Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

AŞPA-nın həmməruzəçisi Ədliyyə Nazirliyində olub

Ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşüb.

Görüşdə Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, dövlət başçısının 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası üzrə görülən qanunvericilik və institusional tədbirlər müzakirə olunub.

Həmməruzəçilər cinayət qanunvericiliyinə edilmiş əsaslı dəyişikliklərə uyğun olaraq bir sıra əməllərin dekriminallaşdırılması ilə 5.000-ə yaxın məhkumun cəzadan tamamilə azad olunduğu və ya cəzasının yüngülləşdirildiyi, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirildiyi, probasiya xidmətinin yaradılaraq elektron nəzarət vasitələrinin tətbiqinə başlanıldığı və artıq 1500-dək məhkuma elektron qolbaq tətbiq olunduğu barədə ətraflı məlumatlandırılıb.

Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən bu sahədə tədbirlər davam etdirilərək cinayət qanunvericiliyinin yenidən humanistləşdirilməsinə dair təkliflərin hazırlandığı vurğulanıb.

Stefan Şennak humanistləşdirmə tədbirlərinin genişləndirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb, bu sahədə görülən işlər barədə Avropa Şurasının daha geniş məlumatlandırılmasının əhəmiyyətini qeyd edib. O, həmçinin məhkəmə-hüquq sistemindəki yeni islahatları, o cümlədən "Elektron məhkəmə" informasiya sisteminin ölkə üzrə genişləndirilməsi, mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiyanın təşviqi, sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmənin yaradılması, hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılması, məhkəmələrin fəaliyyətinə kənar müdaxilənin qarşının alınması üzrə tədbirlərin gücləndirilməsi, məhkəmə qərarlarının icrasının və ekspertizanın alternativ mexanizmlərinin yaradılması üzrə və digər tədbirləri maraqla qarşılayıb.

Söhbət zamanı, maraq doğuran digər suallara aydınlıq gətirilib, faydalı fikir mübadiləsi aparılıb.

iacca
help_az
iap
eplc