Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Bələdiyyələrlə iş mərkəzində GİZ nümayəndələri ilə görüş

Martın 14-də Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Qiymətləndirmə missiyasının üzvləri ilə görüş keçirilib.

Görüşdə "Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı" çərçivəsində Bələdiyyələrlə iş mərkəzinin GİZ ilə səmərəli əməkdaşlığı və birgə həyata keçirilən tədbirlər qeyd olunaraq 2020-ci ildə proqramın müddətinin bitməsi ilə əlaqədar yeni proqram üzrə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Missiya üzvləri “Publik Maliyyələşmə”, “Yaxşı yerli idarəetmə”, “Hüquqi islahatlar” proqramlarını özündə birləşdirən “Yeni Yaxşı İdarəçilik” modulu haqqında məlumat veriblər. Eyni zamanda, ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Ədliyyə Nazirliyinin əsas icraçısı olduğu “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması” tədbiri ilə bağlı müzakirələr aparılaraq, bu istiqamətdə görülmüş işlər, seçilmiş pilot bələdiyyələrdə kəndin inkişaf modelinin yaradılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

GİZ-in nümayəndələri Strateji Yol Xəritəsi ilə yaxından tanış olaraq bu sahədə əməkdaşlıq perspektivlərinə toxunublar.

Ölkə başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" müstəsna əhəmiyyəti qeyd olunaraq missiya üzvlərinə bu Proqramda nəzərdə tutulmuş yerli özünüidarəetmə sahəsində bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadiləsinin təşkil edilməsi və digər tədbirlər barədə məlumat verilib, qeyd olunan məsələlər üzrə qarşılıqlı fəaliyyətə dair ilkin razılıq əldə olunub.


iacca
help_az
iap
eplc