Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi

Dövlət gənclər siyasəti ədliyyə orqanlarında uğurla həyata keçirilir

  • 02.02.2018

Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə bəxş etdiyi 2 fevral - Gənclər Günü ədliyyə orqanlarında geniş qeyd olunub.

Bu münasibətlə nazirliyin aparatında və struktur qurumlarında silsilə tədbirlər təşkil edilib, o cümlədən gənc əməkdaşlarla və könüllülərlə yığıncaqlar keçirilib, muzeylərlə tanış olunub, Gənclər Gününə həsr olunmuş foto-slaydlar nümayiş etdirilib.

Tədbirlərdə təməli Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etməsindən, dövlətçiliyə sadiq, sağlam düşüncəli, müasir Azərbaycan gəncliyinin formalaşmasından və onların ictimai həyatın bütün sahələrində fəal iştirakından bəhs olunub.

Bildirilib ki, dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, işlə təminatı daim diqqətdə saxlanılaraq son illər 2.500-ə yaxın gənc şəffaf seçimlər əsasında ədliyyə orqanlarına qulluğa qəbul olunub, onlarla hazırlıqlı mütəxəssis vəzifədə irəli çəkilib, nazirliyin aparatına təyinatlar alıblar. Hazırda növbəti açıq müsabiqədən uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlim keçirlər.

Bu gün ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilərək, son bir ildə 250-dək gənc ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb olunub.

Ölkə başçısının penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq xidmətin kadr korpusunun möhkəmləndirilməsi üzrə tədbirlər görülür, bu ərəfədə 40-dək gənc icbari təlimdən müvəffəqiyyətlə keçərək penitensiar xidmətə təyinat alıb, onlara ilk xüsusi rütbələr verilib, daha 75 nəfər isə hazırda Ədliyyə Akademiyasında icbari təlim keçirlər.

Əlamətdar gün münasibətilə ədliyyə naziri Fikrət Məmmədov təyinat alan yeni əməkdaşlarla görüş keçirib.

Dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edən nazir ölkə başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı, habelə penitensiar xidmətdə qulluq keçmənin xüsusiyyətləri barədə məlumat verib, gənclərin işlərində məsuliyyətli olmasını, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunmasını, korrupsiya və digər neqativ halların yolverilməzliyini vurğulayıb, gənclərə xidməti vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyə və tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb.

Gənclər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarını qeyd edərək ölkəmizin tərəqqisinin və əmin-amanlığının təmin olunması, hüquqi dövlətin inkişafı naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və uca tutacaqlarına söz veriblər.