Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi

Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər

  • 12.12.2017

Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolu olan ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə nüfuzunun artmasında misilsiz xidmətləri hər zaman qədirbilən xalqımız tərəfindən dərin minnətdarlıqla qeyd olunur, əziz və işıqlı xatirəsi sonsuz məhəbbət hissi ilə yad edilir.

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda Ulu Öndərin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbərə əbədi ehtiramlarını bildiriblər.

Sonra əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nazirliyin rəhbərliyinin və kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin iştirakı ilə anım mərasimi keçirilib.

Tədbirdə Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən ətraflı bəhs olunub, dahi öndərin memarı olduğu müstəqil Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafı, respublikamızın bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində əldə etdiyi nailiyyətlər vurğulanıb.

Sonra Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib, doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən ulu öndər Heydər Əliyev haqqında xoş xatirələr bölüşülərək, dahi rəhbərin çətin tarixi şəraitdə xilaskarlıq missiyasından, ölkədə dövlət çevrilişlərinin, mütəşəkkil cinayətkarlığın qarşısının alınmasında fədakar xidmətlərindən bəhs olunub, Ümummilli Liderin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd edilib.

Çıxış edən gənclər dahi liderin müəyyən etdiyi dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Anım günü ilə bağlı ədliyyə qurumlarında tədbirlər keçirilib, nazirliyin Heydər Əliyev muzeyində Ümummilli Liderin zəngin həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanış olunub, elektron məlumat lövhəsində foto-slaydlar və kinozalda filmlər nümayiş etdirilib, ehsan süfrəsi təşkil edilib.