Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.

1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib.

Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçib.

Erməni şovinisti Z.Balayanın 1981-ci ildə erməni dilində Yerevanda, 1984-cü ildə rus dilində Moskvada çap edilmiş “Ocaq” kitabında Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsi, 1987-ci ilin noyabrında Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyanın Parisdə “L’Humanité” qəzetinə müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsini dəstəkləməsi, 1987-ci ilin payızında Yerevanda təşkil edilmiş mitinqlərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa çağırışlar, ərazi iddiaları bu fəaliyyətin tərkib hissələri olub.

1987-ci ilin sonlarından Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın başqa rayonlarında (Amasiya, Ararat, İcevan, Yeğeqnadzor, Meğri, Sisyan, Gorus, Qukark, Vardenis, Masis, Əzizbəyov, Artaşat, Hoktemberyan, Noyemberyan və s.) və şəhərlərində (Yerevan, Kirovakan, Hrazdan, Stepanavan, Spitak, Cermuk, Gümrü və s.) yaşayan azərbaycanlıların da aqibəti eyni olub. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınıblar.

Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistanda kompakt şəkildə yaşayıb . Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib.

Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.

1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi Xankəndi şəhərində (o dövrdə Stepanakert) Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirilib. Fevralın 16-dan martın 2-dək DQMV-də müxtəlif mitinqlər təşkil edilib. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyib) vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verib. Fevralın 21-də isə Sov.İKP MK “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarıb və bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılıb. Buna baxmayaraq, fevralın 22-də Xankəndi-Ağdam şosesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açıblar. Nəticədə iki azərbaycanlı gənc həlak olub. Martın əvvəlində Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan “Qarabağ” təşkilatı Yerevanda, “Krunk” təşkilatı isə Xankəndidə fəaliyyətə başlayıb.

İyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsi” haqqında qərar qəbul edib. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq iyunun 17-də DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiq edib. İyulun 18-də isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə qərar çıxarıb. Bununla SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit

olunmuş müvafiq müddəanı rəhbər tutaraq respublikaların ərazi bütövlüyü prinsipini müdafiə edib.

SSRİ-nin ümumi dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşirdi. Dağlıq Qarabağda pozuculuq fəaliyyəti ilə məşğul olan, əsasən Ermənistandan göndərilən silahlı qruplar peyda olmuşdu. Belə bir şəraitdə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə yaradılan Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar - 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələnib.

Erməni diasporu münaqişənin dinamikasına təsir etməklə yanaşı, fəaliyyət göstərdikləri ölkələrdə təbliğat işi aparır və müxtəlif dövlətləri münaqişəni öz maraqlarına uyğun həllinə yönəltməyə çalışırdı. Təsadüfi deyil ki, 1989-cu il iyulun 19-da ABŞ Senatı “Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq, Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında” qətnamə qəbul edib. 1989-cu il noyabrın 19-da ABŞ Senatı “Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin əhalisinin baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək” arzusunda olduğunu bəyan edib. SSRİ-də yeni yaranmaqda olan “hüquq müdafiə hərəkatı”, xüsusən “Memorial” təşkilatı Ermənistanın ərazi iddialarını birmənalı şəkildə müdafiə edib.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil edib. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirilib.

Ermənistan SSR Ali Sovetinin qərarları münaqişənin təcavüzkar mahiyyətini açıq-aydın ortaya qoyurdu. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın dövlət strukturları tərəfindən irəli sürülürdü. Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini qopartmaq istəyirdi.

1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli Hərəkatı qalib gəlib. Mahiyyət etibarilə Ermənistanda müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələr hakimiyyətə yiyələniblər. Bu isə onların təcavüzkar müharibəyə başlanması prosesini daha da sürətləndirib. Yerevan bütün səylərini qeyri-rəsmi hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəldib. SSRİ dağılan zaman Azərbaycan ordu yaratmağa hazırlaşanda, Ermənistan artıq təlim keçmiş ordu biləşmələrinə sahib idi. Ermənistan münaqişənin ilk vaxtlarında hərbi üstünlüyə malik olub və problemi öz müharibə məqsədlərinə uyğun olaraq güc yolu ilə həll etməyə üstünlük verib. Ona görə də danışıqlar prosesinə heç vaxt ciddi yanaşmayıb və danışıqlardan yalnız beynəlxalq ictimai rəydə görüntü yaratmaq məqsədi ilə yararlanıb.

