X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsini yaşayır

Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü artıq 18 ildir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə öz tarixinin mühüm mərhələsinə qədəm qoymuşdur. Ötən dövrə nəzər salanda Ədliyyə Nazirliyinin ölkəmizin hüquq sisteminin inkişafında əvəzsiz rolunun bir daha şahidi oluruq.

1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək  ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizi bərqərar etmiş, ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur.

Ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsi də məhz Ulu Öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazirliyi müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla təkmil bir struktura çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətdə yeri və rolu artmış, ona hüquq mühafizə orqanı statusu verilmişdir. Bu gün geniş səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında duran mühüm vəzifələrin miqyası ciddi şəkildə genişlənmişdir.

Qanun yaradıcılığında fəal iştirak edən nazirlik tərəfindən ötən bir ildə ölkəmizin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş 1.300-ə yaxın normativ hüquqi sənəd layihəsi hazırlanmış, 2.600-dən çox layihə hüquqi ekspertizadan keçirilmiş, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin e-qanun.az və huquqiaktlar.gov.az elektron reyestrlərinə 5.100 sənəd daxil edilmiş, həmin bazalara vətəndaşlar tərəfindən başçəkmələrin sayı artaraq 740 mini ötmüşdür.

Əhalinin daha çox təmasda olduğu notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı 3.7 milyondan artıq olmuşdur ki, bunun da 92%-i ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin, qeydiyyat orqanlarında 337 mindən artıq vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilmiş, doğumun sayı 150 min, nikahın sayı isə 65 min təşkil etmişdir.

Notariat institutunun inkişafı, notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması, xüsusi notariatın və elektron notariatın geniş tətbiqi bu işə böyük töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycanın notariat sahəsindəki nailiyyətlərinə maraq göstərilərək xarici dövlətlərin notariusları tərəfindən müsbət təcrübəmiz öyrənilir, onların iştirakı ilə beynəlxalq seminarlar keçirilir.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4.100-dən artıqdır, KİV-lərin sayı isə 5.200-ə çatmışdır.

Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə vətəndaşların qəbuluna, "Qaynar xətt" əlaqə mərkəzinə edilən müraciətlərə xüsusi diqqət yetirilmiş, bu zaman hər bir vətəndaş diqqətlə dinlənilərək, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülmüşdür.

Səyyar qəbullar zamanı nazirliyin  rəhbərliyi tərəfindən yerli ədliyyə qurumları və məhkəmələrə baş çəkilərək onların fəaliyyəti və iş şəraiti ilə tanış olunmuş, müşavirələr keçirilərək vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması, onların müraciətlərində qaldırdıqları məsələlərə vaxtında və düzgün baxılması ilə bağlı tapşırıq və tövsiyələr verilmişdir.

Eyni zamanda, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət" çərçivəsində 18 milyondan artıq müraciətə baxılaraq vətəndaş məmnunluğuna nail olunmuşdur. Sevindirici haldır ki, təqdim edilmiş sənədlərin 40%-dən çoxu ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumlarının payına düşür.

Həmçinin, açıq hökumət prinsiplərinin geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə fəaliyyəti, o cümlədən cari ildə saytlarımızın mobil versiyalarının istifadəyə verilməsi, əhaliyə göstərilən elektron xidmətlər ədliyyə fəaliyyətində şəffaflığın artırılmasına yönələn mühüm tədbirlərdəndir. Vətəndaş cəmiyyəti institutları, xüsusilə müxtəlif ədliyyə sahələri üzrə fəaliyyətə geniş cəlb olunan İctimai Komitə ilə səmərəli əməkdaşlığımız da şəffaflığa, ictimai iştirakçılığa xidmət edir. Yeri gəlmişkən, peşə bayramı ərəfəsində İctimai Komitənin yeni tərkibdə ilk iclası olmuş, onlarla görüş keçirilərək, ədliyyənin müxtəlif sahələri üzrə əməkdaşlıq imkanları müzakirə edilmiş, müvafiq tövsiyələr verilmişdir.

Mülki və iqtisadi münasibətlərin sürətlə inkişafı, məhkəmələrdə baxılan işlərin son illər dəfələrlə çoxalması icra xidmətində də iş həcminin artmasına səbəb olmuşdur. Bununla əlaqədar məhkəmə qərarlarının düzgün və vaxtında icrasını təmin etmək, icra mexanizmlərini təkmilləşdirmək məqsədilə təsirli tədbirlər görülür. Ötən bir ildə icra işlərinin sayı 30% artaraq 800 mini ötmüş, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin əksər hissəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada icrası təmin edilmişdir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4.000 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən 2.700 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilmiş, 337 nəfər barəsində cinayət işi başlanmışdır.

Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 586 cinayət işinin istintaqı tamamlanmış, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunmuşdur.

Ölkədə bütün növ (qeyri-tibb) məhkəmə ekspertizalarını həyata keçirən və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə töhfələr verən Məhkəmə ekspertizası mərkəzinə daxil olmuş işlərin sayı 35 minə çatmış, ekspertlər 790.000-ə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,4 faizini həll etmişlər.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək 67 mindən çox bələdiyyə aktı yoxlanılmış, qanunsuz qərarların ləğvinə nail olunmuş, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilmiş, qanunsuz ayrılmış minlərlə torpaq sahəsi geri qaytarılmışdır.

Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin ədliyyə orqanlarında işlə təminatı daim diqqətdə saxlanılır, onlara xüsusi qayğı ilə yanaşılır. Bu gün ədliyyə sistemində çalışan işçilərin demək olar ki, hər ikisindən birini gənclər təşkil edir. Ədliyyə orqanlarına qulluğa qəbul mütəmadi xarakter daşıyır və son illər şəffaf seçimlər əsasında 2.300-ə yaxın gənc ədliyyənin müxtəlif sahələrinə işə qəbul olunmuşdur.

Ötən bir ildə isə 640 nəfər ədliyyə orqanlarına işə qəbul edilmişdir ki, onların da böyük əksəriyyətini gənclər təşkil edir. Yeri gəlmişkən, bu günlərdə 116 nəfər daimi qulluğa qəbul olunaraq xüsusi rütbələr almış, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş növbəti müsabiqəyə yekun vurulmuş, uğur qazanmış 95 namizəd Ədliyyə Akademiyasında icbari təlimə buraxılmışdır. Həmçinin bölgələrdə yerli hüquqşünasların işlə təmin olunması diqqət mərkəzində saxlanılaraq müxtəlif bölgələrdə fəaliyyət göstərən notariat orqanlarında çalışmaq istəyən şəxslər üçün müsabiqə elan olunmuş və sənəd vermiş 90 nəfərdən artıq namizədlə bu günlərdə test imtahanı keçiriləcəkdir.

Eyni zamanda, penitensiar və tibb xidmətlərində mənəvi cəhətdən saf və hazırlıqlı gənc kadrların qulluğa qəbulu ilə bağlı mütəmadi açıq müsabiqələr keçirilir, namizədlər müsabiqələrdə geniş iştiraka təşviq olunur, o cümlədən "ASAN Kadr" Karyera Mərkəzinin portalında müvafiq elanlar verilir. Cari ildə aparılmış şəffaf seçimlər nəticəsində 400 nəfər Penitensiar xidmətə işə qəbul edilmişdir. Elə bu günlərdə daha 52 nəfər Penitensiar və tibb xidmətlərinə təyinat almışlar. Hazırda Penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbulla bağlı müsabiqədən keçmiş 75 nəfər Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilmişlər.

Həmçinin, ixtisaslı kadrlara ehtiyac nəzərə alınaraq təhsil müəssisələri ilə səmərəli əlaqələr qurulmuş, o cümlədən Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində müvafiq olaraq penitensiar və tibb sahələri üzrə nazirlik üçün xüsusi ixtisaslı gənc kadrlar hazırlanır. Bu il daha 25 nəfər seçilərək Ryazan Hüquq və İdarəçilik Akademiyasına təhsil almaq üçün göndərilmişdir. Onlar sentyabr ayından tədrisə başlamışlar.

Yeri gəlmişkən, nəzəri bilik və peşə hazırlığının artırılması, peşəkar mütəxəssis kimi püxtələşmələri məqsədilə ədliyyə işçiləri və digər hüquqşünaslar Ədliyyə Akademiyasında silsilə tədris tədbirlərinə, o cümlədən beynəlxalq təşkilatlarla birgə keçirilən layihələr çərçivəsində treninqlərə, ixtisasartırma kurslarına cəlb olunmuşlar. Bununla yanaşı, Akademiyanın elektron resurslarla zəngin Elmi Kitabxanasının ictimaiyyət üçün açıqlığı, əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərən Hüquq Klinikasının fəaliyyəti təmin edilmişdir.

