Ədliyyə orqanlarına qulluğa qəbul barədə:
Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının ədliyyə orqanlarında qulluq etmək hüququ vardır.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər.
Qulluğa qəbulun mərhələləri:
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinə uyğun olaraq ədliyyə orqanlarına qulluğa qəbul müsabiqə və müsahibə əsasında həyata keçirilir.
Müsabiqə ixtisas (test) imtahanı və söhbət mərhələlərindən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq müsabiqəyə yalnız ali hüquq təhsilli şəxslər buraxılırlar.
Müsabiqənin birinci mərhələsində – test imtahanında iştirak etmək üçün "Müraciət et" bölməsinə daxil olaraq müvafiq ərizə ilə müraciət etmək kifayətdir.
Test imtahanından uğur qazanmış namizədlərin kadr sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılır və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılırlar.
Müsahibə yolu ilə qulluğa qəbul edilən şəxslərin dairəsi "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə" ilə müəyyən olunub.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən namizədin yaddaş kitabçasını linkə keçid edərək əldə etmək mümkündür.