IMAGE

Dövlət Məşğulluq Agentliyi ilə Probasiya xidməti arasında əməkdaşlıq sənədi imzalanıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədin imzalanması tədbirində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Agentliyin fəaliyyəti, sosial cəhətdən həssas qruplardan olan şəxslərin məşğulluğuna dəstək tədbirləri barədə məlumat verib. 

Probasiya nəzarətində olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün də məqsədli proqramların, kvota iş yerlərinin, birgə maliyyələşmə proqramı və əmək yarmarkalarının təşkili kimi dəstək mexanizmlərinin mövcud olduğu bildirilib. 

Probasiya xidmətinin rəisi Vüqar Ağayev probasiya nəzarətində olan şəxslərin məşğulluq imkanlarına yiyələnmələri üçün görüləcək birgə işlərin əhəmiyyətini qeyd edib. Bu sahədə birgə tədbirlərin həmin şəxslərin əmək bazarına çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayacağını bildirib.

Sonra Sadiq Əliyev və Vüqar Ağayev Əməkdaşlıq sənədini imzalayıblar. Memoranduma əsasən, agentliklə xidmət arasında birgə fəaliyyət və layihələr vasitəsilə probasiya nəzarətində olan şəxslərin respublika və ərazi məşğulluq proqramlarına cəlb olunması və onların məşğulluğunun təmin edilməsi üçün tədbirlər həyata keçiriləcək. 

Eyni zamanda, qeyd olunan şəxslərin peşə hazırlığına, özünüməşğulluq proqramına, əmək yarmarkalarına cəlb olunması və s. sahələrdə birgə tədbirlərin görülməsi nəzərdə tutulur. Memorandumdan irəli gələn vəzifələrin icrası məqsədilə Tədbirlər Planı hazırlanacaq və iki qurumun əməkdaşlarından ibarət İşçi qrupu yaradılacaq.


iacca
iap
business ready
eplc
Ən Tez