

Qanunvericilikdə uşağın hüquqları onun mənşəyinin təsdiq olunmasına əsaslanır və bu təsdiq uşağın doğum haqqında şəhadətnaməsində öz əksini tapır.

Uşaqların doğumunun qeydə alınması öhdəliyi ilk növbədə valideynlərin üzərinə düşür. Həmin faktın qeydə alınması valideynlərin hər ikisinin və ya onlardan birinin müraciətinə əsasən həyata keçirilə bilər. Lakin akt qeydləri və doğum haqqında şəhadətnamələr tərtib edilərkən hər hansı bir səhvə yol verilməsi ehtimalının aradan qaldırılması məqsədi ilə doğumun qeydə alınmasında hər iki valideynin iştirakı daha məqsədəuyğundur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Qeyd edilməlidir ki, qanunvericiliklə nəzərdə tutulmuş hallarda valideynlərin qeydiyyat orqanına müraciət etməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilə bilər.

Bu məlumatlar uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğuldqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Uşaqların doğumunun qeydə alınması sahəsində mövcud olan beynəlxalq təcrübə göstərir ki, əksər inkişaf etmiş Avropa ölkələrin qanunvericiliyi doğumun 1 aydan gec olmayaraq qeydə alınmasını nəzərdə tutur.

Lakin doğumun qeydə alınmasında əsas problemldərdən biri valideynlərin, qohumların və ya digər maraqlı şəxslərin qeydiyyat orqanına vaxtında müraciət etməməsidir. Bu da ölkədə həyata keçirilən demoqrafiya siyasəti üçün vacib olan statistik məlumatların təhrif olunması və uşaqların hüquqlarının pozuması ilə nəticələnir.

«Vətəndaşlıq Vəziyyəti Aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində saxlanılan məlumatlara əsasən 2010-cu ilin birinci yarımili ərzində qeydə alınmış doğumdan bir çox hissəsi müddət gecikməsi ilə qeydə alınmışdır.

Doğulmuş uşaqlar barədə məlumatların dəqiqliyini təmin etmək məqsədi ilə 20.04.2010-cu il tarxdə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Həmin Qanuna əsasən doğum haqqında məlumatların dərhal Səhiyyə Nazirliyinə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatların məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatların ötürülməsinə görə Səhiyyə Nazirliyi, habelə üzürlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 ay müddətində müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən edlmiş qaydada məsuliyyət daşıyırlar.

Göstərilən məlumatların müvafiq qaydada verilməməsi ilə bağlı tətbiq edilən tənbeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində öz əksini tapmışdır. Məcəllənin müddəalarına əsasən doğumun qeydə alınması qaydasının pozulması ilə əlaqədar tibbi müəssisəsinin və Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir. Həmçinin üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə uşağın valideynlərinə qeydiyyat şöbəsi tərəfindən xəbərdarlıq edilir və ya onlar on manat miqdarında cərimə olunurlar.

Validenlərin cərimə edilməsi ilə bağlı qanunvericilkdə nəzərdə tutulmuş istisnalara diqqət yetirmək vacibdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 15.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına inzibati cərimənin tətbiq edilməsi yolverilməzdir.

Hərbi qulluqçu dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi (NMR), Dövlət Sərhəd Xidməti, Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları başa düşülür.

Yuxarıda qeyd olunduğu kimi, valideynlərə münasibətdə inzibati tənbehin iki növü nəzərdə tutulmuşdur. Onlardan biri olan xəbərdarlıq hüquqazidd əməlin yolverilməziliyi barədə rəsmi xəbərdaredici tədbir olmaqla yazılı formada həyata keçirilir.

Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq inzibati tənbeh xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. Yəni valideynlərə tətbiq edilən inzibati tənbehlər doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət bitdikdən sonra iki ay ərzində tətbiq oluna bilər.

Hazırda doğumun qeydə alınması müddəti və həmin müddətdə müraciət olunmamasına görə inzibati məsuliyyət barədə məlumat yenidoğulmuş uşaqların doğum faktını təsdiq edən tibbi şəhadətnamələrdə öz əksini tapır.

Doğumun qeydiyyatı ilə bağlı dövlətin funksiyası rayon (şəhər) qeydiyyat şöbələri, konsulluqlar və rayon (şəhər) icra hakimiyyətinin nümayəndəlikləri tərəfindən vətəndaşların və ya buna səlahiyyəti olan orqanların müraciəti əsasında həyata keçirilir.

Bu funksiya özündə bir neçə proseduru ehtiva edir. İlkin prosedur sənədlərin qəbul edilməsindən ibarətdir. Tələb olunan sənədlərin qəbul edilməsi şəxslərin müraciətlərinə əsaslanır.