İstər münaqişənin müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycanın mövqeyi SSRİ Konstitusiyası və beynəlxalq hüquq normaları baxımından tam haqlı idi. Lakin o dövrdə Azərbaycan siyasi elitasının durumu, siyasi liderin olmaması vəziyyəti daha da dramatikləşdirirdi. Proseslərin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt iradəsinin, prinsipial mövqeyinin dayanmalı olduğunu başa düşən, uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev bu dövrdə məcburi istefada idi. Onun respublikada olmaması münaqişənin ermənilərin istəyinə uyğun olaraq daha da dərinləşməsinə bilavasitə təsir göstərib.

1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının Bakıya yeridilməsi və bunun nəticəsində dinc əhalinin qətlə yetirilməsindən sonra Kreml və şəxsən prezident Mixail Qorbaçov tam nüfuzdan düşdü. Bakıdan sonra sovet qoşunları Neftçala və Lənkəranda mülki şəxsləri güllələdi. Ümumilikdə, Yanvar hadisələri zamanı ölkə üzrə 150 nəfər öldürüldü. Azərbaycan xalqının SSRİ-yə münasibətinin tamamilə dəyişməsində və öz milli müstəqillik ideyalarının reallaşdırılmasında 20 Yanvar qırğını mühüm rol oynayıb. Azərbaycanın kommunist rəhbərləri xalqın milli şüurunda baş verən köklü dəyişiklikləri görmədiyi halda, Heydər Əliyev yanvarın 21-də Moskvada bəyanatla çıxış edərək, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürüdülən qərəzli siyasətinə kəskin etirazını bildirib.

SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi. Çünki həmin Komitə özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən imkanlarına əsaslanırdı. Ümumittifaq dövlətçiliyini qəti şəkildə dağıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu Komitənin fəaliyyəti əhəmiyyətsiz oldu. Yaranmış yeni siyasi reallıq SSRİ hakimiyyətinin nominal olduğunu və onun sonunun çatdığını göstərirdi.

1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edildi, dekabrın 10-da isə “referendum” keçirildi. Ermənistan, SSRİ-nin dağılması perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi kimi qələmə verməmək üçün strategiyasını dəyişib belə bir plan cızmışdı. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edib.

Bu vaxta qədər açıq ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlayıb. Bununla da, münaqişə yeni “qaynar mərhələ”yə keçib.

Hərbi kampaniya dövründə erməni ordusu hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar həm etnik təmizləməyə, həm də əsl soyqırımına məruz qalıblar.

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki-bioloji cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.

Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması

ölkəni faktiki “olum, ya ölüm” seçimi qarşısında qoyub. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyevdə görüb və ölkənin gələcək taleyini ona etibar edib.

1993-cü il iyunun 15-də Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. O, belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. O, belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi.

1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub.

Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən münaqişə beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olub, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul olunub.

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə – 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı döyüşməsi, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakı və həmin ərazilərdə yerləşdirilməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması və s. kimi faktlar Ermənistanın münaqişədə tərəf kimi çıxış etdiyini sübut edir. Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları

Ermənistana qarşı” işi ilə bağlı qəbul etdiyi qərarında Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda “effektiv nəzarətə” malik olduğunu vurğulayır. Bundan başqa, 1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırıb. Həmin bəndlərdə deyilirdi ki, “Üzv dövlətlər... öz ərazilərində... separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər”, onlar, həmçinin “başqa üzv dövlətlərin ərazisində separatçı hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, ...onlara iqtisadi, maliyyə, hərbi və başqa kömək göstərməməyi öhdələrinə götürürlər”. Bütün bu və digər çoxsaylı faktlar bir daha sübut edir ki, Azərbaycana qarşı hərbi təcavüz aktı törədilib və onun mövcudluğunu inkar etmək mümkün deyil. Təcavüz - beynəlxalq hüququn fundamental prinsiplərini kobud şəkildə pozan, gücdən qeyri-qanuni istifadənin ən ağır forması olan beynəlxalq cinayətdir. Buna qarşı ciddi reaksiya verilməli və müvafiq tədbirlər görülməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələri mütləq şəkildə icra edilməli və Azərbaycan xalqına qarşı ədalətsizliyə son qoyulmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar dəfələrlə bəyan edib ki, “Sərhədləri bütün dünya tərəfindən tanınmış suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.

