Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Tibb baş idarəsinə işə qəbul

Tibb baş idarəsinə qulluğa qəbul barədə:

Tibb baş idarəsinə qulluğa qəbul Ədliyyə Nazirliyi Kollegiyasının 12.08.2011-ci il tarixli 1-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na (bundan sonra Qaydalar) uyğun olaraq müsahibə əsasında həyata keçirilir.

Tibb baş idarəsində müvafiq vakant ştat vahidləri olduqda qulluğa qəbul ilə əlaqədar mediada və nazirliyin rəsmi veb-saytında elan verilir.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən şəxslər müsahibədə iştirak etmək üçün Qaydalarda göstərilmiş siyahı üzrə sənədlərini təqdim edirlər.

Tibb baş idarəsinə qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri təqdim olunduqdan sonra namizədlərin ədliyyə orqanlarına qulluğa qəbul edilməsinin mümkün olub-olmaması müəyyən edilmiş qaydada yoxlanılır. Həmçinin bu mərhələdə vətəndaşların qulluğa yararlı olub-olmaması Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin hərbi-həkim komissiyası tərəfindən müəyyən edilərək bu barədə rəy verilir. 

Qanunvericiliklə ədliyyə orqanlarında işləməklərinə mane olan hallar aşkar edilməyən namizədlərlə müsahibə keçirilir.

Müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi ədliyyə naziri tərəfindən yaradılmış Tibb baş idarəsinə qulluğa qəbul üzrə Müsahibə Komissiyası tərəfindən həyata keçirilir. 

Müsahibədən keçmiş namizədlərin Tibb baş idarəsinin təqdimatı əsasında müvafiq vakant vəzifələrə təyin olunması məsələsinə baxılır (tibbi xidmətin cəzaçəkmə müəssisələrində məhkum kontingentinə göstərilməsi nəzərə alınaraq, təcrübəyə əsasən namizədlər ilk olaraq 3 ay sınaq müddəti ilə vəzifəyə təyin edilirlər, təyinatı nəzərdə tutulan iş yeri və vəzifə təlimatları ilə tanış edilirlər).

Tibb baş idarəsinin təqdimatına əsasən sınaq müddətini müvəffəqiyyətlə bitirmiş işçilərin daimi qulluğa qəbul edilməsi məsələsinə baxılır və onlara kiçik rəis heyəti vəzifələri üçün nəzərdə tutulmuş xüsusi rütbələr verilir.

Orta və böyük rəis heyəti vəzifələrinə təyinatı nəzərdə tutulan namizədlər Ədliyyə Akademiyasında hüquqi biliklərə yiyələnmələri məqsədilə icbari təlimə cəlb edilirlər. Bu təlimi və sınaq müddətini müvəffəqiyyətlə bitirmiş işçilər ədliyyə orqanlarına daimi qulluğa qəbul edilirlər və onlara orta və böyük rəis heyəti vəzifələri üçün nəzərdə tutulmuş xüsusi rütbələr verilir.