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, sosial reabilitasiyası, məşğulluğu, asudə vaxtının təşkili, onlara yüksək keyfiyyətli tibbi yardımın göstərilməsi ilə bağlı əlavə tədbirlər görülmüşdür.

Cəzaçəkmə müəssisələrində vərəmlə mübarizədə müsbət təcrübəmiz cari ildə də müxtəlif dövlətlərin nümayəndələri tərəfindən öyrənilmiş, nazirliyin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində fəaliyyət göstərən Beynəlxalq təlim mərkəzi tərəfindən onlar üçün beynəlxalq seminarlar təşkil edilmişdir.

Bununla belə ötən ay 2 təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərmiş, nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində həbsdən qaçmış şəxslərdən biri Penitensiar xidmət tərəfindən tutulmuş, digəri isə polis orqanları tərəfindən zərərsizləşdirilmişdir.

Eyni zamanda, xidməti yoxlama aparılaraq qanun pozuntularına və digər nöqsanlara yol verən əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunmuş, fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır. Penitensiar xidmətin fəaliyyətində nizam-intizamın, əməliyyat-rejim və mühafizə tədbirlərinin, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi ilə bağlı təsirli tədbirlər müəyyən edilərək həyata keçirilir.

Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, müsbət beynəlxalq təcrübənin öyrənilib tətbiq olunması daim diqqət mərkəzində saxlanılaraq, 31 xarici ölkənin, o cümlədən Avropa İttifaqı dövlətlərinin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər imzalanaraq səmərəli əməkdaşlıq edilir.

Cari il beynəlxalq hüquqi əməkdaşlığın inkişafı baxımından məhsuldar və zəngin olmuş, Gürcüstan, İran, İndoneziya, Belarus, Ukrayna və Latviyanın ədliyyə nazirləri ölkəmizə, tərəfimizdən isə Əlcəzairə və Latviyaya səfərlər edilmiş, ədliyyə sahəsində mühüm sənədlər imzalanaraq ölkə Prezidentinin fərmanları ilə təsdiq olunmuşdur.

2017-ci ildə "İslam Həmrəyliyi İli" çərçivəsində İran İslam Respublikası və Əlcəzair Xalq Demokratik Respublikası ilə ikitərəfli münasibətlər inkişaf etdirilmiş, İranın ədliyyə naziri Azərbaycana səfər edərək nazirliklər arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsini təşviq edən Birgə Bəyanat imzalanmışdır. Qonaq ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən qəbul edilmişdir. İran nümayəndə heyəti ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları ilə də tanış olmuşdur. Həmçinin aprel ayında tərəfimizdən Əlcəzairə səfər edilmiş, bu ölkənin Baş naziri, ədliyyə naziri ilə və digər rəsmi görüşlər keçirilərək əməkdaşlıq perspektivləri müzakirə edilmiş, Ədliyyə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu iki ölkə arasında bağlanmış ilk sənəd olmuşdur.

Bundan əlavə Ukraynanın ədliyyə naziri ölkəmizdə səfərdə olmuş, ədliyyə və məhkəmə sistemindəki nailiyyətlərə, "ASAN xidmət"in fəaliyyətinə böyük maraq göstərmişdir.

Avropa İttifaqı üzvü olan Latviya, habelə Belarusla hüquqi sahədə əməkdaşlıqda yeni səhifə açılmış, həmin ölkələrin Ədliyyə nazirlikləri ilə qısa müddətdə əməkdaşlığa dair sənəd layihələrinin razılaşdırılaraq cari ilin sentyabrında nümayəndə heyətimizin Latviyaya, Belarus ədliyyə nazirinin isə Azərbaycana səfəri çərçivəsində imzalanması qarşılıqlı fəaliyyətin genişləndirilməsinə böyük təkan vermişdir. Həmin ərəfədə, həmçinin Belarus Daxili İşlər Nazirliyi Cəzaların icrası departamentinin rəhbəri nümayəndə heyəti ilə ölkəmizdə səfərdə olmuş, Penitensiar xidmətin fəaliyyəti ilə yaxından tanış olmuş, iki qurum arasında əməkdaşlığa dair sənəd imzalanmışdır.