BMT Baş Assambleyasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2006-cı il sentyabrın 7-də qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsində işğal edilmiş ərazilərdə ermənilər tərəfindən törədilən yanğınlar pislənilib. Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi eyniadlı növbəti qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış

şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır.

Münaqişə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də dəfələrlə müzakirə edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq, Azərbaycanın hərbi təcavüzə məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayır, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə çağırır.

Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırır. 2016-cı ildə İƏT-in İstanbulda keçirilən sammitində İƏT çərçivəsində “Ermənistan Respublikasının Azərbaycana təcavüzünə dair Təmas Qrupu” yaradılıb. Təmas Qrupunun tərkibinə 7 ölkə daxildir: Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Mərakeş, Cibuti, Qambiya.

Avropa İttifaqı 1993-cü ildən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güc yolu ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırıb. Təşkilatın öz tərəfdaşları ilə münasibətləri qeyd edilən prinsiplər üzərində qurması bir daha onu göstərir ki, fundamental hüquqi prinsiplərə riayət edilmədən beynəlxalq münasibətlərin tənzimlənməsi mümkün deyil. Şərq Tərəfdaşlığı çərçivəsində qəbul edilən sənədlər və bəyanatlar bunun bariz nümunəsidir. 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməklə bu məsələdə qərarlı olduğunu nümayiş etdirib.

Avropa Şurasının fəaliyyətinin əsasən siyasi və hüquqi islahatlar sahəsini əhatə etməsinə baxmayaraq, vaxtaşırı Avropada, o cümlədən Cənubi Qafqazda cərəyan edən münaqişələrlə bağlı mövqeyini ifadə edib. İlk olaraq, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin ağırlığını nəzərə alaraq, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) müxtəlif hesabatlar hazırlayıb, onların heç bir şərt olmadan qayıdışının təmin olunmasına çağırıb və üzv dövlətlərin bu humanitar faciəyə həssas yanaşmalarına çalışıb. AŞPA münaqişənin ATƏT-in vasitəçiliyi ilə Helsinki Yekun Aktı və Paris Xartiyasının prinsipləri əsasında siyasi həllinin tərəfdarı olub. Qurumun 1997-ci il aprelin 22-də qəbul etdiyi “Cənubi Qafqazda münaqişələr haqqında” 1119 nömrəli qətnaməsi münaqişənin həllinin aşağıdakı əsaslarını təyin edir: sərhədlərin toxunulmazlığı, tərəflər arasında danışıqlar yolu ilə razılaşdırılan Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusunun verilməsi, qaçqın və məcburi köçkünlərin qayıtmaq hüququ, bütün xalqların təhlükəsizlik təminatı, o cümlədən sülhün qorunmasını təmin edən çoxmilli qüvvələrin yerləşdirilməsi. AŞPA münaqişələrin həllini etnik qruplara öz xüsusiyyətlərini ifadə etməyə şərait yaradan muxtariyyət statusunun verilməsində görür. Etnik qruplar öz hüquqlarından tam bəhrələnməli və dövlətin ərazi bütövlüyünə xələl gətirməməlidirlər. AŞPA 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 nömrəli “ATƏT-in Minsk qrupu tərəfindən tənzimlənən Dağlıq Qarabağ münaqişəsi haqqında” qətnamədə Azərbaycan ərazilərinin işğal faktını təsdiqləyib, bu ərazilərdəki etnik təmizləmələrdən narahatlığını ifadə edib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət edilməsinə və qoşunların işğal edilmiş ərazilərdən geri çəkilməsinə çağırış edib. Təşkilat, həmçinin məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnu təsdiqləyib, üzv dövlətin ərazisinin digər üzv dövlət tərəfindən işğal edilməsinin yolverilməzliyini vurğulayıb. Bundan başqa, Azərbaycanın 6 rayonunun 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarının işğal nəticəsində qəzalı vəziyyətə düşməsi, sakinlərin suvarma suyundan məhrum olması barədə AŞPA-nın Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi məruzə hazırlayıb. Məruzə əsasında 2016-cı il yanvar ayının 26-da qəbul edilən “Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə erməni qoşunlarının sözügedən bölgədən geri çəkilməsini tələb edir, qəsdən süni ekoloji böhranın yaradılmasını “ekoloji təcavüz” kimi qiymətləndirir və eyni zamanda Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsini bir daha təsdiqləyir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində qəbul olunmuş sənədlər beynəlxalq hüququn prinsip və normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi bazası və mexanizmini təşkil edir. 1992-ci il yanvarın 30-31-də Praqada keçirilən ATƏM Nazirlər Şurasının iclasında Azərbaycan və Ermənistanın bu təşkilata üzvlüyündən sonra ATƏM münaqişə ilə yaxından maraqlanmağa başlayıb. Fevral ayında Ermənistan və Azərbaycana məruzəçilər missiyasının göndərilməsindən sonra təşkilatın Ali Məmurlar Komitəsi qərar qəbul edərək tərəfləri sülhə, o cümlədən atəşkəsin elan edilməsinə və qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymağa çağırıb. 1992-ci il martın 24-də Ali Məmurlar Komitəsinin təşəbbüsü ilə ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən əlavə görüşündə ATƏM-in münaqişənin həlli prosesində əsas rol oynamalı olduğu bildirilib, Minskdə danışıqlar üçün daimi çərçivə kimi çıxış edəcək xüsusi konfransın çağırılması qərara alınıb.

