Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqələrin mütəşəkkil qaydada keçirilməsi, bununla bağlı informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi və şəffaflığın artırılması məqsədilə davamlı tədbirlər görülür.

Bu tədbirlər çərçivəsində bölgələrdə kadrlara olan ehtiyac nəzərə alınaraq Ədliyyə Nazirliyinin yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş növbəti müsabiqə üzrə oktyabr ayının 12-də test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzi ilə birlikdə fərdi qaydada, kompüter vasitəsilə keçirilmiş imtahanı aidiyyəti dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri izləyib, həmçinin tədbirin gedişi Nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.

"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

Hazırkı müsabiqə üzrə oktyabr ayının 9-dək müraciət edən ilk qrup 127 namizədin iştirak etdiyi imtahanın yekununa görə 58 nəfər keçid balı toplayaraq müvəffəqiyyət qazanıb, onlara nəticələrinə dair arayış dərhal yerindəcə təqdim olunub. Həmçinin siyahı Nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Bildiririk ki, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri Nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.

Eyni zamanda qeyd edilir ki, ərizə qəbulu davam etdirilərək Nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.

Əlavə informasiyanı Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.


iacca
help_az
iap
eplc