Sual-Cavab

1. Yerli özünüidarəetmə nə deməkdir?

Yerli özünüidarəetmə dedikdə yerli ərazi vahidi əhalisinin (ərazi kollektivinin) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür.

Yerli özünüidarəetmə orqanları onları yerli idarəetmə orqanlarından fərqləndirən bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir:

· Yerli özünüidarəetmə orqanları inzibati ərazi vahidinin əhalisi tərəfindən ümumi, bərabər, birbaşa seçki hüququ əsasında formalaşdırılır. Yerli idarəetmə orqanları isə mərkəzi dövlət orqanları tərəfindən təyin olunur və onların səlahiyyətləri tabe olduqları orqan tərəfindən müəyyən olunur;

· Yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli məsələlərin həllində müstəqildirlər. Lakin yerli özünüidarəetmə orqanlarının müstəqilliyi qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsindədir, onların qəbul etdikləri aktlar hüquqa, haqq-ədalətə əsaslanmalı, Konstitusiyaya, Qanunlara, Prezident Fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

Yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir.

2. Ölkəmizdə bələdiyyələr ilk dəfə nə vaxt yaranıb?

Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1607-yə endirilmişdir. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilmişdir.

3. Bələdiyyə üzvünün hansı hüquqları var?

Bələdiyyə üzvü bələdiyyənin fəaliyyəti ilə bağlı aşağıdakı hüquqlara malikdir:

bələdiyyənin daimi və digər komissiyalarına üzvü seçmək və seçilmək;

bələdiyyənin və onun orqanlarının iclaslarında müzakirə üçün məsələlər təklif etmək, müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrdə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək;

bələdiyyənin iclaslarında müzakirə üçün qərar layihələrini hazırlamaq;

bələdiyyənin daimi və başqa komissiyalarının iclaslarına təqdim edilmiş məsələlərin müzakirəsində iştirak etmək və təkliflər vermək;

bələdiyyənin fəaliyyəti ilə əlaqədar zəruri məlumat almaq;

sorğu vermək;

qanunvericiliyə müvafiq surətdə yerli radio və televiziyadan, mətbu nəşrlərdən istifadə etmək.

4. Yerli büdcə nədir, ondan hansı məqsədlər üçün istifadə olunur?

Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir.

Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır. Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.

5. Bələdiyyələrin büdcəsi hansı mənbələrdən formalaşır?

Bələdiyyə büdcəsi aşağıdakı mənbələrdən formalaşır:

- fiziki şəxslərdən torpaq vergisi;

- fiziki şəxslərdən əmlak vergisi;

- yerli əhəmiyyətli tikinti materiallar üzrə mədən vergisi;

- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi;

- küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;

- kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli vergi və ödənişlər;

- Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar;

- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər;

- fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;

- dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti.

6. Bələdiyyələr sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?

Bələdiyyələr təsərrüfat orqanı olmadığından onlar birbaşa özləri sahibkarlıqla məşğul ola bilməzlər. Lakin qanunvericilik bələdiyyələrə öz hüquqi şəxslərini (müəssisələrini) yaratmaq hüququ verir. Bələdiyyələr qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri istisna olmaqla sahibkarlığın bütün formaları ilə (istehsal, xidmət və s.) məşğul olan hüquqi şəxslərini (müəssisələrini) yarada bilirlər.

7. Bələdiyyə ərazisindəki mehmanxana, sanatoriya-kurort və turizm obyektləri bələdiyyəyə ödənişi necə etməlidirlər?

Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

8. Həyətyanı torpaq sahəsi bələdiyyə tərəfindən hansı qaydada ayrılır?

Bələdiyyə öz torpaqları üzərində sərəncam verə bilmək üçün ilk növbədə onun həmin torpaq sahələrinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyə tərəfindən bələdiyyə ərazisində daimi yaşayan və ən azı beş il müddətində qeydiyyatda olan şəxslərə həyatyanı torpaq sahəsi müvafiq dövlət orqanlarının (yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının) rəyləri alındıqdan sonra birbaşa bələdiyyə iclasının qərarı ilə satılır. Bələdiyyə qərarında torpaq sahəsinin satış qiyməti və alıcı tərəfindən torpaq sahəsinin digərinin ödənilməsi müddəti (60 gündən cox olmamaqla) göstərilir. Həmin müddətdə torpağın dəyəri alıcı şəxs tərəfindən ödənildikdə bələdiyyə ilə alıcı arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanılır.

Bu qaydada həyatyanı torpaq sahəsi almış şəxs onu beş il müddətində özgəninkiləşdirə bilməz.

Digər şəxslər həyatyanı torpaq sahəsini hərrac və ya müsabiqədə iştirak etməkdə qalib gəldikləri təqdirdə ala bilərlər.

9. Kimlər bələdiyyə üzvü ola bilər? (Bələdiyyə seçkilərinə namizədliyini kimlər verə bilər)

Seçkilər günü 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki komissiyasına təqdim etməlidirlər.

10. Kimlər bələdiyyə üzvü seçilə bilməzlər?

1. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din xadimləri, hərbi qulluqçular;

2. Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər.

iacca
help_az
iap
eplc