X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan-Ukrayna: hüquqi əməkdaşlıq genişlənir

Azərbaycan-Ukrayna əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir. Zəngin müqavilə bazasına söykənən bu münasibətlərdə hüquq əməkdaşlığı da xüsusi yer tutur. İki ölkə arasında bağlanmış dövlətlərarası müqavilələr, həmçinin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair Saziş çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Əməkdaşlığın genişləndirilməsi məqsədilə cari il iyunun 23-də Ukraynanın ədliyyə naziri Pavlo Petrenko və nazir müavini Qiya Qesadze ölkəmizə səfərə gəliblər.

Səfər zamanı qonaqlar əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaqlar həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyublar.

Sonra Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Ukraynanın ədliyyə naziri Pavlo Petrenkonun görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı qeyd olunaraq bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb. Həmçinin hüquqi sahədə əməkdaşlığa toxunularaq qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, hər iki dövlətdə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb.

Nazir F.Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar, o cümlədən məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericiliyin daim təkmilləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlərdən bəhs edərək dövlət başçısının iştirakı ilə Nərimanov Rayon Məhkəməsinin müasir inzibati binasının yenicə açılışını xüsusi vurğulayıb. Həmçinin, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət"in vətəndaş məmnunluğunu təmin edən fəaliyyətindən bəhs olunub.

Azərbaycana ilk dəfə səfərindən məmnunluğunu bildirən ukraynalı nazir bir-birinə yaxın və dost olan ölkələrimizin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək təqdir edib, öz ölkəsində də bu sahədə köklü islahatların aparıldığını bildirib. Nazir P.Petrenko hüquqi sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək bunun üçün qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.

Söhbət zamanı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb, Ukrayna tərəfi Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq təşkilatlarda haqlı mövqeyini daim dəstəklədiyini bildirib.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, probasiya və mediasiya institutunun tətbiqi, əhaliyə hüquqi xidmətlərin göstərilməsi, notariat institutunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak ediblər.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub, nümayəndə heyətinə müasir ədliyyə fəaliyyətinə, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına dair, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi broşürlər təqdim edilib.

Həmin gün nazir P.Petrenkonun Ali Məhkəmədə görüşü olub, qonaqlar həmçinin, "ASAN" xidmətin fəaliyyəti, eləcə də Bakının tarixi və mədəni abidələri, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Keçidlər