Mətbu nəşrlərin uçotu

Dövri mətbu nəşrlər - çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlərdir.

Mətbu nəşr təsis etmək istəyən şəxs və ya səlahiyyətli nümayəndəsi həmin nəşrin çapından 7 gün əvvəl müəyyən edilmiş nümunəyə əsasən (əlavə 1 və əlavə 2) Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə rəsmi müraciət edir.

Mətbu nəşrin təsisçisi fiziki şəxs olduqda, onun müraciətdəki imzası notariat qaydasında təsdiq edilir, hüquqi şəxs olduqda müraciət hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Müraciətə aşağıdakı sənədlər əlavə olunur:

  • təsisçi fiziki şəxs olduqda: fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • təsisçi hüquqi şəxs olduqda: hüquqi şəxsin notariat qaydasında təsdiq olunmuş nizamnaməsinin surəti;
  • mətbu nəşrin redaktorunun (baş redaktorunun) şəxsiyyətini təsdiq edən sənədin surəti; mətbu nəşrin redaktorunun (baş redaktorunun) ali təhsilini təsdiq edən sənədinin notariat qaydada təsdiq olunmuş surəti.

Reyestrə daxil edilmiş mətbu nəşrlərin təsisçilərinin tərkibi dəyişildikdə həmin faktın reyestrə daxil edilməsi məqsədilə Ədliyyə Nazirliyinə müraciət edilməlidir. Müraciətdə mətbu nəşrin adı, qeydiyyat tarixi və nömrəsi, təsisçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının ad və yeni təsisçi və ya təsisçilər fiziki şəxs olduqda onun və ya onların soyadı, adı, atasının adı, hüquqi şəxs (şəxslər) olduqda isə onun (onların) firma adı, qeydiyyat tarixi və nömrəsi göstərilməlidir. Müraciət təsisçilər və ya səlahiyyətli şəxslər tərəfindən imzalanmalı və notariat qaydasında təsdiq edilməlidir. Təsisçisi hüquqi şəxs olan mətbu nəşrlərin təsisçilərinin tərkibi dəyişildikdə həmin faktın reyestrə daxil edilməsi məqsədilə Ədliyyə Nazirliyinə təqdim edilən müraciətdə habelə təsisçinin firma adı, qeydiyyat tarixi və nömrəsi göstərilməlidir.

Qeyd: bu qaydalar xaricdə təsis edilmiş mətbu nəşrlərin ölkəmizdə yayılmasına şamil edilmir.

“Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları”na 1 №-li əlavə

“Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları”na 2 №-li əlavə

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 14.10.2015-ci il tarixli 10-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları”

iacca
help_az
iap
eplc