Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə Nazirliyi Qlobal Hüquqşünaslar Forumunda təmsil olunub

Çin Xalq Respublikasının Quançjou şəhərində "Elmi-texniki tərəqqi və hüquqi xidmətlər" mövzusunda Qlobal Hüquqşünaslar Forumu keçirilib.

Dünyanın 60-a yaxın dövlətindən 800-dək nümayəndənin, o cümlədən xarici dövlətlərdən hökumət üzvlərinin, ədliyyə və məhkəmə orqanları rəhbərlərinin, vəkillər kollegiyalarının və digər hüquqşünasların qatıldığı mötəbər forumda Azərbaycan ədliyyə nazirinin müavini Toğrul Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Açılışda Çinin ədliyyə naziri, Quandonq vilayətinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri giriş nitqi ilə çıxış ediblər.

Tədbirdə dövlət və özəl sektor tərəfindən hüquqi xidmətlərin göstərilməsi, elmin və informasiya texnologiyalarının bu sahəyə təsiri və s. bu kimi aktual məsələlər müzakirə olunub, forumun yüksək səviyyəli seqmentində təqdimatlar edilib.

Təqdimatla çıxış edən nazir müavini T.Musayev Azərbaycanda rəqəmsal texnologiyaların hüquqi xidmətlərin göstərilməsində və məhkəmə sistemində tətbiqindən danışaraq bu sahədə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qanunvericilik və institusional islahatlardan bəhs edib, e-hökumətin yaradılmasını, Azərbaycan brendi olan və təcrübəsi dünyada yayılan ASAN xidmətin səmərəli fəaliyyətini qeyd edib.

Həmçinin ölkəmizdə ədliyyə və məhkəmə sistemində tətbiq olunan innovasiyalar və rəqəmsal texnologiyalar – "Elektron məhkəmə" informasiya sistemi, "Mobil məhkəmə", habelə "Mobil notariat" proqram təminatları, məsafədən notariat xidmətlərinin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası barədə məlumat verilib.

Çıxışın mətni və Azərbaycanda "Rəqəmsal texnologiyalar və innovasiyalar", "Elektron məhkəmə" barədə broşüralar iştirakçılar arasında paylanılıb, Azərbaycan təcrübəsi maraqla qarşılanıb.

Səfər zamanı Çinin ədliyyə naziri Fu Jenghua ilə ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan və Çin arasında əməkdaşlıq münasibətlərinin inkişafı və bu əlaqələrin möhkəmləndirilməsində dövlət başçılarının siyasi iradəsi vurğulanıb, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Sazişin səmərəli implementasiyası və qarşılıqlı səfərlərin faydası qeyd olunub, çinli nazir Azərbaycanlı həmkarına ehtiram və salamları çatdırıb. Həmçinin, Forumun əhəmiyyəti qeyd edilərək tədbirin mövzularından olan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə toxunulub, onun Avrasiyanın inkişafı üçün geniş imkanlar açdığı və Azərbaycanın bu təşəbbüsü ilk dəstəkləyənlərdən olduğu vurğulanıb.

Tədbir çərçivəsində Özbəkistan, Laos və Mərakeşin ədliyyə nazirləri, Rusiya və Kambocanın ədliyyə nazirinin müavinləri ilə görüşlər keçirilib.

Forumda və ikitərəfli görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri xüsusilə diqqətə çatdırılaraq BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistan qoşunlarının işğal olunmuş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələrinin uzun illərdir icra olunmadığı, həmçinin Ermənistan rəhbərliyinin destruktiv bəyanatlarının münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlara mane olduğu vurğulanıb, buna ciddi reaksiya verilməsinin zəruriliyi bildirilib.

Səfər çərçivəsində nümayəndə heyətimiz tərəfindən Quandonq vilayəti Ədliyyə Departamentinin Hüquqi Xidmətlər Mərkəzinə baş çəkilərək qurumun fəaliyyəti, əhaliyə göstərilən hüquqi xidmətlərin dairəsi və ən son informasiya texnologiyalarının tətbiqi ilə tanış olunub.

iacca
help_az
iap
eplc