Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Bakıda şəffaf və səmərəli ədalət mühakiməsi – innovativ nümunələr mövzusunda görüş keçirilib

Sentyabrın 30-da Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəffaf və səmərəli ədalət mühakiməsi - innovativ nümunələr” mövzusunda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə nazirliyin və mərkəzin nümayəndələri, “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun üzvləri, biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın, ölkədə fəaliyyət göstərən çoxsaylı sahibkarlıq subyektlərinin, ictimai birliklərin və biznes assosiasiyalarının, aparıcı hüquq/konsaltinq şirkətlərinin, vətəndaş cəmiyyətinin təmsilçiləri və bir sıra KİV-lərin rəhbərləri iştirak ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, oktyabrda Dünya Bankının “Doing Business” hesabatı açıqlanacaq. Hesabatdan əvvəl yayılan blok xarakterli materiallarda dörd istiqamət üzrə, o cümlədən mübahisələrin həlli ilə bağlı məsələdə Azərbaycanda aparılan islahatların qəbul edildiyi qeyd olunub. Hazırda Azərbaycan “Doing Business” hesabatında 195 ölkə arasında 25-ci yerdədir. Digər tərəfdən, ölkəmiz hazırda “Doing Business”də mübahisələrin həlli kateqoriyası üzrə 44-cü yerdədir. Dünya Bankının blok xarakterli materialı göstərir ki, Azərbaycan mübahisələrin həlli üzrə 44-cü pillədən daha da irəliləyəcək.

V.Qasımlı vurğulayıb ki, Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatına əsasən, ölkəmiz ən islahatçı 20 ölkə sırasına daxil edilib. Azərbaycanın bu il də “Doing Business” hesabatında islahatçı ölkələr arasında “TOP 20” siyahısına düşməsi böyük nailiyyətdir: “Çünki “Doing Business”də bizdən qabaqkı ölkələrin heç biri “TOP 20” islahatçıların siyahısına düşməyib. Finişə yaxınlaşdıqca TOP-islahatçı olmaq çətinləşir, islahat imkanları tükənir. Yəni, biz “Doing Business”də etalona 79 faiz yaxınlaşmışıq. Builki islahatlar bizi “Doing Business”də etalona 80 faizdən çox yaxınlaşdıracaq”.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova qeyd edib ki, görüşün keçirilməsində məqsəd Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə məhkəmə-hüquq sistemində aparılan islahatlar və tətbiq olunan innovasiyalar, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasında “Elektron məhkəmə” informasiya sisteminin üstünlükləri barədə məlumatlandırmanın təmin edilməsidir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlərə imza atır. Ölkədə aparılan genişmiqyaslı islahatlar real bəhrəsini verir və həyata keçirilən tədbirlər məhkəmə-hüquq sistemini də əhatə edir. Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə bu sahədə islahatlar yeni mərhələyə yüksəlib. Bu mühüm sənədin icrası, o cümlədən sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin gücləndirilməsi üzrə qanunvericilik, institusional və praktiki tədbirlər görülüb. Bu məqsədlə yeni ixtisaslaşdırılmış - kommersiya məhkəmələri yaradılıb.

Nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə, “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupun rəhbəri, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) prezidenti, hakim Ramin Qurbanov məhkəmə fəaliyyətinin avtomatlaşdırılması nəticəsində hüquqi xidmətlərə əlçatanlığın asanlaşdırılması, vətəndaşlara və sahibkarlara məhkəmələrə müraciət etmək üçün yaradılmış elektron imkanlar, o cümlədən şəxsi kabinet, elektron müraciət barədə təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Dünya Bankı və digər beynəlxalq təşkilatlara birgə apardığı çox uğurlu, sistemli və ardıcıl iş artıq nəticəsini verir. Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinə, məhkəmələrə inam artır.

Görüşdə iştirakçılarla faydalı müzakirələr aparılıb. Çıxışlarda ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması üzrə tətbiq olunan yeniliklərin vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının etibarlı müdafiəsinə xidmət etdiyi vurğulanıb, təkliflər səsləndirilib.

iacca
help_az
iap
eplc