X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa İttifaqının ölkəmizdəki səfiri ilə görüş

Noyabrın 24-də ədliyyə naziri Fikrət Məmmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Avropa İttifaqı ilə ölkəmiz arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin elə həmin gün Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak etməsinin əlaqələrimizin inkişafında yeni təkan olduğunu vurğulayıb. Həmçinin hüquqi sahədə əməkdaşlığa toxunularaq ədliyyə sahəsində birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib, qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.

Nazir dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər  barədə ətraflı məlumat verib, ölkəmizdə hakimlərin ən şəffaf seçiminin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirildiyini, bu yaxınlarda Azərbaycanın məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatına layiq görüldüyünü vurğulayıb.

Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir K.Yankauskas Azərbaycan Prezidenti tərəfindən qəbul olunmasından şərəf duyduğunu bildirib, respublikamızın hərtərəfli tərəqqisini, əlverişli biznes mühitinin olduğunu qeyd edib, qarşılıqlı etimada əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib. Qonaq cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən tədbirləri, xüsusilə qanunvericiliyə edilən dəyişiklikləri alqışlayıb, həmçinin məhkəmə-hüquq sahəsindəki islahatlar barədə məlumatlı olduğunu söyləyərək qazanılan nailiyyətləri təqdir edib.

Görüşdə hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, probasiya və mediasiya institutlarının tətbiqi və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Keçidlər