X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində mətbuat konfransı keçirilmişdir

Fevralın 23-də Ədliyyə Nazirliyində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilmişdir. Nazirliyin müvafiq qurumlarının rəhbərlərinin iştirak etdiyi konfransda məhkəmə sisteminin müasirləşdirilməsinə dair ölkə başçısının 19 yanvar 2006-cı il tarixli fərmanı ilə bağlı Ədliyyə Nazirliyinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üzrə həyata keçirilən tədbirlər, habelə 2005-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlər, Nazirliyin yeni fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, ötən il 1900 qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilmiş, bilavasitə Nazirlik tərəfindən 165 qanunvericilik aktının layihəsi hazırlanmış, 300-dən çox normativ hüquqi və normativ xarakterli akt ekspertizadan keçirilmiş, notariat hərəkətlərinin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair əməliyyatların sayı əhəmiyyətli dərəcədə artmışdır. 2005-ci ildə əvvəlki ilə nisbətən daha artıq - 5.769 hüquqi şəxs dövlət qeydiyyatına alınmış, həmçinin, qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı ciddi irəliləyiş baş vermiş, onların sayı 2004-cü illə müqayisədə 2,2 dəfə çox olmuşdur. Ötən il məhkəmə qərarlarının vaxtında və düzgün icrası sahəsində ardıcıl tədbirlərin görülməsi nəticəsində icra sənədlərinin 91 faizinin icrası təmin olunmuşdur.

Nazirlikdə əvvəlki illə müqayisədə daha çox - 900-ə yaxın beynəlxalq müqavilə layihəsinin hüquqi ekspertizası keçirilmiş, mülki, ticarət, ailə və cinayət işlərinə dair hüquqi yardımla bağlı 5000-dən artıq sorğu daxil olmuş və onların icrası üçün müvafiq tədbirlər görülmüşdür. Ekstradisiya üzrə bir sıra ölkələrlə əməkdaşlıq həyata keçirilmişdir.

Tədbidə, həmçinin, Nazirlik tərəfindən Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi, digər məhkəmə təsisatları ilə birlikdə və beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə görülən işlərdən danışılmışdır. Mətbuat konfransında Nazirliyin əməkdaşları penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrası, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, ekstradisiya və digər məsələlərlə bağlı jurnalistlərin çoxsaylı suallarını cavablandırmışlar.

Keçidlər