Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Avropa Şurasının Penoloji Əməkdaşlıq Şurasının 9-cu plenar iclası keçirilib

Noyabrın 5-7-də Strasburqda Avropa Şurasının (AŞ) Penoloji Əməkdaşlıq Şurasının 9-cu plenar iclası keçirilib.

AŞ üzv dövlətlərinin, AŞ Parlament Assambleyasının, İnsan Hüquqları üzrə Komissarlığının, Cinayət Problemləri üzrə Avropa Komissarlığının və digər tərəfdaş təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın Ədliyyə Nazirliyi Probasiya xidmətinin Monitorinq idarəsinin rəisi Elmin Həsənov iştirak edib.

Tədbirdə Əməkdaşlıq Şurasının sonuncu iclasına dair hesabat, Avropa həbsxana qaydalarına müvafiq dəyişiklərlə bağlı təkliflər, bu ilin mayında keçirilmiş həbsxana və probasiya rəhbərlərinin yüksək səviyyəli iclasının nəticələri müzakirə olunub. Həmçinin həbsxana və probasiya nəzarətində olan məhkumlara münasibətdə AŞ normativ sənədlərinin tələblərinə riayət olunması, məhkumların yeni cinayət törətməsinin qarşısının alınmasında və cinsi hüquq pozuntuları ilə bağlı məhkum edilmiş şəxslərin cəmiyyətə qaytarılmasında elektron monitorinqin rolu barədə fikir mübadiləsi aparılıb, probasiya fəaliyyətinə dair təqdimatlar keçirilib.

Sonda Penoloji Əməkdaşlıq Şurası tərəfindən 2019-cu ildə görülən işlər və növbəti illərdə gələcək planlar müzakirə edilib.

Tədbir çərçivəsində Avstriyanın, Belçikanın, Türkiyənin, Avropa Probasiya Konfederasiyasının nümayəndələri ilə işçi görüşlərdə son illər ölkəmizdə ədliyyə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verilib, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti qeyd olunub. Nazirliyin Probasiya xidmətinin fəaliyyəti, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi maraqla qarşılanıb, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

iacca
help_az
iap
eplc