X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ədliyyə orqanlarında yad edilib

Əsrlər boyu xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirən təcavüzkar erməni millətçiləri tərəfindən 1918-ci ildə törədilmiş azərbaycanlıların soyqırımından 100 il ötür. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən xüsusi Sərəncam imzalanıb və qəbul olunmuş müvafiq tədbirlər planına uyğun olaraq ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir.

Bu kütləvi qırğın zamanı on minlərlə dinc sakin amansızcasına qətlə yetirilib, neçə-neçə yaşayış məntəqələri dağıdılaraq yerlə-yeksan edilib, milli-mədəni abidələrimiz yandırılaraq məhv edilib.

Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş ağır hadisələrlə əlaqədar Ədliyyə Nazirliyində və struktur qurumlarda tədbirlər keçirilib, bu ərəfədə ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin məsul işçiləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Soyqırımla bağlı ədliyyə orqanlarında anma mərasimləri keçirilərək erməni vəhşiliklərinin və cinayətlərinin tarixinə nəzər salınıb, bu qanlı aksiyanın statistikası, miqyası və qəddarlığına görə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu bildirilib.

Tədbirlərdə vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmiş Fövqəladə İstintaq Komissiyasının soyqırımının nəticələrinin araşdırılmasında, tarixi həqiqətlərin aşkara çıxarılmasında rolundan bəhs olunub, bu dəhşətli faciəyə yalnız müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymətin verildiyi, Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi vurğulanıb.

Ötən dövrdə bu barədə həqiqətlərin dünyada yayılması istiqamətində Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu tərəfindən görülən mühüm və tarixi işlərdən danışılıb, dövlət başçısının imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamının ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında müstəsna əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, bu kütləvi qırğından yüz il keçsə də, soyqırımı qurbanlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, faciəni törədənlər gec-tez layiqli cəzalarını alacaqlar.

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar, həmçinin mətbuatda çıxışlar edilib, faciəyə həsr olunmuş tədbirlərdə, yeni kitabların təqdimatında iştirak edilib, habelə gənc ədliyyə işçiləri Ədliyyə tarixi muzeyində xüsusi tarixi sənədlər əsasında yeni məlumatlara yiyələnib, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə təşkil etdiyi “Genosid-100” adlı sərgi ilə tanış olub, Nizami Kino Mərkəzində "Yaddaşın rəmzi. Quba-1918" filminə baxıblar. Soyqırımla bağlı, həmçinin nazirliyin kinozalında filmlər, foto-slaydlar nümayiş etdirilib.

Keçidlər