X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə naziri yanında İctimai Komitənin iki illik səlahiyyət müddəti başa çatır

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, ictimai iştirakçılığın geniş tətbiqinə xüsusi diqqət yetirilir. Bu məqsədlə 2006-cı ildən müvafiq Qaydalara əsasən ədliyyə naziri yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən formalaşdırılmış İctimai Komitə uğurla fəaliyyət göstərir.

Ötən dövrdə Komitənin fəaliyyəti xeyli təkmilləşdirilib, o cümlədən "İctimai iştirakçılıq" haqqında Qanuna uyğun olaraq səlahiyyətləri genişləndirilib. Müxtəlif ədliyyə sahələri üzrə fəaliyyətə geniş cəlb olunan İctimai Komitə mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirir, məhkumların islah prosesində, onlara hüquqi yardımın göstərilməsində, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində fəal iştirak edir.

Eyni zamanda, Nazirliyin kollegiya iclaslarında, konfrans və seminarlarda, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə Komitə üzvlərinin iştirakları təmin olunur, birgə "açıq qapı" günləri keçirilir, vətəndaş cəmiyyətinin nümayəndələri ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üzrə monitorinqlərə cəlb olunurlar.

Bildirilir ki, müvafiq Qaydalara uyğun olaraq fəaliyyət göstərən İctimai Komitənin iki illik səlahiyyət müddətinin cari il iyun ayının 25-də başa çatması ilə əlaqədar qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Bununla əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.

İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyən müvafiq sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə – Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

Əlavə məlumat əldə etmək üçün Nazirliyin (012) 510-52-83, (012) 537-06-70 nömrəli telefonları ilə əlaqə saxlamaq olar.

Keçidlər