Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Tacikistan Azərbaycanın ədliyyə sahəsində innovasiyalara maraq göstərir

Ölkə Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində müasir çağırışlara uyğun məqsədyönlü islahatlar aparılaraq vətəndaşlara şəffaf, operativ və əlçatan xidmətlərin göstərilməsi məqsədilə elektron innovasiyalar tətbiq olunur. Bu sahədə yeniliklər beynəlxalq maraq doğuraraq digər dövlətlərin də diqqətini cəlb edir, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhrələnilir.

Tacikistan ədliyyə nazirinin iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Sazişin implementasiyası çərçivəsində ədliyyə sahəsindəki müsbət təcrübəmizi öyrənməklə bağlı müraciətinə əsasən Tacikistanın Prezident Aparatı və Ədliyyə Nazirliyinin nümayəndə heyəti respublikamızda səfərdə olub.

Səfər zamanı Tacikistan nümayəndə heyəti nazirliyin ayrı-ayrı istiqamətləri, o cümlədən qanunyaradıcı fəaliyyəti, beynəlxalq hüquqi əlaqələri, elektron ədliyyə xidmətləri və müxtəlif reyestrləri ilə tanış olub, tətbiq olunan innovasiyalara və rəqəmsal texnologiyalara dair təqdimatlar keçirilib.

Notariat hərəkətlərinin asan və çevik aparılması, məsafədən xidmətlərin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası, dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan bütün notariat fəaliyyətinə dair "Mobil notariat" qovluğu ilə tanışlıq qonaqların böyük marağına səbəb olub. Bildiriblər ki, notariat sahəsindəki müsbət təcrübəmizdən yararlanmaq məqsədilə Tacikistan notariuslarının ölkəmizə səfəri onlar üçün də faydalı ola bilər.

Nümayəndə heyəti həmçinin, ölkəmizdə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında probasiya institutunun tətbiqi təcrübəsi ilə tanış olub, Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron nəzarət vasitələrinin, o cümlədən elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri əyani nümayiş etdirilib.

Səfər çərçivəsində Ədliyyə nazirinin müavini Məhərrəm Əliyev ilə görüşən qonaqlar respublikamızın hərtərəfli tərəqqisinin şahidi olduqlarını bildirərək Azərbaycanın qısa müddətdə böyük inkişaf yolu keçdiyini vurğulayıb, ədliyyə və məhkəmə sahəsindəki yeniliklərlə tanışlıqdan yüksək təəssüratlarını bölüşərək qısa zamanda vətəndaşlara xidmət sahəsində müasir innovativ texnologiyaların tətbiqi üzrə əldə olunan nailiyyətləri təqdir ediblər. Həmçinin əməkdaşlığın genişləndirilməsində, yaxşı praktikaların öyrənilməsində maraqlı olduqlarını söyləyərək müsbət təcrübəmizin ölkəsi üçün faydasını qeyd ediblər.

Eyni zamanda, qonaqlar paytaxtda və bölgələrdə müasir məhkəmə bina və komplekslərinə baş çəkərək məhkəmələrin fəaliyyəti və iş şəraiti, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, həmçinin yerli və regional ədliyyə qurumları, yeni penitensiar infrastrukturla, habelə Azərbaycan brendi olan və ədliyyənin müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət"in innovativ fəaliyyəti ilə tanış olub, faydalı fikir və təcrübə mübadiləsi aparıblar.

iacca
help_az
iap
eplc