X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən islahatlar aparılır, ədalət mühakiməsinə çatımlılıq, vətəndaşların məhkəmələrə müraciət imkanları asanlaşdırılır, məhkəmə infrastrukturunun yüksək statusuna uyğun müasirləşdirilməsi və "elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə ardıcıl tədbirlər görülür.

Bu sahədə islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilir, Dünya Bankı ölkəmizdə məhkəmə-hüquq islahatlarına dəstək göstərərək on ildən artıqdır ki, ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr uğurla həyata keçirilir. Bu layihələr çərçivəsində, habelə dövlət büdcəsi hesabına paytaxtda və bölgələrdə 14 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə 7 məhkəmə üçün belə binaların inşası aparılır. Bir çox məhkəmə bina və komplekslərin açılışlarında dövlətimizin başçısı şəxsən iştirak edib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

İyunun 14-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Dünya Bankının İcraya dəstək missiyasının nümayəndələri ilə görüşüb.

Milli Qurtuluş Günü ərəfəsinə təsadüf edən görüşdə nazir xalqımızın xilaskarı ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafını, yenicə istifadəyə verilmiş TANAP Trans-Anadolu qaz kəmərinin qlobal əhəmiyyətini vurğulayıb.

Nazir dövlət başçısının siyasi iradəsi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə görülən işlərdən danışıb, Dünya Bankı ilə ədliyyə sahəsində uzun müddətdir səmərəli əməkdaşlıq edildiyini, Bankın məhkəmə-hüquq islahatlarına dəstəyini qeyd edərək ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə birgə həyata keçirilən layihələrin nəticələrini vurğulayıb. Bildirilib ki, aparılan islahatlara beynəlxalq maraq artaraq artıq bir çox dövlətlərin nümayəndələri müsbət təcrübəmizdən bəhrələnmək üçün ölkəmizə səfərlər edir.

Dünya Bankının ölkəmizlə əməkdaşlığını yüksək qiymətləndirən Bankının Avropa və Mərkəzi Asiya Regionunun Dövlət İdarəçiliyi üzrə Meneceri Daniyel Boys bu layihənin Bankın 25 il ərzində müxtəlif sahələrdə həyata keçirdiyi 50-dən çox layihələr içərisində ən uğurlularından olduğunu qeyd edib, Azərbaycanın məhkəmə sistemində nailiyyətlərinin artıq beynəlxalq aləmdə tanındığını və müxtəlif beynəlxalq mükafatlara layiq bilindiyini söyləyib.

Nümayəndə heyəti səfər zamanı layihə çərçivəsində inşa olunmuş müasir Şəki Məhkəmə Kompleksi ilə tanışlıqdan məmnunluğunu ifadə edərək bu sahədə həyata keçirilən tədbirlərin, o cümlədən ən qabaqcıl İKT-lərin, xüsusilə elektron məhkəmə informasiya sisteminin tətbiqinin şahidi olduqlarını bildirib. Həmçinin birgə layihənin icrası barədə məlumat verərək, onun davam etdirilməsinin perspektivləri barədə faydalı fikir mübadiləsi aparıblar.

Qonaqlar nazirlikdə bu il 100 illiyi qeyd olunan Azərbaycan ədliyyəsinin tarixi muzeyi ilə tanış olublar.

Keçidlər