Ötən ay isə Latviyanın ədliyyə naziri Azərbaycanda səfərdə olmuş, ədliyyə və məhkəmə islahatları ilə yaxından tanış olaraq elektron ədliyyə xidmətləri və müxtəlif reyestrlərə, həmçinin məhkəmə hakimiyyətinin müstəqil özünüidarə modeli olan Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə maraq göstərmişdir.

Qeyd olunmalıdır ki, cari ildə ədliyyə nazirləri səviyyəsində qarşılıqlı ikitərəfli səfərlərin həyata keçirilməsi, əməkdaşlığa dair mühüm sənədlərin imzalanması ölkəmizin daha geniş coğrafiyada dünya dövlətləri ilə hüquqi əlaqələrinin inkişafına xidmət etmişdir.

Beynəlxalq tədbirlər və ikitərəfli səfərlər zamanı həmkarlarımızla keçirilən bütün görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızın hərtərəfli tərəqqisi, həyata keçirilən çoxşaxəli islahatlar barədə müfəssəl məlumatlar verilmiş, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunmuşdur.

Eyni zamanda, hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət kəsb edən məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən islahatlar uğurla davam olunaraq mühüm nailiyyətlər qazanılmışdır.

Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verən dövlət başçısının rəhbərliyi ilə bu sahədə aparılan islahatlar, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin xeyli genişləndirilməsi, hakimlərin ən şəffaf seçimi, Dünya Bankı ilə birgə əməkdaşlıqda məhkəmə infrastrukturun müasirləşdirilməsi, "Elektron məhkəmə" informasiya sisteminin və müasir İKT-lərin geniş tətbiqi məhkəmələrin müstəqilliyini, şəffaflığını və əlçatanlığını daha da artırır.

Cari ilin iyununda möhtərəm Prezidentimizin iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin yeni müasir binasının açılışı xüsusilə əlamətdar olmuşdur. Eyni zamanda, məhkəmə infrastrukturunun müasirləşdirilməsi paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində də davam etdirilərək, bu il daha iki rayonda - İmişli və Qəbələdə yeni məhkəmə binaları inşa olunaraq istifadəyə verilmişdir.

Bu məhkəmə binalarında insanlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, məhkəmə proseslərinin şəffaf, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə həyata keçirilməsi, habelə vətəndaşlarla hakimlər arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması məqsədilə hər cür şərait yaradılmışdır. Ölkə Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən təsbit edilmiş "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə, o cümlədən Dünya Bankı ilə birgə əsaslı işlər görülür, müasir İKT ilə təchiz edilmiş yeni binalarda elektron məhkəmə sisteminin bir çox komponentləri tətbiq olunur, məhkəmə sisteminin vahid internet portalı zənginləşdirilmiş, burada elektron "şəxsi kabinet" yaradılmış, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi, proseslərinin audio-video qeydə alınması, elektron sənəd dövriyyəsi təmin olunmuş və elektron icranın tətbiqinə başlanılmışdır.

Cari ilin sonunadək ölkə üzrə bütün məhkəmələrin 60 faizini əhatə edəcək elektron məhkəmə sisteminin tətbiqi ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərməklə insanlara daha əlverişli və rahat şərait yaradacaqdır.

Məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf şəxslərin təmsil olunması, hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülmüş, birinci instansiya və apellyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinsipial qiymətləndirilmiş, vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmiş, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilmişdir.

Eyni zamanda, vakant hakim vəzifələrinə seçim prosesi davam olunaraq, mütərəqqi beynəlxalq standartlar səviyyəsində, ən şəffaf üsullarla keçirilmiş seçimdən uğur qazanmış 126 nəfər namizəd hazırda Ədliyyə Akademiyasında uzunmüddətli tədris kursu keçir. Kurs zaman onların nəzəri bilik və peşə hazırlığına, həmçinin beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir. Bu məqsədlə cari ildə bütün namizədlər Türkiyədə iki həftəlik treninqə cəlb olunmuş, həmçinin Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsində tədris səfərlərində olmuşlar.

Ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması nəticəsində məhkəmələrin iş yükünün artması nəzərə alınaraq bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, mülki xarakterli işlərin məhkəmədən kənar həlli yolları axtarılmış, mediasiya institutunun yaradılması məqsədlə bir sıra addımlar atılmış, icra işlərinə xitam verilməsi və dayandırılması səlahiyyətləri icra məmurlarına verilmişdir.

