X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Akademiyasında hakimlər üçün distant təlim keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqları çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Hakimlərin ən qabaqcıl metodikalarla davamlı tədrisi aparılır, bu zaman insan hüquqları, korrupsiya ilə mübarizə, məhkəmə etikası və digər aktual mövzuların, qanunvericilikdəki yeniliklərin, mütərəqqi Avropa təcrübəsinin, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə böyük önəm verilir.

Həmçinin BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə Akademiyanın elektron tədris platforması yaradılaraq distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur.

Hakimlərimizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini və təcrübəsini öyrənmələrinin əhəmiyyəti nəzərə alınaraq Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlıq çərçivəsində bu Məhkəmənin hakimlərinin və digər hüquqşünaslarının tədris tədbirlərinə daha geniş cəlb olunması barədə razılığa gəlinib.

Bununla əlaqədar Ədliyyə Akademiyasında Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi hüquq elmləri doktoru, professor Lətif Hüseynovun iştirakı ilə hakimlər üçün video-konfrans vasitəsilə distant təlim keçirilib.

Tədbirin açılışında çıxış edən Akademiyanın rəhbəri Elçin Xələfov bu təlimin əhəmiyyətini vurğulayıb, onun dinləyici auditoriyasının genişləndirilməsinə, təlim materiallarının daha çevik çatdırılmasına, həm mühazirəçilər, həm də dinləyicilər üçün vaxta qənaət olunmasına xidmət etdiyini bildirib. Qeyd olunub ki, Akademiya tərəfindən Avropa Şurası ilə birgə həyata keçirilən layihə çərçivəsində 1.100-dək hakim və digər hüquqşünaslar İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müxtəlif maddələrinin şərhinə dair təlimlərə cəlb olunub.

Ali, Bakı Apellyasiya və birinci instansiya məhkəmələrindən 10 hakimin və Ədliyyə Akademiyası təlimçilərinin iştirak etdiyi təlimdə Avropa Məhkəməsinin hakimi L.Hüseynovun "Avropa İnsan Hüquqları Konvensiyası və subsidiarlıq prinsipi" mövzusunda video-konfrans vasitəsilə mühazirəsi dinlənilib, maraqlı diskussiyalar keçirilərək fikir mübadiləsi aparılıb, hakimləri maraqlandıran suallara aydınlıq gətirilib.

Tədbir iştirakçıları bu cür aktual mövzulara dair distant təlimlərin təşkilinin hakimlərin bilik və bacarıqlarının artırılmasında və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında səmərəsini qeyd ediblər.

Dinləyicilərin böyük marağına səbəb olan belə təlimlərin bundan sonra da keçirilməsi nəzərdə tutulur.

Keçidlər