Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Azərbaycan Prezidentinin Fərmanı məhkəmə hakimiyyətinə ictimai etimadın artmasına xidmət edir

Bakı, 25 iyul, AZƏRTAC

Məlum olduğu kimi, 2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərman imzalanıb. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində Fərmanın icrası üzrə görülən işlər barədə fikirlərini bölüşüb.

– Fikrət müəllim, ilk növbədə, dövlətimizin başçısının ictimaiyyətdə böyük maraq doğuran və məhkəmə fəaliyyəti ilə bağlı həlli vacib bir çox məsələləri, yenilikləri özündə ehtiva edən məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanının əsas məqsədi və rolu barədə fikirlərinizi bilmək istərdik.

– Hər bir demokratik cəmiyyətdə müstəqil məhkəmə hakimiyyəti müstəsna rol oynayır. Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür.

Şübhəsiz ki, ədliyyə və məhkəmə sisteminin inkişafı ötən dövrdə respublikamızda həyata keçirilən hərtərəfli islahatların real təzahürü kimi qiymətləndirilməlidir. Belə ki, bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlərə imza atır. Dünya Bankının "Doing Business 2019" hesabatına əsasən ölkəmiz dünyada ən islahatçı on dövlətdən biri kimi müəyyən edilib.

Dövlətimizin başçısının yeni prezidentlik dövrünə nəzər yetirəndə ölkəmizdə hərtərəfli islahatların daha geniş vüsət aldığının şahidi oluruq. İnsanların rifahının yaxşılaşması, sosial xidmətlərin asan, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi sahəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə önəmli layihələrin gerçəkləşməsi xüsusi qeyd olunmalıdır.

Təbiidir ki, bu islahatlar ədliyyə orqanlarından, məhkəmə sistemindən də yan keçə bilməzdi. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, bu sahədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

Fərmanın əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaqdır.

Ədliyyə və məhkəmə sisteminin gələcək inkişafının strateji prioritetlərini müəyyən edən bu Fərman, həm də müstəsna əhəmiyyətə malik "yol xəritəsi" olmaqla proqram xarakteri daşıyır.

Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliliyinin artırılması və süründürməçiliyin aradan qaldırılması, hakimlərin iş yükünün azaldılması və s. kimi problemlərin həlli istiqamətində qarşıya mühüm vəzifələr qoyub.

Həmin məsələlər təxirəsalınmadan Ədliyyə Nazirliyinin Kollegiyasında, Məhkəmə-Hüquq Şurasının geniş iclasında hərtərəfli müzakirə edilərək konkret tədbirlər müəyyənləşdirilib. Eyni zamanda, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu yaradılaraq qarşıya qoyulmuş məsələlər üzrə təhlillər aparılıb, beynəlxalq təcrübə öyrənilib, kompleks qanunvericilik, institusional və praktiki tədbirlərə dair birgə təkliflər hazırlanıb, digər tədbirlər həyata keçirilib.

– Fərmanın icrası üzrə görülən bu işlər barədə bir qədər ətraflı məlumat oxucular üçün maraqlı olardı.

– Əvvəlcə, Fərmanın aktuallığı və ictimai əhəmiyyəti nəzərə alınaraq bu mühüm sənəddən irəli gələn məsələlər, yeniliklər barədə hüquq ictimaiyyətinin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakı ilə geniş ictimai müzakirələrin keçirilməsini qeyd etmək istərdim. Belə ki, məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri, o cümlədən vətəndaşların, xüsusilə sahibkarların məhkəmələrə müraciətetmə imkanının genişləndirilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi barədə Amerika Ticarət Palatası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dünya Bankı ilə birgə cəmiyyətin müxtəlif təbəqələri, biznes dairələri, diplomatik korpusun nümayəndələri və s. üçün geniş ictimai tədbirlər – konfranslar, forumlar və təqdimatlar keçirilib.

Nazirlik tərəfindən belə tədbirlər sahibkarların iştirakı ilə bölgələrdə, o cümlədən Gəncədə və Lənkəranda da təşkil olunub.

Bildirməliyəm ki, bu tədbirlər qarşıda duran vəzifələrin icrasında ictimai fikrin öyrənilməsi, vətəndaş cəmiyyəti nümayəndələrinin təkliflərinin nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir.

Fərmanla verilmiş tapşırıqların icrası çərçivəsində qeyd etdiyim birgə işçi qrupu tərəfindən qısa müddətdə 40-dək normativ aktın layihələri işlənilib hazırlanıb.

Həmin layihələr əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxacaq yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması, hakimlərin və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmə ekspertizasının və məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması və digər məsələlərlə bağlıdır. Eyni zamanda, icra sahəsində fəaliyyəti tənzimləyən normativ aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsinin layihəsi işlənib hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Qeyd olunmalıdır ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə qanunvericiliyə dekriminallaşdırma və s. ilə bağlı edilmiş dəyişikliklər nəticəsində 5 minə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faiz azalıb.

Hazırkı Fərmanla isə dövlətimizin başçısının humanistliyinin növbəti təzahürü olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb. Bununla əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrinə bütövlükdə 400-ə yaxın dəyişikliklərin edilməsi ilə bir çox əməllərin dekriminallaşdırılması, o cümlədən alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri ilə bağlı qanun layihələri hazırlanıb.

iacca
help_az
iap
eplc