16-03-2023 | 17:20 685
Cəmiyyətimizin həssas təbəqəsi olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün ötən il martında Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələr istifadəyə verilib. Dövlətimizin başçısı cənab İlham Əliyev insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verərək həmin müəssisələrə baş çəkib və yaradılan müasir şəraitlə yerində tanış olub.
Görülən tədbirlər məhkumların səmərəli islahına və cəmiyyətə reinteqrasiyasına xidmət etməklə Ədliyyə Nazirliyi tərəfindən bu sahədə ardıcıl işlər görülür, aidiyyəti qurumların və vətəndaş cəmiyyəti institutları ilə birgə kütləvi-mədəni və maarifləndirici tədbirlər təşkil olunur.
Xalqımızın sevimli bayramlarından olan Novruz bayramı ərəfəsində Ədliyyə Nazirliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumlar üçün “Novruz çələngi” xeyriyyə konserti keçirilib.
Tədbirdə təşkilatçı qurumların məsul rəhbər şəxsləri, Ombudsman Aparatının, Sosial Xidmətlər Agentliyinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təmsilçiləri, vəkillər, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media mənsubları iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd cəmiyyətin diqqətini qadın hüquqlarına yönəldilməsi və qadın məhkumların bacarıqlarını nümayiş etdirməklə onların sosial adaptasiyasına şərait yaratmaqdır.
Müəssisədə əvvəlcə Novruz şənliyi təşkil olunub, bayramın əsas personajları olan Kosa və Keçəl iştirakçıları milli mahnı sədaları ilə qarşılayıb, yumurta döyüşdürüblər.
Sonra müəssisənin özfəaliyyət dərnəyinin iştirakı ilə keçirilən konsertdə qadın məhkumların ifasında mahnılar dinlənilib, milli geyimdə rəqslər edilib.
Xeyriyyə konserti çərçivəsində məhkumların öz bacarıq və istedadlarını nümayiş etdirmələri üçün onların əl işlərindən ibarət satış sərgisi təşkil olunub.
Bilet və əl işləri satışlarından əldə edilən gəlirlər məhkumların həvəsləndirilməsinə, onların istəklərinə uyğun lazımi məhsullarla təmin olunmasına ayrılıb. Həmçinin qadın məhkumlara hədiyyələr təqdim olunub.
Konsert proqramı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və qadın məhkumlara yaradılan hər cür şəraiti, onların səmərəli islah olunaraq cəmiyyətə reinteqrasiyası üzrə tədbirləri yüksək qiymətləndiriblər.