X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Milli Qurtuluş günü ədliyyə orqanlarında qeyd olunub

1993-cü il iyun ayının 15-də xalqımızın azadlığının, dövlətçiliyimizin müqəddəratının həll edildiyi bir vaxtda ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq çətin və şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edərək onu gələcəyə inamla irəliləyən güclü və sabit bir dövlətə çevirib. Dahi öndərin ölkə rəhbərliyinə qayıdışının – Milli Qurtuluş Gününün 25 illiyi ölkəmizdə geniş qeyd olunur, ümummilli liderin Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanır.

Milli Qurtuluş Günü Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında geniş qeyd olunub, bayram münasibətilə nazirliyin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı fədakar xidmətlərindən, Ümummilli Liderin Azərbaycanda müasir ədliyyə sisteminin yaradılmasına və fəaliyyətinə qayğısından bəhs edib, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətləri vurğulayıb.

Həmçinin ədliyyə orqanlarına qulluğa qəbul olunmuş bir qrup gənclərlə görüş keçirilib.

Gənclər əvvəlcə Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil qoyublar.

Görüşdə nazir müavini Toğrul Musayev ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, titanik fəaliyyətindən, ölkəmizdə qanunun aliliyi, insan hüquqlarının təminatı, dövlət quruculuğu istiqamətində misilsiz xidmətlərindən danışıb, dahi öndərin hüquq-mühafizə orqanlarında kadrların seçilib yerləşdirilməsi, onların Azərbaycan dövlətinə sədaqətlə xidmət etməsi, sağlam mənəviyyata, yüksək mənəvi keyfiyyətlərə malik olması ilə bağlı tələblərini xüsusilə diqqətə çatdırıb, ölkə başçısının rəhbərliyi ilə aparılan dövlət gənclər siyasətinə uyğun olaraq həyata keçirilən tədbirləri qeyd edib.

Çıxış edən gənclər dahi öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı naminə sədaqətlə xidmət göstərəcəklərini vurğulayıb, onlara bu əziz bayram ərəfəsində göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Bayramla əlaqədar nazirlikdə Heydər Əliyev Muzeyində əbədiyaşar liderimizin həyatı və fəaliyyəti, zəngin dövlətçilik irsi ilə bağlı yeni foto və ekspozisiyalarla tanış olunub, kinozalda ümummilli liderə həsr olunmuş filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib. Əməkdaşlar, həmçinin Nizami Kino Mərkəzində Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş "Qılınc və Qalxan" sənədli filminə tamaşa ediblər.

Keçidlər