Təşkilatın 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında münaqişənin həlli prosesinə təkan vermək üçün əlaqələndirilmiş fəaliyyət çərçivəsində səylərin gücləndirilməsi və sülhün qorunması üçün çoxmillətli qüvvələrin münaqişə bölgəsinə göndərilməsi haqqında razılığa gəlinib, həmçinin ATƏM-in fəaliyyətdə olan sədrinə Minsk konfransının həmsədrlərini təyin etmək tapşırılıb.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistanın mane olmaq cəhdlərinə baxmayaraq, münaqişənin həlli prinsipləri müzakirəyə çıxarılıb və bu prinsiplər ATƏT-in fəaliyyətdə olan sədrinin yekun sənədə əlavə edilən bəyanatında öz əksini tapıb. ATƏT-in bütün iştirakçı dövlətlərinin qoşulduğu həmin prinsiplər aşağıdakılardır:

1. Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;

2. Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə sazişi ilə müəyyən olunmuş Azərbaycan daxilində ən yüksək özünüidarəetməni ehtiva edən hüquqi statusu;

3. Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət.

Lissabon sammitində sözügedən prinsiplərin təsbit edilməsi, 1997-ci ilin əvvəllərində Minsk qrupunda yeni həmsədrlik institutun yaradılması və Rusiya, ABŞ və Fransanın həmsədrlər təyin edilməsi danışıqlar prosesinə impuls verib. Həmsədrlər münaqişənin həlli ilə bağlı yazılı təkliflərlə çıxış ediblər. 1997-ci ilin yayında hərtərəfli saziş layihəsi tərəflərə təqdim edilib. Azərbaycanın konstruktiv mövqeyinə baxmayaraq, Ermənistan təklifi rədd edib. 1997-ci ilin payızında həmsədrlərin bölgəyə səfəri zamanı tərəflərə “mərhələli həll” planı təqdim olunub. Bu plana əsasən ilk olaraq texniki məqamlar – Ermənistan qoşunlarının işğal edilmiş rayonlardan geri çəkilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması, kommunikasiya vasitələrinin bərpası, ATƏT-in sülhyaratma missiyasının bölgəyə yerləşdirilməsi həll edilməli, sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalı idi. Lakin Ermənistan yenidən danışıqlar prosesində konstruktiv irəliləyişdən imtina edib. 1998-ci ilin noyabrında həmsədrlərin “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklifi isə Dağlıq Qarabağa Azərbaycanın daxilində dövlət və ərazi vahidi statusu verməklə dövlətin suverenliyi və ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil edirdi. Azərbaycan bu təklifi qəbul etməyib.

Bundan sonrakı illərdə keçirilmiş görüş və danışıqlarda da Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən, habelə mövcud qərarlardan boyun qaçırması nəticə etibarilə danışıqların gedişində irəliləyişin əldə olunmasına imkan verməyib.

