Kimlər notarius olmaq üçün müsabiqədə iştirak edə bilər?
Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan Respublikasının vətəndaşı notarius ola bilər.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunan, əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxs notarius ola bilməz.
Müsabiqə hansı mərhələlərdən ibarətdir?
Müsabiqə test imtahanı, müsahibə və icbari təlim mərhələlərindən ibarətdir. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə verilir.
Müsabiqədə iştirak etmək üçün hansı sənədlər tələb olunur?
- şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi-hal;
- ali hüquq təhsili haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq edilmiş surəti (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmaqla);
- hərbi biletin və ya onu əvəz edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsindənhəqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə müvafiq təsdiqedici sənəd;
- əmək fəaliyyəti ilə məşğul olduqda əmək kitabçasının təsdiq edilmiş surəti (notariat qaydasında və ya kadrlar xidməti tərəfindən);
- xidməti xasiyyətnamə (işləyənlər üçün);
- fiziki və əqli cəhətdən sağlam olması haqqında Nazirliyin tibb xidmətinin arayışı;
- 4x6 sm ölçüdə 2 ədəd və 3x4 sm ölçüdə 2 ədəd rəngli (ağ fonda) fotoşəkil.
İxtisas komissiyası nədir?
Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və xüsusi notariusun köməkçisi olmaq istəyən şəxsin bilik səviyyəsinin imtahan və müsahibə vasitəsi ilə yoxlanılması, notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi, şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı məsələlərin həll edilməsi üçün Nazirlik tərəfindən 7 nəfərdən ibarət tərkibdə ixtisas komissiyası yaradılır.
Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq və xüsusi notariusun köməkçisi təyin olunmaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası ilə linkə keçid edərək tanış olmaq mümkündür.