Mülki xarakterli işlərin böyük bir hissəsini əmr icraatı qaydasında baxılan tələblər təşkil edir. Bu sahədə beynəlxalq təcrübə göstərir ki, həmin işlərə məhkəmələr tərəfindən elektron qaydada, yaxud notariuslar tərəfindən icra qeydi aparılmaqla baxılması səmərəli nəticələr verir. Bununla əlaqədar məhkəmələrin iş yükünün azaldılması, işlərə daha qısa müddətdə baxılması məqsədilə yeni prosedurların tətbiqi ilə bağlı qanun layihələri hazırlanmışdır.

Məhkəmə islahatlarımız, o cümlədən tətbiq olunan yeniliklər beynəlxalq aləmdə böyük maraq doğurur və əldə olunan uğurlar təqdir edilir.  Belə ki, Avropa Şurası dövrü nəşrlərində bu sahədəki işlərimizin işıqlandırılmasına xüsusi yer ayırır, Azərbaycanda hakimlərin seçim prosedurunu şəffaflığı və obyektivliyinə görə digər dövlətlər üçün örnək kimi dəyərləndirir. Həmçinin avropalı ekspertlər ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycanın bir çox Avropa ölkələrinə nümunə olduğunu qeyd edirlər.

Ötən ayın sonlarında isə Avropa Şurası tərəfindən Azərbaycanın təqdim etdiyi "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" layihəsinin "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsində qalib gələrək ən mütərəqqi layihədən biri kimi mükafata layiq görülməsi dövlətimizin başçısının siyasi iradəsi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarına verilən növbəti qiymətdir.

Eyni zamanda, Azərbaycan Hökuməti və Dünya Bankı ilə əməkdaşlığın 25 illiyinin qeyd olunduğu ərəfədə Dünya Bankı ölkəmizdə ədliyyə sahəsində həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsini ən uğurlu layihə kimi qiymətləndirərək "Vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə innovativ üsulların yaradılması və tətbiqi" nominasiyasının qalibi elan etmişdir.

Məhkəmə islahatlarımıza artan marağın nəticəsidir ki, təkcə son bir ayda Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ölkəmizə səfər edərək yeniliklərlə, həmçinin elektron məhkəmə üzrə görülən işlərlə tanış olmuş, mütəxəssislərimiz isə Kişinyova səfər etmiş və müsbət təcrübəmizi moldovalı həmkarlarımızla bölüşmüşlər.

Qeyd olunmalıdır ki, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil edir. Bu da təbiidir, çünki "Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyən ölkə Prezidenti mütəmadi olaraq ictimaiyyətlə görüşərək, vətəndaşların qayğıları ilə maraqlanır, onların müraciətlərinə həssaslıqla yanaşılmasını daim diqqət mərkəzində saxlayır, humanizm siyasətini uğurla davam etdirir.

Təsadüfi deyil ki, ötən dövrdə möhtərəm Prezidentimizin imzaladığı sərəncamlarla 3.800-dən çox şəxs əfv olunmuş, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı 40 mindən çox şəxsi əhatə etmişdir.

Həmçinin, dövlət başçısının təşəbbüsü ilə cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına səbəb olmuşdur.

Cəza icra siyasətində mühüm institutlardan olan məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması ilə bağlı nazirlikdə yaradılmış xüsusi Komissiya tərəfindən fəaliyyəti dövründə 8.700-dən çox məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş, məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilmişdir.

Cəmiyyətimizdə rəğbətlə qarşılanan humanist tədbirlər, həmçinin cəza çəkən digər məhkumların islahına öz müsbət həvəsləndirici təsirini göstərərək, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edir, haqqa, ədalətə inamını daha da artırır.

Möhtərəm Prezidentimizin humanizm siyasətinin təzahürü olaraq cari il fevralın 10-da imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı ölkədə cəza siyasətinə, cinayət qanunvericiliyinə baxışın yenilənməsinə, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsinə və dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqinə xidmət etməklə bu sahədə islahatların intensiv davamına rəvac vermişdir.

Dövlət başçısının proqram xarakterli Sərəncamından irəli gələn vəzifələrin dürüst və mütəşəkkil icrası məqsədilə ötən dövrdə Ədliyyə Nazirliyi tərəfindən kompleks tədbirlər görülmüş, o cümlədən aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılaraq beynəlxalq təcrübə öyrənilməklə bu sahədə qanunvericilik və məhkəmə-istintaq təcrübəsi təhlil olunmuş, cəza siyasətinin humanistləşdirilməsi, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə mühüm dəyişikliklər edilmiş, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələri hazırlanmışdır.

