Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi

Avropa Şurası ölkəmizdə aparılan hüquqi islahatları təqdir edir

  • 31.08.2017

Avqustun 31-də ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının (AŞ) Bakı Ofisinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Draqana Filipoviç ilə görüşüb.

AŞ ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatlarının Avropada təqdir olunan müsbət nəticələrini vurğulayıb, həyata keçirilən tədbirlərdə AŞ-nın dəstəyini və Bakı Ofisi ilə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edərək, xanım D.Filipoviçə uğurlar arzulayıb.

D.Filipoviç fəaliyyəti dövründə ölkəmizin, o cümlədən paytaxt Bakının inkişafının şahidi olduğunu, Azərbaycandakı multikulturalizm və tolerantlıq modelinin bir çox dövlətlər üçün nümunə olduğunu vurğulayıb, ölkəmizlə ədliyyə sahəsində əməkdaşlığı, məhkəmə-hüquq islahatlarının real uğurlu nəticələrini  təqdir edib, Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planının icrasında Ədliyyə Nazirliyinin mühüm rolunu və töhfəsini qeyd edib.

AŞ-nın ölkəmizdə həyata keçirilən hüquqi islahatlara bundan sonra da dəstək göstərməyə hazır olduğunu söyləyən qonaq Bakı Ofisi ilə nazirlik arasındakı səmərəli işgüzar münasibətləri, ədliyyə işçilərinin peşəkar fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.