2007-ci ilin noyabr ayında Minsk qrupu münaqişənin sülh yolu ilə həlli prinsiplərini hazırlayıb. Madrid adlanan proses çərçivəsində təklifləri ehtiva edən Madrid sənədinin birinci versiyası tərəflərə təqdim olunub. 2009-cu ilin sonunda isə Madrid sənədinin yenilənmiş layihəsi hazırlanıb və tərəflərə təqdim edilib. Lakin Ermənistanın destruktiv mövqeyi səbəbindən gözlənilən irəliləyiş əldə olunmayıb. Hər iki sənəd münaqişənin mərhələli şəkildə həll edilməsini nəzərdə tutaraq nizamlanmanın əsas elementləri kimi aşağıdakıları ehtiva edir: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması,

münaqişəyə məruz qalmış ərazilərin, o cümlədən kommunikasiya xətlərinin bərpası, Azərbaycanın Dağlıq Qarabağ regionuna qayıtmış azərbaycanlı icması və orada yaşayan erməni icması üçün müvəqqəti statusun verilməsi.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında 2008-ci il noyabrın 2-də Moskvada keçirilən görüşün sonunda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Moskva Bəyannaməsi imzalanıb. Bəyannamədə münaqişənin siyasi vasitələrlə beynəlxalq hüququn normaları və prinsipləri əsasında və bu çərçivədə qəbul edilmiş sənədlərə və qərarlara əsasən həll edilməsi və bunun da öz növbəsində regionda hərtərəfli əməkdaşlığa şərait yaradacağı göstərilirdi. Bəyannamənin bu hissəsi münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktının müddəaları əsasında nizamlanmasını nəzərdə tutur. Bu da bir daha münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin labüdlüyünü təsdiq edir.

Sonrakı görüşlərdə dövlət başçıları münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqların davam etdirilməsi haqqında razılığa gəlib və problemin humanitar aspektlərinə xüsusi diqqət ayırıblar. Lakin danışıqlar prosesində intensivliyin artdığını və prosesin öz maraqlarına uyğun cərəyan etmədiyini görən Ermənistan hərbi təxribatlar yolu ilə danışıqları pozmağa çalışıb. Belə ki, Fransanın təşəbbüsü ilə 2014-cü il oktyabrın 27-də prezidentlərin Paris görüşündən sonra danışıqlar masasında olan konkret məsələləri müzakirə etmək əvəzinə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40.000 nəfərdən artıq şəxsi heyətin iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirib. Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində hücum xarakterli uçuşlar etməsi Ermənistan helikopterlərindən birinin vurulması ilə nəticələnib. Bu hadisədən sonra danışıqlar prosesinin intensivliyi aşağı düşüb və iki ölkə prezidentləri arasında görüş 2015-ci il dekabrın 19-da İsveçrənin Bern şəhərində bərpa edilib.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları

nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə zonasında gərginliyin əsas səbəbi olduğunu və münaqişənin siyasi həllinə başlıca maneə kimi qaldığını beynəlxalq ictimaiyyətə növbəti dəfə nümayiş etdirdi.

2016-cı il ərzində Ermənistan və Azərbaycan prezidentləri arasında Vyana və Sankt-Peterburq görüşlərində substantiv müzakirələr aparılıb, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu görüşlərdə də münaqişənin həllində irəliləyiş əldə olunmayıb.

Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. İlk olaraq fevralın 20-də Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni “referendum” keçirilib. Lakin bu, beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub. İyun və iyul aylarında Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində səylərini artırdığı, beynəlxalq ictimaiyyətin substantiv danışıqlara ciddi çağırışları fonunda Ermənistan qoşunların təmas xətti boyunca vəziyyəti gərginləşdirməyə çalışıb. Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər - 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyeva və onun nəvəsi 2016-cı il təvəllüdlü Zəhra Quliyeva qətlə yetirildi, 1965-ci il təvəllüdlü Səlminaz Quliyeva isə ağır yaralanıb. Ermənistanın mülki insanları və obyektləri qəsdən hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanıb. Beynəlxalq ictimaiyyət bir daha ardıcıl şəkildə əmin olub ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil.

Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və

hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, müharibə məqsədlərinə nail olmağı düşünür.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, “Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır”.

Beynəlxalq hüququn hər bir subyektinin üzərinə götürdüyü öhdəliklər ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə riayət edilməsindən başlayır. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri və Helsinki Yekun Aktının prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları formalaşıb və beynəlxalq birlik tərəfindən qəbul edilib. Bu, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının muxtar şəkildə birgəyaşayışını nəzərdə tutur. Bu yanaşma tərəflər arasında münasibətlərin normal axara düşməsinə və sülhə nail olunmasına imkan verən əsas çərçivədir.


Əlavə № 1

Əlavə № 2

Əlavə № 3

iacca
help_az
iap
eplc