Belə ki, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilmişdir ki, bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumetmə cəzalarının azaldılması daxildir. Həmçinin, müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunmuş, cinayət tərkiblərinin Məcəllədən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılmışdır.

Eyni zamanda, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə azadlığın məhdudlaşdırılması yeni cəza növü daxil edilmişdir. Həmçinin Məcəlləyə elektron nəzarət vasitələrinin tətbiqi, cəzanı yüngülləşdirən halların dairəsinin genişləndirilməsi, cəzanın təyin edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı mühüm dəyişikliklər olunmuşdur.

Bundan başqa, zərərçəkmiş şəxslə barışma institutu təkmilləşdirilmiş, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi, müvafiq hüquqpozmanın aradan qaldırılması şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən edilmişdir.

Yeni dəyişikliklərə əsasən, əməlində başqa cinayət tərkibi olmayan narkomaniya xəstəliyinə düçar olmuş şəxslər stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla tam sağaldığı halda cinayət məsuliyyətindən azad ola biləcəklər.

Bütün bunlar insanların azadlıq hüququnun qorunmasına, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinə xidmət edir.

Eyni zamanda, ölkə Prezidentinin Sərəncamı ilə təsbit edilmiş Probasiya xidmətinin yaradılması üzrə mühüm addımlar atılmış, o cümlədən qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, bu institutun əhəmiyyəti və yeniliyi nəzərə alınaraq probasiya fəaliyyəti ilə məşğul olacaq əməkdaşlar üçün Ədliyyə Akademiyasında treninqlər keçirilmişdir.

Xidmətin fəaliyyətinin səmərəli və mütəşəkkil təşkili məqsədilə möhtərəm Prezidentimiz tərəfindən cari il noyabrın 7-də ədliyyə fəaliyyəti ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edilərək nazirliyin aparatında ayrıca baş idarə səlahiyyətli Probasiya xidməti yaradılmışdır.

Sərəncamın əsas yeniliklərindən biri olan cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilmişdir.

Bu mühüm sənədin qəbul olunduğu vaxta təsadüf edən Gürcüstan ədliyyə nazirinin ölkəmizə səfəri zamanı qonşu dövlətin probasiya xidməti və "elektron qolbağ"ın tətbiqi ilə bağlı müzakirələr aparılmış və bu təcrübə ilə tanış olmaq barədə razılığa gəlinərək nümayəndə heyətimiz Gürcüstana səfər etmişdir.

Artıq "elektron qolbağ"ın pilot qaydada sınaqları keçirilmiş və hazırda ölkəmiz üçün daha uyğun modelin müəyyən olunması üzrə işlər yekunlaşmaqdadır.

Bununla yanaşı, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan, o cümlədən ictimai işlər cəzasının effektiv icrası üzrə tədbirlər görülmüş, "elektron icra" sistemi vasitəsilə ictimai işlər cəzasını çəkən şəxslərə və icra prosesinə nəzarət gücləndirilmiş, bu cəzanın səmərəli tətbiqi məqsədilə qanunvericilik təkmilləşdirilərək Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli Qərarı ilə "İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası" təsdiq edilmiş, 2017-ci il 20 oktyabr tarixli Qanunla İnzibati Xətalar Məcəlləsinə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslərin məsuliyyəti ilə bağlı dəyişikliklər olunmuşdur.

Sərəncamda verilmiş tapşırıqların icrası çərçivəsində, həmçinin məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanunvericiliyin tələblərinə uyğun çəkilməsi, rejim qaydalarına ciddi riayət olunması ilə bağlı tədbirlər müəyyən olunmuş, habelə mövcud istehsal sahələrinin bərpası və yenilərinin yaradılması, bu fəaliyyətə sahibkarların, iş adamlarının daha geniş cəlb olunması ilə bağlı mühüm addımlar atılmış, məhkumların istehsal etdikləri məhsulların satış dairəsini genişləndirmək məqsədi ilə müasir informasiya texnologiyaları tətbiq olunmaqla "Həbsxana incəsənəti" adlı onlayn market yaradılmışdır.

Məhkəmə-hüquq islahatlarının yeni mərhələdə həyata keçirilməsinə rəvac verən bu mühüm Sərəncamın icrası üzrə tədbirlər davam etdirilir.

Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların real təzahürüdür.

