Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ədliyyə orqanlarında yad edilib

Dekabrın 12-də Ədliyyə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərə sonsuz ehtiramlarını bildiriblər. Həmçinin Akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb.

Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar ədliyyə orqanlarında xüsusi karantin rejiminə əməl olunmaqla tədbirlər keçirilib, əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül səbəti qoyulub, əziz xatirəsi yad olunub.

Ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edib, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində mühüm xidmətlərindən danışaraq, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində 30 ildir Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb.

Dövlət başçısının və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dekabrın 10-da keçirilmiş Zəfər Paradının ölkəmizin hərbi, iqtisadi qüdrətini, ordumuzun gücünü və xalqımızın qələbə əzmini, eyni zamanda böyük lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı ilə daim inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdiyini, Ulu Öndərin uca ruhunun şad olduğunu qeyd edib.

Tədbirdə azad olmuş torpaqlarımızda ölkə Prezidentinin rəhbərliyi ilə quruculuq işlərinə başlanıldığı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və Ulu Öndərin ideyalarını layiqincə yaşadan Heydər Əliyev Fondu tərəfindən dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihə həyata keçirildiyi bildirilib, torpaqlarımızın dirçələcəyinə və yenidən orada həyatın tezliklə qaynayacağına əminlik ifadə olunub.

Dahi liderin yüksək dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçiləri bu şərəfli yolda ölkə başçısının ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri böyük əzm və məsuliyyətlə yerinə yetirəcəklərini söyləyiblər.

Anım günü ilə bağlı nazirliyin Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub, filmlər, eləcə də foto və video slaydlar nümayiş etdirilib. Bu ərəfədə nazirliyin əməkdaşları tərəfindən müalicə alan hərbçilərimizə baş çəkilərək sovqatlar təqdim olunub, habelə yaralıların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianələr edilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı


edliyye2020az
iacca
help_az
iap
eplc