X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycanda notariat institutunun yaranması

Notariatın yaranması və inkişafının əsasları hələ Qədim Romada qoyulmuşdur. Həmin dövrdə Romada mirzələr adlandırılan xüsusi vəzifəli şəxslər institutu olub. Onlara ictimai-hüquqi səciyyəli yazılı sərəncamların rəsmiləşdirilməsi, məhkəmə jurnallarının, müxtəlif bildirişlərin və xahişlərin aparılması səlahiyyətləri verilibmiş. Mirzələr o vaxt dövlət qulluğunda və özəl şəxslərin təminatında olmaqla iki dərəcəyə bölünürdülər. Maraqlıdır ki, Romada mülki dövriyyənin sonrakı inkişafı müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına gətirib çıxarıb. Tabelionlar azad adamlar idi və ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəmə sənədlərinin tərtib edilməsi ilə məşğuluydular. Orta əsrlərdə isə notariat sistemi əsasən İtaliyada və Fransada inkişaf edib və bu ölkələrdən bütün Avropaya yayılıb.

Bu sahədə maraqlı məqamlardan biri də Azərbaycanda notariat sisteminin yaranma tarixi ilə bağlıdır. XIX əsrin əvvəllərində çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra 1814-cü ildə Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında müvəqqəti dairə məhkəmələri təsis edilib. Onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı, notariat funksiyalarını həyata keçiriblər. Amma 1864-cü ildə aparılan məhkəmə islahatı Rusiyada və onun əyalətlərində notariat sisteminin yenidən qurulmasına səbəb olub. 1866-cı ildə isə notariat sahəsi haqqında Əsasnamə qəbul edilib və bu Əsasnamədə notarius vəzifəsinin təsis edilməsi nəzərdə tutulub.

Təxminən bir ildən sonra, yəni 1867-ci il dekabrın 9-da "Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə" qanun qəbul olundu. Həmin qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açıldı. Bir qədər sonra isə Qafqaz Canişininin 12 fevral 1868-ci il tarixli yazılı göstərişinə əsasən Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının kontorları yaradıldı. Belə bir addımın atılması Yelizavetpol (Gəncə) quberniyasının yaradılması ilə əlaqədar idi. Daha sonralar isə Azərbaycanın müxtəlif bölgələrində notariat kontorları açılıb.

Notariatla bağlı Azərbaycanda önəmli hadisələrdən biri də 1920-ci ilin mayında baş verib. Həmin vaxt Bakı Xalq Komisarları Şurasınının və Azərbaycan İnqilab Komitəsinin dekretləri ilə Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariat kontorları ləğv edilib və xalq notariusları vəzifəsi təsis olunub. 1973-cü ildən sonra isə SSRİ-də notariatın təşkili və fəaliyyəti "Dövlət notariatı haqqında" qanunla tənzimlənib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra notariat sistemi yeni mərhələyə qədəm qoyub. 1999-cu il noyabrın 26-da "Notariat haqqın-da" qanun qəbul edilib, 2000-ci il yanvarın 30-da isə qüvvəyə minib. Bu qanun özündən əvvəlki qanunla müqayisədə xeyli təkmilləşdirilib. Həmin qanunda xüsusi notariusların yaradılması və onlara dövlət notariusları ilə eyni hüquqlar verilməsi nəzərdə tutulub.

Keçidlər