X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Probasiya xidmətinin elektron monitorinq fəaliyyətinə dair təqdimat keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ərəfəsində Ədliyyə Nazirliyi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində mayın 7-də Nazirliyin Probasiya xidmətində elektron monitorinq fəaliyyətinə dair ictimai təqdimat keçirilib.

Tədbirdə nazirliyin rəhbərliyi və aidiyyəti məsul işçiləri, probasiya üzrə yerli qurumların rəhbər heyəti, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdimatda çıxış edərək ulu öndər Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisinə yönələn ardıcıl və məqsədyönlü tədbirlərin ədliyyə və məhkəmə sistemini də əhatə etdiyini vurğulayıb, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 10 fevral 2017-ci il tarixli Sərəncamının müstəsna əhəmiyyətini qeyd edib, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında probasiya xidmətinin mühüm rolunu vurğulayıb.

Probasiya xidmətinin rəisi Akşin Ziyadov bu mühüm Sərəncamın icrası üzrə görülən tədbirlər barədə məlumat verib, alternativ cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etməklə elektron nəzarət vasitələrinin tətbiqinə başlanıldığını bildirib.

Qeyd olunub ki, bir sıra dövlətlərin təcrübəsi öyrənilməklə elektron nəzarət üsullarından ən geniş yayılan "elektron qolbaq" və mobil nəzarət qurğularının pilot qaydada sınaqları keçirilib və ölkəmiz üçün daha uyğun model seçilib, Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi yaradılıb, cari ilin aprelində Nazirlər Kabineti tərəfindən elektron nəzarət vasitələrinin siyahısı və onların tətbiqi qaydaları təsdiq edilib.

Sonra Elektron monitorinq mərkəzi tərəfindən məhkumlar üzərində izləmə prosesi və elektron qolbaqlar əyani nümayiş etdirilib.

Məlumat verilib ki, elektron nəzarət vasitələri azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə, həmçinin məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir, bu vasitələr məhkumun üzərində daşınmaqla, onun coğrafi yerdəyişməsinin izlənməsinə, müvafiq məlumatlarin monitorinq mərkəzinə ötürülməsinə imkan yaradır.

Bu vasitələrin istifadəsi ilə aparılan bütün izləmə məlumatları isə Monitorinq mərkəzi tərəfindən qəbul edilir. Müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan Mərkəz məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edir və ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərir.

Tədbir zamanı iştirakçılar Probasiya xidmətinin elektron monitorinq fəaliyyəti ilə yaxından tanış olublar, bu zaman elektron nəzarət vasitəsi tətbiq olunmuş bir məhkumla müvafiq sistem vasitəsilə əlaqə yaradılmaqla, monitorinq mərkəzinin imkanları əyani nümayiş etdirilib.

Vətəndaş cəmiyyətinin nümayəndələri azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsinin insanların azadlıq hüququnun qorunmasına xidmət etdiyini vurğulayıb, belə bir tədbirin keçirilməsinin ictimai əhəmiyyətini qeyd ediblər.

Keçidlər