Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə Akademiyası Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə beynəlxalq seminar keçirib

“Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın artırılması – VI Faza layihəsi” çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə 30 aprel - 1 may 2019-ci il tarixlərində “Hyatt Regency” otelində beynəlxalq miqrasiya hüququna dair iki günlük seminar keçirilib.

Layihə Azərbaycan hökumətini insan alveri və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə dəstəkləmək və bu sahədə yerinə yetirilən milli səylərə töhfə vermək məqsədi daşıyır.

Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri, o cümlədən Türkiyə, Fransa, Niderland, Monteneqro, Xorvatiya və Avropa Şurasının nümayəndələri, habelə Ədliyyə, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin 30-a yaxın məsul əməkdaşları iştirak ediblər.

Seminarda giriş nitqi ilə Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev və ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi Kristina Sinğ çıxış ediblər.

Elçin Xələfov BMqT ilə əməkdaşlığa böyük önəm verildiyini, təşkilatın təlim və seminarları vasitəsilə yerli hakim və vəkillərə təlim keçmək üçün təlimçilərin hazırlandığını qeyd edib.

Kristina Sinğ Birləşmiş Ştatların şərq və qərbin kəsişməsində mühüm coğrafi və siyasi mövqeyə malik olan Azərbaycanın dövlət qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini və bu layihənin məqsədinin miqrasiyanı daha səmərəli və beynəlxalq qanunlara müvafiq olaraq idarə etmək üçün hökumətə beynəlxalq miqrasiya hüququna uyğun olan miqrasiya siyasəti və qanunvericiliyi formalaşdırmaqda dəstək vermək olduğunu qeyd edib.

V.Qjorjiyev çıxışında miqrantların hüquqları və dövlətlərin bu sahədə öhdəliyindən söhbət açıb.

İki gün davam edən tədbirdə yerli və xarici ekspertlərin beynəlxalq miqrasiya hüququnun müxtəlif aspektlərinə həsr olunmuş təqdimatları dinlənilib, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğun olaraq miqrasiya ilə əlaqəli problemlər, geri qaytarılmama, miqrant uşaqların təhsil hüququ, miqrantların və qaçqınların hüquqlarının müdafiəsi və bu mövzuda digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Həmçinin miqrant hüquqları üzrə Avropa ölkələrinin qanunvericilikləri müqayisəli şəkildə təhlil olunub, ayrı-ayrı ölkələrdə miqrasiya və prosessual təminatlara nəzarət, miqrasiya prosesinin kriminal aspektləri ilə bağlı qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılıb.

iacca
help_az
iap
eplc