Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Məhkəmə sisteminin fəaliyyətinə həsr olunmuş dəyirmi masa

Avropa Şurası Nazirlər Komitəsinin AQO Monitorinq Qrupunun Azərbaycana səfəri çərçivəsində iyulun 5-də məhkəmə sisteminin fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. AQO qrupu nümayəndələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri mühakiməsinə inamın gücləndirilməsinə yönəlmiş mütərəqqi islahatlar barədə ətraflı məlumat vermişdir.

İnsan hüquqlarının müdafiəsinə xüsusi önəm verən ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, məhkəmə fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, hakim korpusunda daha layiqli və hazırlıqlı şəxslərin təmsil olunması, beynəlxalq hüquq normalarının, mütərəqqi təcrübənin, xüsusilə İnsan hüquqları üzrə Avropa Məhkəməsi presedent hüququnun öyrənilməsi və tətbiqi məqsədilə görülən ardıcıl tədbirlər diqqətə çatdırılmışdır.

Qonaqlar verilən məlumatların Azərbaycanda bu sahədə görülən işlər barədə onlarda böyük təəssürat yaratdığını qeyd etmişlər. AQO Monitorinq Qrupu nümayəndə heyətinin rəhbəri Per Syöqren Azərbaycanın məhkəmə sistemində həyata keçirilən islahatların Avropa Şurası tərəfindən dəstəkləndiyini bildirmişdir.

Dəyirmi masada Avropa Şurası qarşısında öhdəliklərini dönmədən yerinə yetirən ölkəmizin məhkəmə sistemində həyata keçirilən əsaslı dəyişikliklərin ilk növbədə insan hüquqlarının etibarlı müdafiəsinə xidmət etdiyi vurğulanmışdır. Çıxışlarda qeyd olunmuşdur ki, hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçilməsi, regional apellyasiya məhkəmələrinin yaradılması, bölgələrdə hüquq təsisatlarının inkişafı Azərbaycanın demokratik prinsiplərə sadiqliyini bir daha təsdiq edir.

Nümayəndə heyətinin üzvləri cəzaçəkmə müəssisəsinə baş çəkmələri ilə bağlı təəssüratlarını bölüşmüş və AQO Monitorinq Qrupu ilə səmərəli əməkdaşlığa görə Ədliyyə Nazirliyinə təşəkkür etmişlər.

Tədbirdə məhkəmə fəaliyyətinin səmərəliliyi, hakimlərin müstəqilliyi, peşəkarlığı, onların sosial müdafiəsi, məhkəmə qərarlarının icrası, vəkillik fəaliyyəti, hüquqi yardım sistemi və digər mövzular üzrə geniş müzakirələr keçirilmiş, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı konkret məsələlərə dair faydalı fikir mübadiləsi aparılmışdır.

 

iacca
help_az
iap
eplc