Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ölkə Prezidentinin tapşırıqları təxirəsalınmadan icra edilir

Fevralın 15-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin geniş Kollegiya iclasında dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə olunub.

Tədbirdə çıxış edən nazir ölkədə aparılan hüquq islahatları çərçivəsində ədliyyə, xüsusilə penitensiar sistemin inkişafı, cəza-icra mexanizmlərinin təkmilləşdirilməsi sahəsində strateji prioritetləri müəyyən edən proqram xarakterli Sərəncamın müstəsna əhəmiyyətini qeyd edib, bu mühüm sənədin dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını daim bəyan edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin humanist siyasətinin, insan hüquqlarının daha etibarlı təmin olunmasına qayğılı münasibətinin təzahürü olduğunu vurğulayıb.

Qeyd olunub ki, dövlətimiz cəmiyyətin həssas qruplarına daxil olan məhkumların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması, onların azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər görür. Təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsi üçün paytaxtımızda və respublikanın müxtəlif regionlarında yeni penitensiar komplekslər inşa olunaraq istifadəyə verilir. Həmçinin, bu sahədə şəffaflığa xüsusi önəm verilərək səmərəli ictimai iştirakçılıq, o cümlədən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasında geniş tətbiq olunur.

Həmçinin bildirilib ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi ümumiləşdirilib və əhatəli qərar qəbul edilib, məhkəmələrə bu məsələyə həssaslıqla yanaşılması, bu zaman İnsan hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinin nəzərə alınması, cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müstəsna hallarda həbsin yalnız digər alternativ tədbirlər mümkün olmadığı halda tətbiqi tövsiyə edilib.

Lakin həyata keçirilən tədbirlərə baxmayaraq bu sahələrdə çatışmazlıqlar və həllini gözləyən problemlər qalmaqdadır. Belə ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, həmçinin cəzanı icra edən orqan və müəssisələrdə müasir İKT-lərin imkanlarından kifayət qədər istifadə edilmir. Eyni zamanda, həbsin müstəsna qətimkan tədbiri olmasına baxmayaraq ibtidai istintaq və məhkəmə icraatı zamanı onun seçilməsinə üstünlük verilir, alternativ qətimkan tədbirlərinə lazımi diqqət yetirilmir.

Dövlət başçısının Sərəncamı bu sahədə fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində qurulmasına, səmərəli idarəetmənin təşkilinə, mövcud nöqsanların aradan qaldırılmasına, korrupsiyanı istisna edən şəraitin təmin edilməsinə, müasir İKT-lərin imkanlarından geniş istifadə olunmasına xidmət etməklə kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Bununla bağlı Ədliyyə Nazirliyinə və digər aidiyyəti qurumlara çoxsaylı tapşırıqlar və tövsiyələr verilib.

İclasda Sərəncamın icrasının təşkili üzrə görülən işlərə toxunulub, bu məqsədlə geniş işçi qrupu yaradılıb, verilən tapşırıqların vaxtında, mütəşəkkil və dürüst icrası ilə bağlı konkret tədbirlər müəyyən edilib.

Eyni zamanda, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, o cümlədən məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanunvericiliyə uyğun çəkilməsi və məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması, bu sahədə korrupsiyaya şərait yaradan və digər neqativ halların, habelə ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi, cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması, penitensiar xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Qeyd olunub ki, bu sahədə tədbirlərin icrası barədə hər altı aydan bir ölkə Prezidentinə məlumat verilməlidir.

İclasda dövlət başçısının tapşırığına uyğun olaraq cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların səmərəliliyinin artırılması üzrə aidiyyəti göstərişlər verilib.

Həmçinin Sərəncama əsasən müvafiq cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə nazirliyin Probasiya xidmətinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.

Ölkəmizdə bu yeni institutun təşviqi ilə bağlı Avropa İttifaqı ilə layihə həyata keçirildiyi, nazirlik tərəfindən beynəlxalq təcrübənin öyrənildiyi, o cümlədən elektron nəzarət vasitələrinin, xüsusilə "elektron qolbaq"ın ölkəmizdə tətbiqi imkanları ilə bağlı təkliflərin hazırlandığı qeyd edilib və kollegiyada "elektron qolbaq"ların funksionallığına, tətbiqi qaydalarına dair təqdimat keçirilərək həmin avadanlığın nümunələri nümayiş etdirilib.

Eyni zamanda, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, "Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sisteminin təşkili, mediasiya institutunun tətbiqi və digər qarşıda duran vəzifələrə dair konkret tədbirlər müəyyən edilib.

İclasda azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsinin çəkilməsi üçün ölkəmizə qəbul edilməsi işinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunub, müvafiq icraat qaydalarına, habelə digər normativ sənədlərə baxılaraq təsdiq edilib. Həmçinin, bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.

 

15/02/2017


























Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |