Noyabrın 4-də ədliyyə nazirinin müavini Toğrul Hüseynov Özbəkistan Respublikasının ədliyyə nazirinin müavini Numon Muhammadiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu, iki ölkə arasında imzalanmış mühüm sənədlərin və həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişafına geniş imkanlar yaratdığı qeyd edilib.
Söhbət zamanı iki ölkənin ədliyyə nazirlikləri arasında notariat, qanunvericilik, beynəlxalq hüquqi əməkdaşlıq, məhkəmə ekspertizası və Ədliyyə Akademiyaları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ədliyyə sahəsində imzalanmış əməkdaşlıq proqramları və sənədlərin icrası çərçivəsində həyata keçirilən tədbirlər, qarşılıqlı səfərlər, onlayn görüşlər və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində ədliyyə sahəsində həyata keçirilən birgə təşəbbüslər və əməkdaşlıq platformalarının fəaliyyəti qeyd olunub.
Tərəflər ədliyyə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.