X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan və Latviya arasında hüquqi əməkdaşlıq genişlənir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi hüquqi islahatlar çərçivəsində beynəlxalq hüquqi əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin, o cümlədən Avropa İttifaqı dövlətlərinin Ədliyyə nazirlikləri ilə səmərəli əməkdaşlıq həyata keçirilir. Ötən il Azərbaycanın və Latviya ədliyyə nazirlərinin və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfəri, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması hüquqi sahədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib.

Memorandumun implementasiyası çərçivəsində nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədbirlər keçirilərək qarşılıqlı müsbət təcrübələr öyrənilir.

Əməkdaşlığın davamı olaraq ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları ilə tanış olmaq, ədliyyə işçiləri və hakimlər üçün birgə təlimlərin keçirilməsi məqsədilə bu günlərdə Latviya Respublikası Ədliyyə Nazirliyinin məhkəmə məsələləri üzrə Dövlət Katibinin müavini İrena Kucina, Məhkəmə administrasiyasının direktoru Edvins Balşeviçs və layihə rəhbəri Anna Skrjabinanın daxil olduğu nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Qonaqlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri düzüblər. Həmçinin, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Sonra respublikamızın ədliyyə naziri Fikrət Məmmədov Latviya nümayəndə heyəti ilə görüşüb.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir hüquqi sahədə əlaqələrimizin inkişaf etdiyini, ötən il edilmiş qarşılıqlı ikitərəfli səfərlərin, keçirilmiş məhsuldar görüşlərin və imzalanmış Anlaşma Memorandumunun ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətə təkan verdiyini vurğulayıb, əməkdaşlığın dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu və hazırkı səfərin hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaqlar hüquqi sahədə əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib, Latviya ədliyyə nazirinin salamlarını çatdırıblar.

Eyni zamanda nazirliyin aidiyyəti idarələrində görüşlər keçirilərək konkret sahələr üzrə əməkdaşlığın prioritetləri müzakirələr olunub.

Səfər zamanı Latviya nümayəndə heyəti Məhkəmə-Hüquq Şurasında olub, Şuranın və Hakimlərin Seçki Komitəsinin üzvləri ilə görüş keçirilib, Şuranın fəaliyyəti, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə modeli, hakimlərin ən şəffaf seçim qaydası barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində, həmçinin nümayəndə heyətinin iştirakı ilə Ədliyyə Akademiyasında və Yasamal Rayon Məhkəməsində Ali, apellyasiya və birinci instansiya məhkəmələrinin 80-ə yaxın hakimləri və məhkəmə aparatı işçiləri üçün birgə təlimlər keçirilib, məhkəmə idarəetməsində ən yaxşı təcrübələr, məhkəmə qərarlarının keyfiyyətinin təmin edilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, mübahisələrin alternativ həlli institutunun tətbiqi, iş yükünün azaldılması, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi və digər aktual mövzular üzrə diskussiyalar keçirilərək faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Azərbaycanın məhkəmə sistemindəki yeniliklərinə, o cümlədən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinə maraq göstərilib.

Eyni zamanda, hakimlərin təlimçiləri və Ədliyyə Akademiyasının əməkdaşları üçün "Hakimlərin təlimi sahəsində Avropa standartları" mövzusunda treninq keçirilib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimliyə namizədlərin seçilməsi və hazırlanması prosesi ilə bağlı mövzular dinlənilib, Azərbaycanda hakimlərin seçiminin şəffaflığına, obyektivliyinə görə Avropada örnək kimi dəyərləndirilməsi təqdir olunub.

Qonaqlar ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına maraq göstərərək Yasamal Rayon Məhkəməsinin müasir binası və elektron məhkəmə sistemi, habelə Bakının mədəni-tarixi abidələri, o cümlədən Qobustan Milli Tarix-Bədii Qoruğu və "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.

Keçidlər