Oktyabrın 19-da Ədliyyə Nazirliyinin Probasiya xidməti və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə SDU-da “Probasiya nəzarətində olan şəxslərin sosial adaptasiya və reabilitasiyası: multidissiplinar əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Probasiya xidmətinin rəisi Vüqar Ağayev, SDU-nun rektoru Nurəli Yusifbəyli, Sosial Xidmətlər Agentliyinin və Dövlət Məşğulluq Agentliyinin rəhbər şəxsləri, aidiyyəti yerli qurumların nümayəndələri, professor-müəllim heyəti, tələbələr, sosial işçilər və psixoloqlar iştirak ediblər.
İki qurum arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində keçirilən tədbirin məqsədi probasiya sahəsində sosial adaptasiya və reabilitasiya üzrə multidissiplinar fəaliyyətin təşviqi, elmi-praktiki əməkdaşlığın genişləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müzakirəsi olub.
Tədbirdə probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyası, bu prosesində könüllülərin iştirakı, tələbələrin probasiya sahəsində bilik və bacarıqlarının inkişafı, təcrübə və elmi tədqiqat imkanları, gələcək əməkdaşlıq perspektivləri, eləcə də müasir yanaşmaların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Probasiya xidmətinin psixoloqları probasiya nəzarətində olan şəxslərlə aparılan sosial-psixoloji reabilitasiya işləri, zərərçəkmişlə məhkum arasında mediasiya (bərbaedici ədliyyə) üzrə görülən tədbirlər barədə təqdimatla çıxış ediblər, universitetin professor-müəllim heyətinin mövzu ilə bağlı çıxışları dinlənilib.