Avropa Komissiyası Azərbaycanda hüquqi islahatlara dəstəyini davam etdirir

Azərbaycan Respublikasında ədliyyə sektoruna büdcə yardımı proqramı ilə bağlı ölkəmizdə səfərdə olan Avropa Komissiyasının nümayəndə heyəti aprelin 2-də Ədliyyə Nazirliyində olmuşdur.

İşgüzar şəraitdə keçirilən görüşdə ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizdə Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin həyata keçirilməsini, bu mötəbər qurumun nümayəndəliyinin açılışının vacibliyini və bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin getdikcə möhkəmləndiyini xüsusi vurğulamış, ədliyyə orqanlarının inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə ətraflı danışmış, Ədliyyə İslahatlarına Yardım Proqramının yeni tərtib olunmuş layihəsinin bütövlükdə mükəmməl hazırlandığını bildirmişdir.

Avropa Komissiyasının nümayəndə heyəti Ədliyyə Nazirliyi ilə işgüzar əlaqələrin qurulmasından məmnun olduqlarını bildirirək, ötən ilin dekabrında Brüssel şəhərində ədliyyə nazirinin müavini ilə keçirilmiş ikitərəfli müzakirələrin səmərəli və faydalı olduğunu qeyd etmiş, tədbirdə məqsəd Ədliyyə İslahatlarına Yardım Proqramının layihəsinin müzakirəyə təqdim olunmasını söyləmişlər.

Görüşdə proqram layihəsinin məqsədləri, islahatların davam etdirilməsi üzrə prioritet sahələrin inkişafı məsələləri, o cümlədən regional ədliyyə şöbələrinin gücləndirilməsinə, yeni yaradılmış Ədliyyə Akademiyasının imkanlarının artırılmasına, penitensiar müəssisələrin müasirləşdirilməsinə dair məsələlər müzakirə olunmuş, təkliflər irəli sürülərək faydalı fikir mübadiləsi aparılmışdır.

Növbəti mərhələdə təkliflər paketinin proqram layihəsində nəzərə alınması və sənədin qəbul edilməsi istiqamətində məsləhətləşmələrin və müvafiq işlərin davam etdirilməsi qərara alınmışdır.

iacca
help_az
iap
eplc