Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli sosial bəla olan korrupsiyaya qarşı qəti mübarizə aparılır, bu sahədə ən sərt tədbirlər görülür.
Dövlət başçısının qanunun tələblərinə dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə göstərişləri ilə bağlı Ədliyyə Nazirliyin bələdiyələrin fəaliyyətinə məsul qurumunun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilərək tapşırıq və tövsiyələr verilib.
Bununla əlaqədar Bələdiyyələrlə iş mərkəzinin kollektivi ilə video-əlaqə vasitəsilə müşavirə keçirilib.
Tədbirdə Mərkəzin əməkdaşları nazirliyin rəhbərliyinin əməliyyat müşavirəsində verdiyi tapşırıqlar diqqətə çatdırılıb, bələdiyyələrin fəaliyyətinin dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun təkmilləşdirilməsinin, yerli özünüidarəetmə sahəsində mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi vurğulanıb.
Həmçinin bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması məqsədilə həyata keçirilən inzibati nəzarətin və bələdiyyələrlə aparılan metodiki işin səmərəliliyinin artırılması qeyd olunaraq bu sahəyə diqqətin artırılması və qanunçuluğa ciddi əməl olunması tapşırılıb.
“Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım haqqında” Təlimata uyğun olaraq yerli vergi və ödənişlərin uçotunun təkmilləşdirilməsi, pul tələblərinə dair inzibati aktların qəbul edilərək məcburi icraya yönəldilməsi sahəsində pilot bələdiyyələrin müsbət iş təcrübəsinin digər bələdiyyələrə aşılanmasının əhəmiyyəti qeyd olunaraq bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi bildirilib.
Müşavirədə bələdiyyələrlə iş portalının funksionallığının artırılması məqsədilə işlərin sürətləndirilməsi, "Bələdiyyələr barədə məlumatın əldə edilməsi" elektron xidmətin təkmilləşdirilməsi ilə bağlı zəruri göstərişlər verilib.