İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilmişdir

Ədliyyə sisteminin müasirləşdirilməsi çərçivəsində şəffaflığın artırılmasına böyük önəm verilərək, penitensiar sistemdə səmərəli ictimai nəzarət mexanizmi olan İctimai Komitə 5 ildən artıqdır ki, fəaliyyət göstərir.

Bu müddət ərzində Komitə tərəfindən penitensiar müəssisələrə 280 başçəkmə həyata keçirilmiş, 800-ə yaxın məhkuma müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərilmiş, onların hüquqlarının etibarlı qorunmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına, islah edilməsinə, ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaxtlarının səmərəli təşkilinə və digər məsələlərə xüsusi diqqət yetirilmişdir.

Komitənin bir illik fəaliyyət müddəti başa çatdığından nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən və din xadimlərindən ibarət Seçki Komissiyası tərəfindən onun tərkibi yenidən formalaşdırılmışdır.

Bu günlərdə Komitənin yeni tərkibdə ilk iclası keçirilmiş, son bir illik fəaliyyət dövründə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuş, hüquq müdafiəçisi Çingiz Qənizadə qurumun koordinatoru seçilmişdir.

Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlardan danışmış, əldə olunmuş nailiyyətlərin nüfuzlu Avropa strukturları tərəfindən örnək kimi qiymətləndirildiyini vurğulamışdır. Həmçinin, penitensiar sistemin müasirləşdirilməsi, o cümlədən yeni infrastrukturun yaradılması, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının genişləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti nümayəndələri ilə fəal əməkdaşlığın əhəmiyyəti qeyd edilmişdir.

İclasda Komitə üzvləri penitensiar sistemdə əsaslı müsbət dəyişiklikləri vurğulamış, bu sahədə ictimai nəzarət mexanizminin artıq Avropada müsbət model kimi dəyərləndirilməsini bildirmiş, işin səmərəliliyinin artırılmasına dair konkret təkliflər irəli sürmüşlər.

Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim etmiş və uğurlu fəaliyyət arzulamışdır.

iacca
help_az
iap
eplc