Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Respublikası və Çin Xalq Respublikası Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanaraq səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir. Əlaqələrin genişləndirilməsi, ədliyyə və məhkəmə islahatları, habelə antikorrupsiya təcrübəsi ilə tanış olmaq məqsədilə sentyabrın 16-da Çinin Ədliyyə Nazirliyinin baş müşaviri - nazir müavini Pu Zengfan başçılıq etdiyi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib.

Qonaqlar əvvəlcə Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Ədliyyə naziri Fikrət Məmmədov Çinin nümayəndə heyəti ilə görüşüb.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Cinpinin xüsusi rolunu vurğulayıb, iki ölkə arasında hüquqi əlaqələrdən bəhs edərək, 2015-ci ildə dövlətimizin başçısının Çinə dövlət səfəri zamanı bu sahədə mühüm dövlətlərarası müqavilənin imzalandığını, nümayəndə heyətlərinin mübadiləsini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaq xalqlarımız arasında qədim tarixə malik dostluq əlaqələrinin olduğunu, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ədliyyə orqanları arasında inkişafını qeyd edib, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə hazır olduğunu söyləyib, Çinin ədliyyə nazirinin salamlarını çatdırıb.

Həmin gün qonaqların ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşü olub, geniş tərkibdə Ədliyyə nazirliklərinin nümayəndə heyətləri tərəfindən iki ölkənin məhkəmə-hüquq sistemi, bu sahədə aparılan islahatlar barədə ətraflı fikir mübadiləsi aparılıb. P.Zengfan Azərbaycanın Ədliyyə Nazirliyinin ayrı-ayrı istiqamətləri üzrə, o cümlədən qanunvericilik, e-xidmət, qulluğa qəbul, beynəlxalq əməkdaşlıq və digər sahələrdə fəaliyyətinə böyük maraq göstərib, yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Baş müşavir - nazir müavini həmçinin, dövlətimizin başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı mübarizədə aparılan qanunvericilik, institusional və praktiki tədbirlər barədə məlumatlandırılıb, səmərəli beynəlxalq antikorrupsiya əməkdaşlığının həyata keçirildiyi, bu sahədə Azərbaycanın dəstəyi ilə yaradılmış və təsis konfransı Çində keçirilmiş, ölkəmizin ədliyyə nazirinin vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının mühüm rolu vurğulanıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi Muzeyi ilə tanış olublar.

Səfər zamanı Çinin nümayəndə heyətinin Dövlət İmtahan Mərkəzində, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində görüşləri olub. Qonaqların həmçinin, müasir məhkəmə infrastrukturu və elektron məhkəmə sisteminin tətbiqi, eləcə də Azərbaycan brendi olan və ədliyyənin müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzlərinin vətəndaş məmnunluğu doğuran və korrupsiyaya qarşı mübarizədə mühüm fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

iacca
help_az
iap
eplc