Fəxrlə deyə bilərik ki, dövlət başçısının qəti siyasi iradəsi ilə ölkəmiz bütün dünyada hökm sürən qlobal iqtisadi böhran şəraitində belə uğurla inkişaf edir. Bunu cari ildə respublikamızın sosial-iqtisadi inkişafının göstəriciləri bir daha sübut edir. 2017-ci ilin 9 ayı ərzində qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, sənaye 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artmış, xarici ticarət dövriyyəsində 7 faiz artım müşahidə olunmuşdur. Həmçinin, Azərbaycanın valyuta ehtiyatları cari ildə 4,5 milyard artaraq hazırda bu rəqəm 42 milyard dollar səviyyəsində olmuşdur. Regionların sosial-iqtisadi inkişafı üzrə görülən tədbirlər nəticəsində çoxsaylı müəssisələr və sosial obyektlər istifadəyə verilmişdir ki, nəticədə 226 min yeni iş yeri açılmışdır.

Dövlət başçısının Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş yubiley mərasimində çıxışında qeyd etdiyi kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır.

Təsadüfi deyil ki, ölkəmizdə aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Davos Dünya İqtisadi Forumunun hesabatında ölkəmiz iqtisadi rəqabətqabiliyyətliliyinə görə cari ildə 140 ölkə arasında iki pillə irəliləyərək 35-ci yerə yüksəlmişdir və MDB məkanında liderliyini qoruyur. Eyni zamanda, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerə qalxmış, həmçinin Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşmişdir.

Azərbaycanın təşəbbüskarı olduğu irimiqyaslı neft və qaz layihələrinin, o cümlədən TAP, TANAP, "Cənub Qaz Dəhlizi" layihələrinin həyata keçirilməsi, bu il "Əsrin kontraktı"nın uzadılması ilə bağlı respublikamızın gələcək inkişafını təmin edən yeni Sazişin imzalanması ölkəmizin iqtisadi potensialını artırmaqla qlobal enerji təhlükəsizliyi təminatında əvəzsiz rola malik olduğunu təsdiqləyir. Bu yaxınlarda dövlətimizin başçısının siyasi iradəsi və bilavasitə təşəbbüsü ilə dünya əhəmiyyətli daha bir layihənin gerçəkləşdirilməsi – Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi regionda sülhə və sabitliyə, iqtisadi inkişafa böyük töhfə olmuşdur.

Xüsusilə qeyd olunmalıdır ki, gündən-günə qüdrətlənən Milli Ordumuzun düşmənin təxribatlarının qarşısını qətiyyətlə alması, ötən il minlərlə hektar torpağımızın işğaldan azad olunması, o cümlədən Cocuq Mərcanlı kəndinin qısa zamanda bərpası və orada aparılan misilsiz quruculuq işləri böyük qayıdışın başlanğıcı olmaqla xalqımızı yüksək qələbələrə ruhlandırır.

Dövlət başçısının rəhbərliyi ilə respublikamızın yeni qlobal çağırışlara uyğun davamlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunmasında, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllində, elmin, təhsilin və səhiyyənin inkişafına hesablanmış mühüm layihələrin müvəffəqiyyətlə həyata keçirilməsində, humanizm, tolerantlıq ideya və prinsiplərinin uğurla inkişaf etdirilməsində, Azərbaycanın dünyamiqyaslı mühüm ictimai-mədəni tədbirlərə, mötəbər beynəlxalq forumlara ev sahibliyi etməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və əzmkar fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin bariz nümunəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur. Peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri də dövlət başçısının ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmindədirlər.

Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gələrək bu bayramı bizlərə bəxş etmiş ümummilli liderimiz Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edirlər. Bu günlər bütün ədliyyə sistemində bayram ab-havası yaşanır, Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yola nəzər salınır, ədliyyə orqanlarında və məhkəmələrdə silsilə bayram tədbirləri təşkil olunur. Bu ərəfədə həmçinin, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar, idman turnirləri keçirilmiş, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təcrübəli həkim heyəti tərəfindən nazirlikdə ədliyyə işçilərinin səyyar oftalmoloji müayinəsi aparılmış, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film hazırlanmışdır.

Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıram. Əminəm ki, ədliyyə işçiləri bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışacaq və bu sahədə əldə etdiyimiz nailiyyətlərlə gələn il Azərbaycan ədliyyəsinin 100 illiyinə böyük töhfə verəcəklər.

 

Fikrət MƏMMƏDOV,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri

Keçidlər