Qeydiyyat orqanının növbəti funksiyası doğumun qanunvericiliklə müəyyən edilmiş vaxtda qeydə alınmasının təmin etmək məqsədi ilə bu barədə ananın yaşadığı yer üzrə bildirişin göndərilməsindən ibarətdir.

«Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na uyğun olaraq doğumun dövlət qeydiyyatına alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, onların nikah haqqında şəhadətnaməsi, uşağın doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd qeydiyyat orqanına təqdim olunmalıdır.

Valideynlərdən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda qeyd olunan sənədlərlə yanaşı onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd də təqdim edilir.

 

ƏHALİNİN NƏZƏRİNƏ!

Nikaha daxil olmaq kimi mühüm qərar qəbul edənlər üçün bilmək maraqlı olardı ki, son illər ailə qanunvericiliyində tətbiq edilən yeniliklərdən biri də nikah müqaviləsinin bağlanması imkanıdır.

Nikah müqaviləsi ailə gəlirlərində və xərclərində ər-arvadın iştirakı ilə bağlı onların hüquq və vəzifələrini, həmçinin əmlaklarına dair şərtləri müəyyənləşdirir.

Bu müqavilə nikaha daxil olanadək, eləcə də nikah dövründə bağlana bilər.

Nikah müqaviləsi nikaha daxil olanların hər ikisinin razılığı ilə dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsini bağlamaq üçün notariat kontoruna müraciət olunmalıdır.

Eyni zamanda evlənmək istəyənlər bir-birinin səhhəti haqqında məlumat almaq üçün qarşılıqlı razılıq əsasında tibb müəssisəsində tibbi müayinədən keçə bilərlər.

Bu addımı atmaqla, onlar özlərinin və gələcək nəslin sağlamlığı üçün zəmin yaratmış olar.

 


“Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi

“Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin formalaşdırılması qabaqcıl mütəxəssislərin dəstəyi ilə hüquq və informasiya sahələrində daxili və beynəlxalq təcrübəni nəzərə alınmaqla müasir proqramlaşdırma mühiti və yeni informasiya mühafizəsi metodları əsasında sistemin fəaliyyətini təmin edən tətbiqi proqram təminatının layihəsi hazırlanmış, müvəffəqiyyətlə sınaqdan keçirildikdən sonra 2008-ci ilin iyul ayının 1-dən etibarən tam gücü ilə istifadəyə verilmişdir. İnformasiya resursunun yerləşdirilməsi üçün Ədliyyə Nazirliyinin yeni inzibati binasında müvafiq otaqlar ayrılmış, onların təmiri, fiziki və informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri işlər görülmüşdür. Bununla yanaşı sistemin fəaliyyəti üçün tələb olan server avadanlığı satın alınaraq ölkəyə gətirilmiş və sınaqdan keçirildikdən sonra quraşdırılmışdır. Sistemin fəaliyyətini təmin edən bir sıra mürəkkəb proqram təminatları tərtib olunaraq istifadəyə verilmişdir.

Əhalinin dövlət reyestrin fəaliyyətinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinin 63 şəhər və rayon üzrə 78 qeydiyyat orqanı müvafiq kompyuter avandalığı ilə təchiz edilmiş, ölkə üzrə vahid elektron şəbəkədə birləşdirilmiş və bu qurumların “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminə birbaşa rabitə xətləri vasitəsilə çıxışı təmin edilmişdir. Həmin orqanların və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparmaq səlahiyyəti olan icra hakimiyyəti nümayəndəliklərinin 1.5 mindən artıq əməkdaşı üçün genişmiqyaslı təlimlər keçirilmişdir. “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanına müvafiq olaraq Muxtar Respublikanın qeydiyyat orqanlarının sistemə qoşulması məqsədilə əməkdaşların təlimi həyata keçirilir və yaxın zamanlarda yerlərdə zəruri infrastrukturun qurulması nəzərdə tutulur.

Bununla yanaşı ölkə əhalisinin dövlət reyestrinin iki əsas məlumat mənbələri olan Daxili İşlər Nazirliyi tərəfindən aparılan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi arasında dayanıqlı və mühafizə olunan daimi fiber optik rabitə xəttinin çəkilişi yekunlaşdırılmışdır və hazırda iki sistem arasında real vaxt rejimdə avtomatlaşdırılmış qaydada fasiləsiz məlumat mübadiləsi aparılır Hazırda sistemin təkmilləşdirilməsi üçün zəruri işlər həyata keçirilir.

Keçidlər