Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib

  • 25.12.2017

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

İclasda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə nail olunduğu vurğulanıb. Ədliyyə işçiləri dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin qüdrətlənməsi və xalqımızın firavan gələcəyi naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıblar.

Kollegiyada nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.

Qeyd edilib ki, ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi üzrə mühüm işlər görülüb, nazirliyin elektron xidmətlərindən istifadənin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 4,5 milyonu ötüb.

Dövlət başçısının Sərəncamı ilə təsbit edilmiş "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə Dünya Bankı ilə birgə əsaslı işlər görülür, o cümlədən ölkə məhkəmələri üzrə tətbiqi dairəsi genişləndirilir. Paytaxtda və bölgələrdə yeni inşa olunmuş, o cümlədən cari ildə ölkə Prezidentinin açılışını etdiyi Bakı şəhəri Nərimanov, habelə İmişli və Qəbələ rayonlarının müasir məhkəmə binalarında bu sistemin tətbiqi ilə bağlı bütün zəruri infrastruktur quraşdırılıb.

İclasda bu sahədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən təqdir olunduğu qeyd edilərək, ölkəmizin məhkəmə sistemindəki nailiyyətlərinin Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatına layiq görüldüyü, həmçinin Dünya Bankı tərəfindən bu sahədə innovasiyalara görə nominasiyaların qalibi elan edildiyi vurğulanıb.

Eyni zamanda, "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Elektron icra"nın məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılmasına xidmət etdiyi və cari ilin əvvəlindən bir çox icra qurumlarında pilot qaydada tətbiq edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, ədliyyə orqanlarında kadr işinin təkmilləşdirilməsi, “ASAN xidmət"in fəaliyyət prinsiplərinin və şəffaflıq standartlarının tətbiqi təcrübəsinin genişləndirilməsi, könüllülər institutunun təşviqi üzrə görülən tədbirlər qeyd olunub, ötən dövrdə 100 nəfərdən çox gəncin ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb olunduğu, artıq bir çox könüllülərin işlə təmin edildiyi bildirilib.

Həmçinin, vətəndaş cəmiyyəti institutları ilə, habelə beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi üzrə məqsədyönlü tədbirlər qeyd edilib, cari ildə bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin ölkəmizə səfərlərinin və imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına töhfə verdiyi vurğulanıb.

Kollegiyada hüquqi islahatlarda yeni mərhələ olan dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə bağlı görülmüş qanunvericilik və institusional islahatlar barədə məlumat verilib.

Bildirilib ki, cəzaların humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, cəmiyyətdən təcridetməyə alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, elektron nəzarət vasitələrindən istifadə ilə bağlı yeni mühüm qanunlar qəbul olunub, probasiya nəzarəti təsbit edilib.

İclasda qanunvericilikdəki dəyişikliklərin tələblərinə dönmədən riayət edilməklə dürüst və vaxtında icrasının təmin olunması, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı və digər konkret tapşırıqlar verilib. Həmçinin Probasiya xidmətinin Əsasnaməsi təsdiq edilib, xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə dair ayrıca geniş müşavirənin keçirilməsi qərara alınıb.

Kollegiyada görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, növbəti ildə  prioritet istiqamətlər üzrə, o cümlədən Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı görüləsi tədbirlər müəyyən olunub, cəza siyasətinin humanistləşdirilməsi, penitensiar, məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat, ekspertiza sahələrində fəaliyyətin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərə dair və digər konkret tapşırıqlar verilib.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələri müzakirə edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.